Elxan Mehdiyev: Həmsədr ölkələrdən belə təzyiq gözləmirəm


”Hesab edirəm, Ermənistan təmas xəttində nə qursa da, ordumuz onları darmadağın etmək gücündədir”




Prezident İlham Əliyevin Ermənistanla Azərbaycan arasında danışıqlarda Dağlıq Qarabağın müstəqilliyi ilə barışmaq istiqamətində təzyiqləri xatırlatması gündəmin əsas mövzularından birinə çevrilib . Siyasilər, icmalçılar, sabiqlər məsələyə müxtəlif yöndən şərh verirlər. Konfliktoloq Elxan Mehdiyevlə söhbətimiz də bu açıqlamanın doğurduğu suallar ətrafında oldu.


– Elxan bəy, prezident İlham Əliyevin xarici güclərin ona Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşması barədə təzyiqlər etməsi ilə bağlı dediklərini necə qiymətləndirirsiniz?

– Doğrusu, mən ona şübhəylə yanaşıram. Çünki danışıqlar Minsk Qrupu çərçivəsində gedir və orada prinsiplər müəyyən olunub. Prinsiplərdə yazılır ki, Dağlıq Qarabağın statusu tərəflərin razılığı əsasında müəyyən edilmiş referendum vasitəsilə həll olunur. Yəni tərəflərdən biri razı olmasa Minsk Qrupunun da həmin tərəfə hansısa variantı təzyiqlə qəbul etdirmək fikri yoxdur. Danışıqların məqsədi də bu deyil. Bilirik ki, danışıqlar prosesi başlayandan Ermənistanın tələbləri daim dəyişib. Məsələn, ilk illərdən Heydər Əliyevin dönəminə qədər hər hansı sənədə Dağlıq Qarabağ ermənilərinin milli müqəddəratını təyin etmək forması salınmayıb. Çünki Heydər Əliyev o məsələni yaxına buraxmırdı. Lissabon Sammitində bu cür yazılsa da, əlavə edilmişdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ ermənilərinin milli müqəddəratının təyin etməsi nəticəsində yüksək dərəcəli muxtariyyət verilməsi təsdiq olunur. Bu, üç prinsipdən biri idi. Amma sonradan Elmar Məmmədyarovun başladığı Praqa prosesi və bunun Madrid prosesinə çevrilməsi, ümumiyyətlə, Praqa prosesinin həmsədrlər tərəfindən bəyan edilməsi göstərdi ki, tərəflər qeyd-şərtsiz danışıqlara başlayıblar. Həmsədrlər də bəyan etdilər ki, onlar bundan artıq variant görmürlər, ermənilər işğal olunan 5 rayondan çıxmağa hazırdır, son 2 rayon isə əlavə danışıq mövzusudur. Dağlıq Qarabağın statusu isə hüquqi-məcburi olan referendum yolu ilə təyin edilir. Sonradan bu müddəa Madrid Prinsiplərində özünə yer tutdu. Bizim də bildiyimiz bundan ibarətdir, yəni Elmar Məmmədyarovun apardığı diplomatik danışıqlar Dağlıq Qarabağda hüquqi-məcbiri referendumun təyin edilməsilə yekunlaşır. Bir məqamı da unutmayaq ki, tərəflərin razı olmadığı ifadəni həmsədrlər hansısa plana daxil etmirdilər. Azərbaycan tərəfi əvvəl referendum təklifini qəbul etmişdi.


– Nə vaxt?




Praqa danışıqlarında.


– Elmar Məmmədyarovun xarici işlər naziri təyin olunmasından sonra?




Bəli, amma sonra yanaşma dəyişdi. Bilmirəm, ictimaiyyətin tələbi oldu, yoxsa hakim elitanın öz anlamasından sonra Bakı referendumun Azərbaycanın daxilində keçirilməsi iddiasını irəli sürdü. Ermənistan isə deyirdi ki, referendumla bağlı müddəada hüquqi-məcburi ifadəsi yer alıb, Azərbaycanın tərkibində referendumun keçirilməsindən söhbət getmir. Sonradan Madrid Prinsiplərində yenilənmə oldu, Rusiya qəbul etdi, yaxud həmsədrlər qəbul etmədi, amma yenə dəyişikliklər başladı, 2010-cu ilin yayından Ermənistan Rusiyayla danışıqlar apardı və başqa müddəalar ortaya çıxdı. Nəhayət, həmsədrlər yenilənmiş Madrid Prinsiplərilə Rusiyanın dəstəklədiyi prinsiplər arasında vasitəçilik etməyə başladılar. Sualınızın məğzinə gəldikdə, bu cür təzyiq erməni tərəfindən gələ bilər. Həmsədr ölkələrdən belə təzyiq gözləmirəm. İlham Əliyevin söylədiklərini tam şəkildə qəbul etməməyimiz də mümkünsüzdür. Çünki danışıqları da bilavasitə o aparır. Həmsədrlərin rəsmi şəkildə bu cür təklifi ortaya qoyması suallar doğurur, ona görə ki, Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinin tanınması beynəlxalq gündəmdə deyil.


– Bəs prezident bu barədə niyə danışır?




Bu, onun öz fikridir. Ola bilər, prezidentlər yox, başqa səviyyələrdə prezidentə bu mesajları çatdıran qüvvələr olsun.


– Həmsədr ölkələrin rəhbərləri deyə bilərmi?




İnanmıram. Çünki həmsədr ölkələr məsələni belə qoyarsa, bu, rəsmi xarakter alar. Ona görə də bu mesaj ikili təmaslarda ortaya çıxa bilər.


– Gəlin, konkretləşdirək, ikili təmaslar deyirsiniz, həmsədr dövlətlərin başçıları, yoxsa digər dövlətlərin rəhbərləri?




Hər iki variant mümkündür, yəni Ermənistana simpatiyalarını gizlətməyən çoxsaylı ölkələr, parlamentarilər, senatorlar belə bir mesaj verərlər.


– Ancaq Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov həmin təzyiqin ikili standartlardan doğduğunu deyir…




Təbii ki, ikili standart var və bunu etiraf edirlər. İkili standart olmasaydı, beynəlxalq təşkilatlar və böyük dövlətlər Ukraynaya, Gürcüstana, Moldovaya sərgilədikləri yanaşmanı Azərbaycana da sərgiləyərdilər, Azərbaycanın suverenliyini ən yüksək səviyyədə dəstəkləyərdilər. Yeganə münaqişədir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və bu qətnamələr də özünün unikallığıyla fərqlənir. Misal üçün, Ağdamın işğalıyla bağlı yazılıb ki, qeyd-şərtsiz şəhər boşaldılsın. O cümlədən, digər işğal olunmuş rayonlardan işğalçıların dərhal çıxarılması, Azərbaycanın suverenliyinin bərpası qoyulur. Ancaq həmsədr ölkələrdən hansı buna riayət edir? Adını çəkməyəcəm, həmsədrlərdən birindən bu barədə sual edəndə, cavab verirdi ki, gedin, BMT TŞ torpaqlarınızı azad etsin. Hətta biri deyirdi ki, avtomexanikdir, kimin torpağının işğal olunduğunu bilmir. Guya indiki həmsədrlər fərqlidir? Məsələn, Uorlikin açıqlamaları onun statusuna uyğun deyil. O biriləri hansısa hərəkət etsə də, bu barədə danışmır. Amma Uorlikin hərəkətləri bəlkə də Amerika hökumətinin xoş niyyətlərini kölgədə qoyur. Faktiki olaraq diplomat tərəf tutmaqla məşğuldur.


– Heydər Əliyevin zamanında Madrid Prinspləri qəbul olunmamışdı, sonradan bu, necə danışıqlar mövzusuna çevrildi?




Sadəcə, Heydər Əliyev təklifi yaxına buraxmırdı. Hətta sabiq xarici işlər naziri Oskanyan demişdi ki, ermənilərin milli müqəddəratını bir sənəd şəklinə salmaq heç ağıllarına gəlməzdi. Hər şey Praqa Prosesindən başladı, o zaman milli məqəddərat danışıqlarda sənədə salındı. Dəfələrlə buna cəhd olunsa da, alınmamışdı. Ümumiyyətlə, Heydər Əliyevdən sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılması istiqamətində iş gedir.


– Bu, diplomatiyamızın zəifliyindən xəbər vermirmi?




Məgər, Azərbaycan diplomatiyasının gücü vardı ki, indi də zəifləsin?! Məsələ, ondadır ki, Heydər Əliyev ən yüksək səviyyədə belə bu məsələni yaxına buraxmırdı. Xatırlayırsınızsa, 1998-ci ildə Heydər Əliyev həmsədrlərlə görüşdə ümumi dövlət prinsipi ortaya qoyulanda onları biabır etdi, bunu televiziyayla birbaşa göstərdilər. Açıq şəkildə dedi: “Bu, nədir, ümumi dövlət adıyla sənəd gətirmisiniz? Bu, açıq-aşkar Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır. Əgər Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırsınızsa, bunu açıq deyin, mən isə bunu heç müzakirə etmirəm, ehtiyac da görmürəm”. Əgər Heydər Əliyev müzakirə açsaydı, Madrid Prinsipləri elə o zaman gündəmə gələrdi. Bilirsiniz, həmsədrlər ermənilərin dediklərini addım-addım yerinə yetirir. Əvvəl BMT TŞ-nin qətnamələrini kənara qoydular. 1997-ci ilə qədər sənədlərin gerçəkləşməsi imkanı var idi, sonra ümumi dövlət planı gündəmə gəldi, o da alınmadı, ardınca Ki-Uest, Paris görüşlərində başqa formatlar gündəmə gəldi. Praqada Madrid Prinsipləri müəyyən olunanda ilkin vairantda məsələ işğalçıların əraziləri boşaldılmasıydı, sonra ermənilər dedi ki, niyə bir prinsipi o birindən üstün tutursunuz, hamısını eyni zamanda həll edək. Yəni biri üzərində razılaşma olmadısa, başqası ilə də razılaşma olmayacaq. Nəhayət, həmsədrlər ermənilərin açıqlamasını öz dillərindən təqdim edib dedilər ki, hansı maddənin birinci, yaxud üçüncü yazılmasının heç bir əhəmiyyəti yoxdur. Halbuki, ardıcıllıq olmalıdır, birinci ərazilər boşaldılır, sonra məcburi köçkünlər yurdlarına qayıdır və ardınca status məsələsinə baxılır. Ermənilərin təklifi belə idi: əvvəl torpaqlar boşaldılır, sonra aralıq status müəyyən olunur, köçkünlər qayıdır, sülhməramlı qüvvələr gəlir, sonra referendum keçirilir. İndi ermənilər referendumu birinci hissəyə gətiriblər, bax, bu nonsensdir. Həmsədrlər də deyir ki, həm Dağlıq Qarabağın statusu, həm ətraf rayonlardan ermənilərin çıxması, eyni zamanda, ümumiləşmiş plan əsasında çoxtərəfli sülh planının tərkib hissəsi ortaya qoyulur. Buna görə Ermənistan deyir ki, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyın, 5 rayonu azad edək. Azərbaycan isə əksini deyir, mərhələli plan bundan ibarətdir. Həmsədrlər “özünüz razılaşın” deyir və belə-belə oyun davam edir. Həmsədrlər 3 prinsip müəyyən etmişdi: 1.Ərazi bütövlüyü. 2.Zor işlətməmək. 3 Milli məqəddəratı təyin etmə. Bu məsələləri bir neçə ardıcıllıqla qoydular. Ermənistan sonra hay-küy saldı ki, hər üç prinsip eyni vaxtda gerçəkləşməlidir. Sual yaranır; ərazi bütövlüyü olan yerdə milli müqəddəratı necə təyin etmək olar? Bax, həmsədrlər vəziyyəti dalana dirəməklə Ermənistana elə “kozır” verib ki, danışıqlar min il də davam edə bilər. İlham Əliyev də durumu çox yaxşı bilir. Məsələ ondadır ki, Sarkisyan diplomatik baxımdan səviyyəsizdir, danışıqları küçə söhbətlərinə çevirən adamdır. Sadəcə, Moskvaya arxalanır və aprel döyüşlərində bu arxayınlıq hesabına özünü qurtara bildi. İndi də Moskvayla birgə ordu qüvvələri qurur, əslində, Ermənistanı hərbi-iqtisadi baxımdan Rusiyanın əyalətinə çevirir. Elə Rusiyadan aldıqları “İskəndər” raketləri də Azərbaycanı qorxutmaq üçündür.


– Amma Azərbaycan müdafiə naziri Zakir Həsənov deyir ki, Ermənistanın “İskəndər” raketləri barədə məlumatlıdırlar və cavab verməyə hazırdılar…




Əgər “İskəndər” raketi işə salınarsa, bu, yalnız Bakını vurmaq üçündür. Amma Naxçıvandakı kiçik mənzilli raketləri İrəvanı məhv edə bilər. Bu baxımdan Ermənistan “İskəndər” raketini almaqla özlərini təhlükəli duruma salıblar.


– Bütün hallarda rəsmi Bakı nə etməlidir ki, dediyiniz dalandan çıxa bilsin?




Düşünmürəm ki, Azərbaycana təzyiqlər var. Aprel döyüşləri göstərdi ki, Rusiya da daxil olmaqla Qərb Azərbaycanı sakit şəkildə dəstəklədi. Bilirsiniz, Azərbaycan rəhbərliyinin hünəri olmalıdır ki, siyasi iradəsini ortaya qoysun. 1-5 apreldə ordumuz ermənilərin yaratdığı mifi darmadağın etdi, onlar panikaya düşmüşdülər. Sadəcə, irəliləmək üçün ordumuza siyasi əmr lazım idi. Amma gedişat Azərbaycan xalqının gözləntilərinin əksinə oldu. Ermənistanla Rusiya arasında həmin vaxt münasibətlər pisləşdi, nəticədə Moskva onların könlünü almaq üçün silah verdi və həmin silahlar hazırda təmas xəttindədir. Amma yenə də vəziyyəti dəyişmək imkanımız var. Aprel ayına qədər mənim Azərbaycan barədə yanaşmam fərqliydi. Hesab edirəm, Ermənistan təmas xəttində nə qursa da, ordumuz onları darmadağın etmək gücündədir. Ən önəmlisi zabitlərimizin hünəri və iradəsi var.


– Siz Rusiya amilini nəzərə almırsınız?




Rusiya amilini həmişə şişirdiblər və bu, Azərbaycanın xeyrinə deyil. Nəzərə alın ki, Azərbaycanla Rusiya münasibətləri 2008-ci ilin Gürcüstan-Rusiya münasibətləri deyil ki, Moskva hər hansı müdaxilə etsin. Sadəcə, ordumuz aprel ayında 5 gün də irəliləsəydi, torpaqlarımızın əksər hissəsi azad olunmuşdu. Çünki ordumuz modern şəklində qurulub.


– Bəs niyə getmədi?




Bu, artıq siyasi rəhbərliyin qərarı idi, ordunun yox. Məsələ ondadır ki, ordumuz Amerika ordusundan sonra ilk dəfə idi müasir müharibə aparırdı. Məsələ ondadır ki, artıq ordumuz səngər davasına girməyəcək, modern müharibə aparılacaq, dronlar Ermənistanda uşaqdan başlamış böyüyə qədər hamını vahiməyə salmışdı.



Siyasi rəhbərlik hansı amillərə görə çəkindi?

– Bu, hamımız üçün sualdır.

Ana səhifəVideoElxan Mehdiyev: Həmsədr ölkələrdən belə təzyiq gözləmirəm