Əmanətçilərə 726 milyon 643 min manatdan artıq kompensasiya verilib

Ləğv olunmuş və ləğvolma prosesində olan bankların əmanətçiləri kompensasiya alıb

Source:


Ləğv olunmuş və ləğvolma prosesində olan bankların əmanətçiləri kompensasiya alıb

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fondun məlumatına görə,

“Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 199 min, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 mln. 504 min, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 87 min manat kompensasiya ödənilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 280 min, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min, “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 436 mln. 258 min manat kompensasiya ödənişi baş tutub.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb. Bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 min kompensasiya ödənilib.

Bundan başqa, ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat kompensasiya verilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək bu bankın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq  kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən bu banklar üzrə 726 milyon 643 min manatdan artıq kompensasiya ödənilib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, Fond müflis banklar üzrə əmanətləri kompensasiya edir. Bir çox hallarda dollar əmanətlərini manatla qaytarıblar və əmanətçi məzənnə fərqində itkiyə məruz qalıb:

“Fond öz hesabına yox, Mərkəzi Bankdan aldığı kreditlər hesabına qaytarır əmanətləri. Bu kreditlər olmasa, Fond özü-özlüyündə artıq çoxdan müflisdir və istisna deyil ki, bir gün Mərkəzi Bank ona kredit verməyəcək və tam müflis olacaq”.

Bəs Fondun özünün 10 ildən çox banklardan topladığı vəsaitlər hara gedib, niyə belə tez qurtarıb?

Əkrəm Həsənov deyir ki, təbii, Fond sonra müflis bankların əmlakını satır və həm Mərkəzi Bankın kreditini qaytarır, həm də öz zəhmət haqqını götürür. Ortada nəsə qalsa bankın digər kreditorlarına çatır:

“Əksər hallarda heç nə də qalmır. Çünki ləğvetmə prosesini Palata və Fond qeri-şəffaf aparır. Korrupsiya üçün bütün şərait var: müflis bankın əmlakını kimə və hansı qiymətlə satmağı özü müəyyənləşdirir. Nəzarət də yoxdur!”

Əkrəm Həsənov

Əkrəm Həsənov deyir ki, müflis bankların sığortalanmamış kreditorları (həm fiziki, həm də hüquqi şəxslər) sığortalananlardan azı 3 dəfə çoxdur. Yəni əksər depozitlər qaytarılmır:

“Buna görə də Fond Mərkəzi Bankın hesabına qaytardığı sığortlanmış əmanətlərdən deyil, müflis bankları necə ləğv etdiyindən danışsa yaxşı olar. Çünki əsas problem odur. Fond isə borcla ödədiyindən dəm vurur ancaq”.

Ana səhifəXəbərlərƏmanətçilərə 726 milyon 643 min manatdan artıq kompensasiya verilib