Tehran Abdullayevlə bağlı Kürdəmir Polis İdarəsinə şikayət olunduğu bildirilir
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Fransada mühacirətdə olan rektoru Elşad Abdullayevin qardaşı oğlu Tehran Abdullayev təzyiqə məruz qaldığını deyir. Bu barədə Meydan TV-yə məlumat verən Tehran Abdullayevin sözlərinə görə, atası Mübariz Abdullayevin həbs olunmasında iştirakçı olan keçmiş polis işçisi Ziya Səmədovun yaxın qohumu Ərziman Yaqubov indi də ona şər atıb: “Fevralın 18-də Ərziman Yaqubov Kürdəmir Rayon Polis İdarəsinə məndən şikayət edib. Guya mən sosial şəbəkələrdə hökumət, məmurlar əleyhinə fikirlər paylaşıram. Halbuki, mən yalnız atamın qanunsuz həbsi barədə fikirlər yazmışam. Məsələ ondadır ki, Ziya Səmədov sovet dövründə polisdə çalışsa da, özü sonradan narkotik maddələrin daşıması və saxlaması ittihamı ilə 8 il azadlıqdan məhrum edilib. Hazırda qarşılaşdığımız oxşar situasiya birinci dəfə deyil, son bir neçə ayda üçüncü dəfədir Ərziman Yaqubovun böhtanı ilə üzləşirik. O, mənim onun evini sökdüyümü bildirib, ancaq həmin günü mən evdə olmamışam. Bundan sonra anamın səhhəti ağırlaşıb və onu rayon xəstəxanasına aparıblar”.
Tehran Abdullayev Ərziman Yaqubovun sifariş əsasında onu şərlədiyini deyir: “Çünki rayonda onlarla adamı tutdurub və yerli əhali onu belə tanıyıb”.
Elşad Abdullayevin qardaşı Mübariz Abdullayev 10 il azadlıqda məhrum olunub. Ona qarşı şantajla pul tələbetmə maddəsi irəli sürülmüşdü.
Ərziman Yaqubovla əlaqə saxlamaq mümkün olmayıb. Kürdəmir Polis İdarəsindən isə xəbərlə bağlı məlumatı nə təkzib, nə təsdiq ediblər. DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə Meydan TV-yə açıqlamasında bildirib ki, əgər vətəndaş şikayət edibsə, araşdırılacaq: “Kürdəmirdə lap 100 nəfər şikayət etsin, vacib deyil ki, bunların hamısından xəbərimiz olsun”.