“Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar”
Əməkdar artist Elza Seyidcahan ədalətsizliklə üzləşdiyini deyir.
Müğənni-bəstəkar Meydan TV-yə açıqlamasında qızı Gülşən Əlisatovaya məxsus qeyri-yaşayış sahəsinin qanunsuz mənimsənildiyini bildirib.
“Anam Seyidcahan Əhmədovanın Əlibəy Hüseynzadə 75 ünvanında tikilisi vardı. Onu da deyim ki, anam oranı “Dekabank”a obyekt girov qoyub, pul götürüb almışdı. Sonra anam orada qutab bişirib, sataraq, borcu bağladı. Əvvəllər oranı kafe kimi işlədirdi. Sonra obyekti sənədləşmə yolu ilə qızım Gülşənə bağışladı. Biz oranı icarəyə vermək qərarına gəldik. Hadisə 2015-ci ildə baş verib. Mən Türkiyədə olanda, İsif Azayev oğlu Faiq Azayevlə birgə anamdan açarı icarə adı ilə alıblar. Qızım mənə zəng etdi ki, ana, bunlar düz-əməlli adama oxşamır. Nənəmdən açarı alıb, obyektə giriblər, çox kobud davranırlar. Mən də Bakıya qayıdan kimi obyektə getdim ki, bu adamlara həmin yeri icarə vermək istəmədiyimizi bildirim və açarları geri alım. Ora çatanda başqa mənzərə ilə rastlaşdım. İcazəmiz olmadan obyektimizdəki əşyaları atıblar, qapı və pəncərələri söküblər. Xəbərdarlıq etmədən orada təmir işlərinə başlayıblar. Söhbət zamanı gördüm ki, bunlar qarşılarındakı adama hörmət etmir, baxmırlar ki, incəsənət adamıdır, sənətkardır. Obyekti boşaltmaq üçün əvvəl bizdən 15-20 min manat təmir pulu tələb edirdilər. Dedim ki, icazəmiz olmadan əşyalarımızı atmısınız, siz də bizə borclusunuz. Sonra təklif etdim ki, obyekti təhvil verin. Buranı icarəyə verib, təmir xərcini qaytaraq. Mübahisə düşdü, anamın, hamilə qızımın halı pisləşdi. Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, həmçinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Uzun sözün qısası, çox mübarizə apardıq, onları obyektdən çıxara bilmədik. Axırda bir dəfə qapının açarlarını dəyişmək istədim. Faiq Azayev gəldi, açarı dəyişən fəhləni təpiklə vurdu, sonra da döyməyə başladı. Mənə də dedi ki, başının gülləsi çatmır. Dəfələrlə polisə müraciət etsək də, gördük ki, bunlara heç nə kar etmir. Sonradan məcburən məhkəməyə müraciət etdim. Məhkəmələr isə düz beş ilə yaxındır ki, bizi süründürür, işləri altını-üstünə çeviriblər. Anam bu obyekti dişi-dırnağı ilə tikib-quranda bu adamlar haradaydı? Obyektimizi mənimsəyiblər, üstəlik, beş ilə yaxındır ayı üç min manata icarəyə veriblər. Faiq Azayevin qardaşı Fərid Azayev həmin vaxt Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı idi. Hazırda hər iki qardaş və ataları İsif Azayev həbsdədir. Azayevlər həbsdə olduqları halda 2016-cı ildən mənim obyektimə həbs qoyublar Bu, necə olan işdir? Axı, belə haqsızlıq olmaz”.
2018-ci ildə Faiq və Fərid Azayev qardaşları Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə həbs olunublar. Məhkəmənin qərarı ilə Fərid Azayev 10 il 6 ay, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də
həbs olunub
. Ona və oğullarına CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə yeni ittiham elan edilib:
“Onların şəriki var, Rüstəm Kərimzadə. Bu adam obyektimizdə təhsil adı ilə çirkin əməllərə əl atmışdı. “Elite Academy” adlı təhsil şirkəti açmışdı. Daha sonra da onlarla adamın pulunu xaricdə təhsil adı ilə mənimsəmişdi. Sonradan o, da
həbs olundu
. İndi həmin bu Rüstəm Kərimzadə mənə hədə-qorxu gəlir ki, obyekt bizimdir”.
Elza Seyidcahan deyir ki, məsələ ilə bağlı 2020-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Birinci instansiya məhkəməsində hakim Natəvan Tağıyeva qeyri-yaşayış sahəsinin boşaladılaraq, Gülşən Əhmədovaya təhvil verilməsinə dair qətnamə çıxarıb. Lakin qarşı tərəf Nərimanov Rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq, Bakı Apelyasiya Məhkəməsinə müraciət edib:
“Çox təəssüf edirəm ki, belə ədalətsiz qərar çıxarılıb. Məhkəmə – dövlətin, Vətənin, ordunun, xalqın xidmətində olan, Prezidentin sərəncamı ilə Əməkdar artist adını daşıyan sənətçiyə qarşı haqlı qərar vermək əvəzinə, dələduzluğa görə həbs olunanlara haqq qazandırıb. Bununla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Həmçinin Konstitusiya Məhkəməsinə və Baş Prokurorluğa da müraciətlərim olub. Nəsimi Rayon Prokurorluğunda da cinayət işi qaldırılıb. Azayevlər beş ilə yaxındır mənə icarə haqqı ödəməyiblər. Üstəlik, obyektimdən onları çıxara bilmirdim. Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb ki, mən onlara 58 min 797 manat təmir pulu ödədikdən sonra obyekti boşaldacaqlar. İcazəm və razılığım olmadan orada təmir aparılıb, üstəlik, mənə aid mülkiyyətə görə icarə haqqı ödənilməyib. Arif Məlikov, Qara Qarayev məktəbinin davamçısı bəzi hakimlərin ədalətsiz qərarları ucbatından belə əzab-əziyyətə, haqsızlığa məruz qalıb”.
Sənətçi qeyri-yaşayış obyektini hüquqi yolla geri qaytardıqdan sonra orada musiqi kursları açmağı planlaşdırır:
“Bəstəkarlar İttifaqının üzvüyəm, təqaüd almıram. Hətta dövlətdən bir ev də almamışam. Öz obyektimizdə yaradıcılığımı davam etdirmək, xalqıma, dövlətimə xidmət etmək, burada şəhid, qazi övladlarına dərs keçmək istəyirəm. Mənə imkan vermirlər. Artıq neçə aydır ki, piano çalmıram, əllərim qalxmır. Onlar mənim yaradıcılıq ruhumu öldürüblər. Prezident İlham Əliyevdən, Mehriban Əliyevdan xahiş edirəm, bu məsələni nəzarətdə saxlasınlar. Məhkəmə qərarları təkrar araşdırlısın, bəlkə elə anlaşılmazlıq olub”.
Elza Seyidcahanın vəkili İlhamə Həsənova Meydan TV-yə açıqlamasında bildirib ki, cavabdeh şəxslər Gülşən Əlisatovaya aid qeyri-yaşayış sahəsinə sahibin razılığı olmadan girərək, obyektən istifadəyə başlayıblar. Üstəlik, mülkiyyətçinin icazəsi olmadan orada təmir işləri aparıblar:
“Qarşı tərəf obyekti zəbt edəndən sonra Elza xanımın qızı məkanın boşaldılması ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Biz həmin müraciətləri də sənəd şəklində məhkəməyə təqdim etmişdik. Nərimanov Rayon Məhkəməsində Natəvan Tağıyeva qətnamə çıxardı ki, doğrudan da, vətəndaşın burada mülkiyyət hüquqları var. Qeyri-yaşayış sahəsi boşaldılaraq, Gülşən Əhmədovaya təhvil verilməlidir. Bakı Apelyasiya Məhkəməsi isə qətnamə çıxardı ki, qarşı tərəfin təmirə çəkdiyi xərc 58 min 797 manat dəyərində ödənildikdən sonra obyekt boşaldılmalıdır. Biz bunu qanunsuz hesab edirik. Birincisi, Gülşən xanımın mülkiyyətində olan həmin məkan təmirli və yaxşı vəziyyətdə idi. İkincisi, Mülki Məcəllənin, qanunvericiliyin də tələbi bundan ibarətdir ki, mülkiyyətçinin razılığı olmadan, kimsə daşınmaz əmlakda təmir işləri aparırsa, onun pulu ödənilmir. Mən də Gülşən xanımın vəkili kimi məhkəmədə bu iddianı qaldırdım ki, bizim mülkiyyətimizdə olan yaşayış sahəsi boşaldılaraq, təhvil verilsin. Məhkəmə bilirdi ki, mülkiyyətçinin razılığı olmadan, sahə zəbt olunub, bununla bağlı polisdə araşdırmalar gedir. Çıxarılan qətnaməni qanunsuz hesab etdiyimiz üçün Ali Məhkəməyə şikayət verdik, lakin təmin olunmadı. Son olaraq, qətnamə çıxarıldı ki, 58 min 797 manat ödənilməlidir.
Belə olan halda biz yenidən məhkəmədə iddia qaldırdıq ki, beş ilə yaxındır həmin sahə qarşı tərəfin istifadəsində olub. Obyekti icarəyə verib, oradan faydalanıblar. Hətta mətbuatda belə bir qalmqallı məsələ də çıxmışdı ki, “Elite Academy”dən tələbələr müraciət edirlər ki, aldadılıblar. Həmin dələduzluq hadisəsi haqqında danışdığımız obyekt sahəsində baş vermişdi. Hazırda qarşı tərəf bu və digər məsələlərlə bağlı məhkum olunub. İddia qaldırdıq ki, bunlar məkandan istifadə edirlər, heç olmasa, Gülşən xanıma dəymiş ziyan ödənilsin. Çünki vətəndaş beş ilə yaxındır ki, əmlakından məhrum olub. Yuxarı instansiya məhkəməsi bu qərarı da ləğv etdi.