Əmək müfəttişliyinin topladığı pullar nazirə çatırdı?

Əmək müfəttişliyi. Mənbə: Əmək müfəttişliyi xidməti

“Bütün tenderlər formal keçirilib”

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ev dustaqlığında olsa da, onun məhkəməsi davam edir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Dekabrın 12-də hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında Bəxtiyar İsgəndərov ifadə verib. O, nazirliyin tikilməkdə olan obyektlər idarəsində rəis müavini olub.

Hakim Faiq Qəniyev şahidin nəzərinə çatdırıb ki, 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən 20 milyon manat ayrılıb. Bəs bu pulların müqabilində hansı işlər görülüb?

2013-2016-cı illərdə Tikilməkdə olan obyektlər idarəsini rəis müavini, 2016-cı ildə isə nazirlikdə Tender Komissiyasının üzvü olduğunu deyən Bəxtiyar İsgəndərovun sözlərinə görə, sosial evlərin tikintisi üçün tenderlər elan edilirdi. Amma bu tenderlər sadəcə, sənəd üzərində idi. Çünki nəticələr əvvəldən bəlli olurdu. Tenderlərdə qərar verməli olan şəxslərin vəzifəsi isə işdə olan sənədlərə imza atmaqdan ibarət imiş.

Bəxtiyar İsgəndərov əlavə edib ki, dövlət büdcəsindən ayrılan vəsait sosial evlərin tikintisinə xərclənib. Lakin o, hansı qaydada, nə qədər xərclənməsindən xəbərsiz olduğunu deyir.

Hakim onun nəzərinə çatdırıb ki, istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyətlər var. Onun istintaqa verdiyi ifadəsi elan olunub.

Bəxtiyar İsgəndərov həmin ifadəsində göstərib ki, dövlətin ehtiyat fondundan sosial evlərin tikintisinə 20 milyon manat ayrılıb və evlərin tikintisi üçün tenderlər elan olunub: “Bütün tenderlər formal keçirilib. Bütün bu işləri Səlim Müslümovun tapşırığı ilə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizov icra edib. Tenderlərin nəticəsi əvvəldən bəlli idi. Tender iştirakçıları yalnız sənədlərə imza ediblər”.

Bu ifadənin elanından sonra hakim ondan öz məsuliyyətini soruşub. Bəxtiyar İsgəndərov “bir səhvdir eləmişəm” cavabını verib.

Prokuror isə ona belə deyib: “Bu, səhv deyil, cinayətdir”.

Digər şahid Mahir Şükürov bildirib ki, Dövlət Əmlak Müfəttişliyinin Salyan, Şirvan, Neftçala, Hacıqabul rayonları daxil olmaqla, 11 saylı Dövlət Əmək Müfəttişliyinin rəisi olub, hazırda isə işsizdir.

Hakim onun nəzərinə çatdırıb ki, ittihamda Mahir Şükürovun 2014-cü ilin may-oktyabr ayları ərzində nazirliyin Dövlət Əmlak Müfəttişliyinin rəisi Fuad Əlizadəyə hər ay Emil Allahverdiyev vasitəsilə rüşvət çatdırdığı göstərilib. İddia olunur ki, hər ay çatdırılan rüşvətin məbləği 4000 manat olub.

Lakin Mahir Şükürov istintaqdakı bu ifadəni təsdiqləməyib. Deyib ki, o, heç kimə rüşvət çatdırmayıb.

“Bəs nə qismində vermisiniz?”, – hakim soruşub.

O, suala belə cavab verib: “İndi bir işdir, düşmüşük…”

Səlim Müslümov
Foto: Azərtac

Hazırda Dövlət Gömrük Komitəsində çalışan başqa bir şahid Vüqar Abdullayev də istintaqda Fuad Əlizadəyə pul çatdırdığını desə də, məhkəmədə həmin ifadədən imtina edib. O, hətta istintaqa ifadəsində bildirib ki, hər ay Emil Allahverdiyev vasitəsilə Fuad Əlizadəyə 25 min manat pul göndərirdi. Fuad Əlizadə də həmin pulu nazir Səlim Müslümova verirdi.

Vüqar Abdullayevdən soruşulub ki, hər ay 25 min manatı necə əldə edirdi? O bildirib ki, Dövlət Əmək Müfəttişliyi tərəfindən müəssisələrdə aparılan yoxlamalar zamanı nöqsanlar aşkarlanırdı. Həmin nöqsanlara görə ödənişlər olurdu.

Sabiq nazirin məhkəməsi dekabrın 19-da davam edəcək.

61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

20 milyon manatlıq mənimsəmə, israfetmə və rüşvətdə təqsirləndirilən Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu istintaq dövründə ödəyib. O, həmin ödənişdən sonra ev dustaqlığına buraxılıb. Lakin rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.

Ana səhifəSosialƏmək müfəttişliyinin topladığı pullar nazirə çatırdı?