Məhkəmə işə iyunun 12-də baxacaq
6 saylı cəzaçəkmə müəssisəsi iyunun 3-də Nizami Rayon Məhkəməsinə hazırda həbsdə olan Elvin Mustafayevin cəzasının 2026-cı il avqustun 4-dək ciddi rejimli Qobustan həbsxanasında çəkməsinə dair təqdimat verib.
Bu barədə Meydan TV-yə Elvin Mustafayevin vəkili Zibeydə Sadıqova danışıb.
Vəkilin sözlərinə görə, hakim Nəriman Mehdiyevin icraatında olan işə məhkəmə iyunun 12-də baxacaq.
O, əlavə edib ki, bu gün 6 saylı cəzaçəkmə müəssisəsinə Elvinlə görüşməyə gedəcək.
“Dünən, iyunun 4-də 6 saylı cəzaçəkmə müəssisəsinə getmişdim. Lakin müəssisənin rəhbəri Fariz Əliyev Elvinin cərimə otağında olduğunu bəhanə gətirərək, görüşə icazə vermədi. Mən də bununla bağlı Penitensiar Xidmətə və Ombudsmana şikayət etmişəm”.
Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra cəza çəkdiyi müəssisənin karserinə salınmışdı. Sonradan o 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.
Hazırda o, karserdə (cəza otağı) saxlanılır və iyunun 29-da buraxılacaq.
Vəkili Zibeydə Sadıqova bildirmişdi ki, Elvin Mustafayevin karserə salınması ilə bağlı cəzaçəkmə müəssisəsinin qərarları ilə tanış olmaq üçün Penitensiar Xidmətə müraciət etsə də, cavab ala bilməyib.
Hazırda onun ailəsi və vəkili ilə görüşünə icazə verilmir.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və üzərinə narkotik maddənin qoyulduğunu bildirir.
2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.
Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.