Elxan Şahinoğlu: Milli Məclisin qərarı ilə meydanı Ermənistana verdik

“Avropa təşkilatlarından qopmaqla balanslaşdırılmış xarici siyasətin də üstündən xətt çəkilir”

Source:


“Avropa təşkilatlarından qopmaqla balanslaşdırılmış xarici siyasətin də üstündən xətt çəkilir”


“Avropa Parlamentinin (AP) 10 sentyabr qətnaməsinin lap sərt də tənqid etmək olar, amma bu qətnamədən çıxış edərək Avropa Birliyi ilə münasibətlərdən qopmaq milli və təhlükəsizlik maraqlarımıza cavab vermir. İndiki vəziyyətimizdə Qərblə münasibətləri gərginləşdirmək və Avropa İttifaqının proqramlarında iştirak etməmək daha çox Azərbaycana problem yaradacaq. Çünki alternativ Rusiya qalır. Beləliklə, Milli Məclisin qərarı ilə meydanı Ermənistana verdik”.

Bu fikirləri siyasi şərhçi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənədini Meydan TV-yə şərh edərkən bildirib.

Elxan Şahinoğlu deyib ki, son günlər Azərbaycan rəsmilərinin müharibə ritorikası artıb. Amma müharibə başlayacağı təqdirdə Kremlin təcavüzkarın yanında yer alacağı məlumdur: “90-cı illərdə bunu görmüşük. Ona görə Avropa Parlamenti ilə münasibətlərin gərginləşdirilməsi Azərbaycanı ağır vəziyyətə apara bilər. Bütün bu gərginlik əsasən uzağı həbsdə olan 15 siyasi məhbusa görədir. Onları  azad etməklə beynəlxalq aləmlə, ümumilikdə Qərblə olan bütün  gərginliyi aradan qaldırmaq mümkündür. Baxın, Belarus prezidentinin son addımlarına, Lukaşenko siyasi məhbusları azad etdi, indi də seçkilərə gedir. Biz də seçkilərə gedirik, beynəlxalq aləmin seçkiləri tanıması üçün gərək nüfuzlu təşkilatlar müşahidəçi qismində iştirak etsin. Ancaq hakimiyyətin Qərblə konfrantasiyaya getməsi müşahidəçilərin gəlməyəcəyini gerçəkləşdirdi. Buda parlament seçkisini sual altına qoyur. Bir daha deyirəm, qərar Azərbaycana yaxşı heç nə vəd etmir. Avropa təşkilatlarından qopmaqla balanslaşdırılmış xarici siyasətin də üstündən xətt çəkilir. Beləliklə, balans Rusiyanın xeyrinə pozulur”.

E.Şahinoğlu deyib ki, Avropa Parlamentinin  qətnaməsində sərt ifadələr yer alsa da, Azərbaycanın qurumda fəaliyyətinin məhdudlaşdırılması barədə fikir yox idi. Hətta Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün 13 milyon avro vəsait ayırıb: “Biz bu əlaqələrdən də məhrum oluruq, ikinci, AP-da Azərbaycanı dəstəkləyən deputatlar var, onlarla münasibətlər də yaxşı istiqamətə getmir. Gərək, Azərbaycan XİN bu istiqamətdə işləyərdi, ancaq nazirlikdə son aylarda baş verənlər, bu barədə danışmağa çətinlik yaradır”.

Ana səhifəXəbərlərElxan Şahinoğlu: Milli Məclisin qərarı ilə meydanı Ermənistana verdik