Əmək pensiyasında staj məhdudiyyəti qaldırıla bilər

Nazim Bəydəmirli: ”Pensiyaların birbaşa büdcədən verilməsi məqsədəuyğun olardı”

Source:


Nazim Bəydəmirli: ”Pensiyaların birbaşa büdcədən verilməsi məqsədəuyğun olardı”

“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”, – əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözləridir.

“Report” yazır ki, nazir bu sözləri yanvarın 24-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür:

“Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış olmayacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.

Məsələni Meydan TV-yə şərh edən sabiq deputat Nazim Bəydəmirli deyir ki, Azərbaycanda muzdla rəsmi işləyənlərin sayı 1,5 milyondan bir qədər artıqdır. Ancaq Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata düşənlər 2 milyon 300 min nəfərdir:

“Azərbaycanda əhalinin təqribən yarısı, 5 milyonu işqabiliyyətli insanlardır. Bu, o deməkdir ki, 2 milyon 500 mindən artıq vətəndaş haradasa çalışır, ancaq rəsmi iş yeri yoxdur. Məsələn, kənd yerlərində yaşayır, təsərrüfatla məşğuldur. Onlar pay torpaqlarına görə sosial siğorta ödəyicisidirlər. Buna görə hesab edirəm ki, 12 illik məcburiyyətin götürülməsi əhalinin sosial durumunu yaxşılaşdıracaq”.

Nazim Bəydəmirli deyir ki, hökumət kölgə iqtisadiyyatını aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır. Çünki hökumət açıqladığı rəqəmlərlə rəsmi işsizliyin səviyyəsinin aşağı olduğunu bəyan edir. Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata düşənlərlə həmin açıqlamanı müqayisə etdikdə hökumətin dediyi 5 faiz real görünmür:

Nazim Bəydəmirli foto Meydan TV

“Əhalinin sosial müdafiəsini gücləndirmək üçün məhdudiyyətlər götürülməlidir. 12 illik staj adı altında müxtəlif insanlar kağız üzərində olan şirkətlərlə bu və digər formada əmək kitabçası düzəldə bilirdilər. Bu da qanun pozuntusu idi. Azərbaycan Respublikası Konstitusiyasına görə, sosial dövlət olduğumuzdan hər bir şəxsə pensiya təminatı verilməlidir. Bu vacibdir, ancaq bir məsələ var. Dövlət Sosial Müdafiə Fondu özü-özünü maliyyələşdirən qurum olduğundan uzun illərdir dövlət büdcəsindən dotasiya alır. Əslində, bu qurum ləğv edilməlidir”.

Nazim Bəydəmirli deyir ki, Gürcüstan modelinə keçərək pensiyaların birbaşa büdcədən verilməsi məqsədəuyğun olardı:

“Dövlət Sosial Müdafiə Fondunun rayonlardakı binalarını, işçilərini və s. saxlamaq dövlət büdcəsinə yükdür. Düşünürəm ki, fond ləğv edilməli, onun funksiyaları Maliyyə Nazirliyinə veriməlidir. Həm fondun, həm də 12 illik staj məhdudiyyətinin ləğv edilməsi bu istiqamətdə atılan yaxşı addım ola bilər”.

Ana səhifəXəbərlərƏmək pensiyasında staj məhdudiyyəti qaldırıla bilər