Elşad Babayevin qətliylə bağlı cinayət işi açılıb

Baş Prokurorluq və Ədliyyə Nazirliyi 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı məlumat yayıb

Source:


Baş Prokurorluq və Ədliyyə Nazirliyi 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı məlumat yayıb

2014-cü il dekabrın 22-də saat 7 radələrində Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsindən məhkum Elşad Babayevin ölümü ilə bağlı daxil olmuş məlumata əsasən Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Bu barədə Ədliyyə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Məlumata görə, ilkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozub, əməkdaşların tələblərinə əməl etməyərək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol verib.

Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, eləcə də müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınıb, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Elşad Babayevin ailə üzvləri və hadisə baş verən zaman 14 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən hüquqşünas Qurban Məmmədov Babayecvin döyülərək öldürüldüyünü bildirir. Qurban Məmmədov deyib ki, cəzaçəkmə müəssisəsində məhkumlar Elşad Babayevin öldürülməsinə etiraz olaraq aksiya keçirib, növbətçi hissəni dağıdıblar, cəzaçəkmə müəssisəsinin bir neçə nəzarətçisinə qarşı fiziki güc tətbiq ediblər. Onun sözlərinə görə, insidentdən bir neçə gün sonra məhkumlara qarşı güc tətbiq edilib, onlar döyülüb.

“Turan İA” hesab edir ki, RP və ƏN-in birgə məlumatında müəssisədə baş verənlər barədə detallı danışılmır, Elşad Babayevin hansı səbəbdən ölməsi barədə və Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi başlanması barədə yazılmır.

Cəzaçəkmə müəssisəsində məhkumun ölümü ictimai rezonanasa səbəb olub, bir sıra siyasi və ictimai təşkilatlar bunu pisləyən bəyanatla çıxış edib.

Öz növbəsində, Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov jurnalistlərə açıqlamasında bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”, deyə o bildirib.

Ana səhifəXəbərlərElşad Babayevin qətliylə bağlı cinayət işi açılıb