Elvin Mustafayev: “Həbsdə təzyiqlərə məruz qalıram, müalicəm qəsdən gecikdirilir”

Elvin Mustafayev – Foto: Ülviyyə Əli

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayev saxlanıldığı Umbakı həbsxanasında təzyiqlərə məruz qaldığını və tibbi yardımdan məhrum edildiyini bildirib.

Bu barədə fəal özü məlumat yayıb. Onun müraciətini “İşçi Masası” HİK-in İdarə Heyətinin üzvü Tural Fərzili özünün “Facebook” səhifəsində paylaşıb.

Elvin Mustafayev müraciətində yazır ki, siyasi sifarişlə həbs olunub və həm azadlıqda olduğu dövrdə, həm də həbsdə təzyiqlərə və təhdidlərə məruz qalır:

“Azadlıqda olduğu kimi həbsdə də təzyiqlərə və təhdidlərə məruz qalıram. Verilən işgəncələr nəticəsində səhhətimdə yaranan xəstəliklərin müalicəsi ilə bağlı dəfələrlə müraciət etsəm də, qəsdən boyun qaçırırlar. Yəqin ki, xəstəliklərin patoloji hala çatmasını gözləyirlər. Məqsədləri aydındır. Bizləri unutmayın.”

Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maddəsi üzrə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mustafayev ittihamları qəbul etmir və narkotiklə bağlı maddənin ona siyasi fəaliyyəti ilə əlaqədar olaraq verildiyini bildirir.

2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının hazırda dörd üzvü həbsdədir. Bunlar qurumun sədri Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucovdur.

Həbs olunan fəallar onlara qarşı irəli sürülmüş ittihamların siyasi motivli və saxta olduğunu bəyan edirlər.

Ana səhifəSiyasətElvin Mustafayev: “Həbsdə təzyiqlərə məruz qalıram, müalicəm qəsdən gecikdirilir”