Əmək pensiyaçılarına maddi yardım veriləcək

Report

İqtisadçı: “Bu cür aldadıcı addımlar atmaqla pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırmasına nail olmaq mümkün deyil”

Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Məqsəd əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin post-müharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaqdır.

Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq. Yanvar ayı üçün olan artım fevral pensiyası ilə birgə veriləcək.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.

Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı press-relizdə bildirilir ki, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək.

300 manatadək pensiya alan şəxslərdə bu artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.

“Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.

Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək”, – nazirliyin məlumatında deyilir.

Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.

Nazirliyin məlumatında qeyd olunur ki, sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

“Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq”, – nazirliyin məlumatında deyilir.

Nemət Əliyev
Foto: Meydan Tv

İqtisadçı Nemət Əliyev Meydan TV-yə açıqlamasında deyir ki, Azərbaycan hökumətinin pensiya siyasəti yanlışdır. O hesab edir ki, bahalaşma fonunda minimum pensiya məbləğlərinin artırılması, yaxud da, ümumi əmək pensiyalarının indeksləşdirilməsi istiqamətində atılan addımlar yetərli deyil:

“Azərbaycanda qiymətlər hədsiz dərəcədə yüksəlib. Təxmini hesablamalarımıza görə, 30-40 faiz bahalaşma yaşanıb. Bundan sonra da qiymət artımı davam edəcək. İki yüz on bir min nəfər pensiya təminat sistemindən uzaqlaşdırılıb. Bəs onların aqibəti necə olacaq? Uzaqlaşdırılmalar bu il ərzində də davam etdiriləcək. 2017-ci ilin iyul ayının 1-nə olan vəziyyətə görə, ölkədə 1 milyon 328 min nəfər pensiyaçı vardı. İndi onların sayı 1 milyon 200 min nəfərə düşüb. Bu ilin sonuna qədər də onun anonsu edilib ki, 1 milyon 185 minə qədər azaldılacaq. Yəni kəsib-doğrama prosesi bu ilin sonuna kimi davam edəcək. Bu cür aldadıcı addımlar atmaqla pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırmasına nail olmaq mümkün deyil”.

Ana səhifəSosialƏmək pensiyaçılarına maddi yardım veriləcək