“Mediaya vahid mərkəzdən nəzarət etmək istəyən hansısa qurum bu prosesdən istifadə edərək, “reket mətbuat”ı deyil, özlərinin siyasi maraqlarına təhlükə saydıqları “arzuolunmaz” saytları və jurnalistləri ya susdurmaq, ya da da öz çətirləri altına almağa cəhd göstərir”
Ötən həftə Baş Prokurorluq “MTN işi” ilə bağlı məlumat yayan sayt, agentlik və qəzet rəhbərlərini Respublika Prokurorluğuna çağıraraq, onlara rəsmi şəkildə xəbərdarlıq edib.
Maraqlıdır ki, indiyədək xeyli sayda baş redaktor prokurorluğa çağırılıb xəbərdarlıq edilsə də, bu haqda ictimaiyyətə yalnız Strateq.az-ın baş redaktoru Elxan Şükürlü məlumat verib.
Bu gün isə Azərbaycan Respublikası Baş Prokurorluğundan mediaya rəsmi açıqlama göndərilib. Açıqlamada deyilir: “Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanmışdır. Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), “Cumhuriyyət”, “Qaynarinfo”, “Gündəminfo”, “Criminal.az”, “Strateq.az”, “İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişlər”.
Maraqlıdır ki, hansısa səbəbdən Baş Prokurorluğun məlumatında çağırılaraq xəbərdarlıq edilən media qurumlarının yalnız bir hissəsinin adı çəkilib, xəbərdarlıq edilən digər KİV-lərin adı üzərindənsə “və digər…” sözüylə sükutla keçilib. Üstəlik, Prokurorluğun rəsmi şəkildə yaydığı məlumatın bəlli kütləvi informasiya vasitələrində təqdimatından belə çıxır ki, yalnız prokurorluğun məlumatında adları çəkilən media qurumları yoxlanılmamış informasiyalar yayıblar.
Bəs, Prokurorluğun bu məlumatı nə dərəcədə əsaslıdır? Xəbərdarlıq edildikləri barədə adları çəkilən KİV rəhbərləri digərlərindən fərqli nə yazıblar? Mediadakı bu ayrıseçkilik nəylə bağlıdır?
Bu məsələ ilə bağlı rəyini öyrəndiyimiz Strateq.az-ın baş reaktoru Elxan Şükürlü bildirib ki, Prokurorluğun bu səpkidə məlumat yayması doğru deyil və media sektorunda ayrıseçkilik salınması deməkdir: “Çünki yayılan rəsmi məlumatdan belə anlaşılır ki, guya, adları çəkilən media qurumları yoxlanılmamış, həqiqətəuyğun olmayan, böhtan xarakterli məlumatlar yayıblar. Halbuki bildiyimə görə, xəbərdarlıq edilən media rəhbərləri daha çoxdur. Ancaq niyəsə, hansı maraqlar naminəsə, yalnız bir neçə medianın adı hallandırılıb. Üstəlik, bizim saytda irad tutulan yazılarda böhtan sayılacaq və ya son proseslərlə bağlı aparılan istintaqın işinə mane olacaq hər hansı məlumat da səslənməyib”.
E.Şükürlünün sözlərinə görə, Prokurorluqda onların saytında getmiş 3 material üzərində durulub: “Bunlardan biri “Oqtay Əsədov bağışlandımı? – Eldar Mahmudovun “kölgə kabineti”nin üzvləri təşvişdə” sərlövhəli məqalə, ikincisi, “”AGBank”-ın rəhbəri niyə “vuruldu”? – Eldar Mahmudovun daha bir bankir ortağının sonu gəlir” adlı yazı, üçüncüsü isə “Olmaya, yenidən sovetləşirik? – Milliləşdirmə siyasəti bizdən də yan keçməyə bilər” başlıqlı yazı olub. Hörmətli Rüstəm müəllim çox nəzakətlə soruşdu ki, niyə Oqtay Əsədovun, Çingiz Əsədullayevin əleyhinə yoxlanılmamış məlumatlara istinad edirik. Biz də bildirdik ki, rəsmi qurumların mətbuat xidmətlərindən zamanında informasiyalar almaq olmur, nəticədə, əlimizə çatan ilkin informasiyalar əsasında yazılar yazmağa məcbur qalırıq. Üstəlik, bizim saytda irad tutulan yazılarda daha çox cəmiyyətdə çox populyar olan xəbərlərin təhlilinə üstünlük vermişik və hər hansı böhtan və ya qərəz xarakterli məlumat da yaymamışıq. “İstintaqın işinə mane olur” fikriylə hansısa məmurun cinayət xarakterli əməllərinin işıqlandırılmasının qarşısının bu sayaq alınması doğru deyil. Onlar da prokurorluq və KİV haqqında qanunların müvafiq müddəalarını xatırlatdılar, belə hallara yol veriləcəyi təqdirdə, məsuliyyətə cəlb ediləcəyimiz barədə rəsmi xəbərdarlıq etdilər”.
E.Şükürlü hesab edir ki, jurnalistlərin prokurorluğa çağrılmasında bir məqsəd gerçəkdən də istintaqın işinə maneçilik törədən informasiyaların yayılmasının qarşısını almaqdırsa, digər məqsəd müəyyən məmurları qorumaq və hakimiyyətin bir mərkəzdən idarə edə bilmədiyi medianı susdurmaqdır: “Xəbərdarlıq edilən digər jurnalistlərlə də söhbət etdik. Ortaya çıxan nəticə budur ki, prokurorluq bu addımıyla adları mediada “MTN işi”ylə əlaqələndirilən xeyli sayda məmur, xüsusən də Eldar Mahmudov, Oqtay Əsədov, Fazil Məmmədov, Kərəm Həsənov, Ziya Məmmədov, Çingiz Əsədullayev və digərləri barəsində gedən yazıların bundan sonrakı mərhələdə davam etməsinin qarşısını almağa, onları medianın basqısından qorumağa çalışır. Başqa bir qənaət də budur ki, mediaya vahid mərkəzdən nəzarət etmək istəyən hansısa qurum bu prosesdən istifadə edərək, “reket mətbuat”ı deyil, özlərinin siyasi maraqlarına təhlükə saydıqları “arzuolunmaz” saytları və jurnalistləri ya susdurmaq, ya da da öz çətirləri altına almağa cəhd göstərir. Mən belə başa düşürəm ki, Baş Prokurorluğa ya kimsə yanlış siyahı ötürüb, ya da bizim saytın adı məqsədli şəklidə bu siyahıya daxil edilib”.
Strateq.az