”Almaniyada sığınacaq alan YAP üzvlərinin sayı Müsavat istisna olmaqla digər partiyaların hamısından çoxdur”
Gürcüstandakı araşdırmaçı jurnalistlərin yayımladığı “ifact.ge” saytı Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılarla bağlı yazı hazırlayıb. Meydan TV “Təyinat: Almaniya” adlı yazını tərcümə edərək Azərbaycan oxucularına da çatdırıb.
Yazıda mühacirlərin həyatından, Almaniyaya necə getmələrindən, həmçinin adı mühacir alverində hallananlardan da söz açılıb.
Meydan TV yazıda adı keçən Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə söhbətləşərək, bir sıra suallara cavab tapmağa çalışıb:
–
Əlövsət müəllim, “Təyinat: Almaniya” reportajında Almaniyada yaşayan azərbaycanlıların vəziyyətindən söz açılır. Yazıda sizin də adınız hallanır. Buna münasibətiniz?
– Azərbaycanla bağlı olan nələrsə məni nadir hallarda təəccübləndirə bilər. Bu yazıya da qətiyyən təəccüblənmədim. Amma 2 il əvvəl Meydan TV-yə verdiyim müsahibəyə istinad olunaraq hazırlanan peşəkarlıqdan uzaq yazının “reportaj” adı ilə dərc olunmasına təəccübləndim. Yaşadığım Almaniyada yüzlərlə rus, türk təşkilatları var, onlar həmvətənlərinə konsulluq xidməti ilə bağlı yardımlar göstərir, məsləhətlər verir, vasitəçilik fəaliyyəti ilə məşğul olurlar. Mən həmin təşkilatların fəaliyyətini öyrəndim, daha sonra vasitəçilik fəaliyyəti ilə məşğul olmağa qərar verdim və bunun üçün qanunamüvafiq sənədləşmə apardım, vergi ödəyicisi kimi qeydiyyatdan keçdim. Düsseldorf şəhərində ofis kirayələdim. Şirkət azərbaycanlılara və keçmiş SSRİ-nin tərkibində olan respublikalardan olanlara tərcümə xidmətləri, qayıdış şəhadətnamələri, doğum haqqında şəhadətnamələrin, etibarnamələrin alınması ilə bağlı vasitəçilik xidmətləri göstərir. Almaniyada daşınmaz əmlak almaq, sərmayə yatırmaq istəyənlərə vasitəçilik və tərcüməçilik edilməsində kömək edirik. Təcilli vəkilə ehtiyacı olanlarla vəkilləri əlaqələndiririk, məhkəmə qərarlarını və digər qərarları tərcümə edirik. Almaniyada doğulan uşaqlara doğum haqqında şəhadətnamələrin alınmasına, sənədlərin toplanıb aidiyyəti üzrə göndərilməsinə kömək edirik. Bəzilərinin Azərbaycanda olan işlərini aparmaq üçün onlara Azərbaycanda vəkil tapmaqda kömək edirəm. Bəziləri var ki, subaylıq şəhadətnəməsi istəyir, onlara subaylıq şəhadətnaməsi gətizdirirəm. Konkret bir misal demək istəyirəm, mən Almaniyaya gələnə kimi hər kəs etibarnamə almaq üçün Berlinə gedirdi. Biz etibarnaməni almaq üçün kifayət qədər məlumatlandırma işi apardıq. İndi artıq vətəndaşlarımız eribarnamə almaq üçün 600-700 km getməli olmur. Təkcə bu gün Almaniyada uşağı səhv müalicə olunan bir ailə ilə, əlil arabasında olan başqa bir həmvətənimizlə hüquqi yardım haqqında müqavilə bağlamışıq. Tərcümə üçün 6 sənəd qəbul etmişəm. Azərbaycana etibarnamə göndərən bir nəfərə etibarnamə yazmışam. Mən Almaniyaya gələndən sonra dostlarla birlikdə konfranslar, etiraz aksiyaları, küçə yürüşləri təşkil etmişik. Bir neçə ay əvvəl partnyor təşkilatlarla birlikdə Almaniyada yaşayan min nəfər arasında sorğu keçirdik. Məqsəd Azərbaycandan Almaniyaya gələnlərin yaş həddini, təhsil səviyyəsini, ixtisasını, partiya mənsubiyyətini, hansı ölkədən və hansı ölkənin vizası ilə gəlməsini müəyyən etmək idi. Mükəmməl olmasa da, maraqlı bir hesabat alındı. Zəhməti olan hər kəsə bir daha təşəkkür edirəm. Heç şübhəsiz ki, bizim ofisimiz azərbaycanlıların Almaniyada ən çox müraciət etdiyi təşkilatdır. Odur ki, belə söhbətlərdən narahat deyiləm. Həm də mən insanları məcbur etməli deyiləm ki, haqqımda müsbət fikirləşsinlər. Mənim fəaliyyətim Almaniyadadır, bu ölkənin qanunları ilə işləyirəm və vergi ödəyicisiyəm. Həm də Almaniyada oturub insanların qanunsuz daşınması ilə məşğul olmaq mümkün deyil. İnsanların Azərbaycandan qanunsuz daşıyanlar haqqında Azərbaycan hakimiyyətinin kifayət qədər dolğun məlumatı var.
– Sizcə, bu cür fikirlərin formalaşmasının səbəbi nədir?
– Mən sizə bir daha deyirəm, hazırda oturduğum ofisə hər gün soydaşlarımız müraciət edir. Hər kəslə azərbaycanlıların təşkilatlanması problemlərini müzakirə etməyə çalışıram. Almaniyada dostlarımla birlikdə kifayət qədər tədbirlər keçirmişik. Mütəmadi olaraq tədbirlər keçiririk. Almaniyada diaspora təşkilatları mövcud deyil. Lakin biz Almaniyada diasporanın formalaşdırmağa başlamışıq və uğurla davam etdiririk. Mən jurnalist deyiləm. Lakin mənə Almaniyaya gətirilmək, oturum almaq adı ilə aldadılan şəxslər müraciət edirlər. Onların bəzilərindən etibarnamə almışam və müvafiq orqanlara müraciət etmişəm, hazırda araşdırma aparılır.
Hətta Bakıdan – Azərbaycandan da mənə bu kimi məsələlərlə müraciətlər olur. Təbii ki, mən həmin şəxsləri müvafiq orqanlara istiqamətləndirirəm. Mənim müraciətim və istiqamətləndirməm əsasında Azərbaycanın hüquq-mühafizə orqanları iki fakta görə cinayət işi başlayıb və həbs olunanlar da var. Hansısa jurnalist eşitdiyinə istinad edib yazı yazır, adını da qoyur “reportaj”. Azərbaycanda baş verən cinayətlərin izlərini Almaniyada axtarmaq nə məntiqə, nə ədalətə, nə də jurnalistikanın prinsiplərinə uyğundur. Almaniya Azərbaycandan fərqli olaraq öz ərazisində baş verən qanun pozuntularına hüquqi qiymət vermək gücündədir.
–
Ümumiyyətlə, mühacir alveri barədə söhbətlər media və sosial şəbəkələrdə ilk dəfə səslənmir. Mühacir jurnalist Elbəyi Həsənlinin Müsavat Partiyasının rəhbərliyinə qarşı ittihamı məhkəməyə qədər getdi. Bu mənada yayılan iddialar haqda nə deyə bilərsiniz?
– Elbəyi Həsənlinin yazılarını oxuduğum və hörmət etdiyim jurnalistlərdəndir. Amma hasısa partiyanı, xüsusilə Almaniyada təşkilatlanmış bir partiyanı mühacir biznesində ittiham etmək yolverilməzdir. Hər bir siyasi partiya öz üzvlərini müdafiə etməlidir və bu, çox normal haldır. Müsavat Partiyası Almaniyada təşkilatlanmış bir partiyadır, hər kəs də bu partiyaya dəstək verməlidir. Mən İlham Həsənə də, Müsavata da çox hörmətlə yanaşıram, siyasi partiyaların mühacir biznesində ittiham olunmasını da normal hal hesab etmirəm. Hər hansı müsavatçının və ya Əlövsət Əliyevin Almaniyada oturub Almaniyaya və ya Avropaya insanları daşıması mümkün deyil. Azərbaycanın hüquq-mühafizə orqanları dəfələrlə bəyan ediblər ki, Azərbaycanda cinayətkarlığa qarşı mübarizəyə tam nəzarət edilir. Deməli, nə baş verirsə, onların nəzarətində və ya himayəsində baş verir.
–
Hakimiyyət nəzərdə tutursuz?
– Əlbəttə, hakimiyyətdə təmsil olunanları. Əks halda Kanadaya saxta viza verənlər həbs edilərdi, hər gün səfirliklərə viza üçün saxta sənədlər verənlərin qarşısı alınardı. Daxili İşlər Nazirliyinə Rəşad Quliyev haqqında edilən müraciətlər üzrə cinayət işi başlayardı. Bəs bu özbaşınalıqların arxasında hakimiyyətdə olanlar dayanmırsa, kim dayanır? Biz Almaniyada olan min nəfər azərbaycanlı arasında rəy sorğusu keçirmişik, suallardan biri belə idi: Almaniyaya gəlməzdən əvvəl bu ölkə haqqında (Almaniya nəzərdə tutulur) məlumat almışdınızmı, almışdınızsa, haradan və kimdən almışdınız? Sorguda iştirak edənlərdən 49 faizi heç yerdən məlumat almadıqlarını, axına qoşulduğunu deyir, 20 faizi Almaniyada yaşayan qohumlarından və tanışlarından, 15 faizi isə məlumatı internetdən aldığını söyləyir. Biz Daxili İşlər Nazirliyinə müraciət etdik ki, Azərbaycandan gedənlər aldadılmasin deyə onları məlumatlandırmaq üçün “qaynar xətt”in açılmasına dəstək verin. Cavab verdilər ki ehtiyac yoxdur və məlumatlandırma kampaniyalarını aparırıq.
– Rəşad Quliyev kimdir?
– Azərbaycan vətəndaşları mənə etibarnamə veriblər ki, Kölndə yerləşən “Azərbaycan Mədəniyyət Evi”nin rəhbəri Rəşad Quliyev filan qədər pul alaraq onları aldadıb. Onlar pulların qaytarılması üçün mənə müraciət ediblər. Bu barədə sənədlər Bakıya, Daxili İşlər Nazirliyinə göndərildi,
“axar.az” saytı
, sonra isə digər mətbuat orqanları bu barədə məlumat yaydı, ancaq Mətbuat Şurası baş redaktoru çağırıb yalan informasiya yaymaqla bağlı tənbeh etdi. Adamı az qala həbs etsinlər. Ardınca Rəşad Quliyev barəsində cinayət işinə xitam verildi, bununla bağlı əlimdə sənədlərim var. Rəşad Quliyevin onlardan pulu alması və Almaniyaya gətirilməsi tam sübuta yetirilmişdi.
– Əlövsət müəllim, “mühacirət bazarı” elə kütləvi hal alıb?
– Məsələ ondadır ki, Azərbaycandan Almaniyaya gələnlərin sayı Ermənistan və Gürcüstandan gələnlərdən çox deyil. Yalnız azərbaycanlılar arasında cəfəng, həqiqətə söykənməyən, bir-birini gözdən salan uydurmalar yayılmaqda davam edir. Bir daha deyirəm, bu insanları Azərbaycandan göndərən birinci mövcud sistemdir, ikinci də turist firmaları. Turist firmaları hansısa səfirliyə saxta sənəd verməsə, səfirlik həmin adamlara viza verə bilməz. Hüquq-mühafizə orqanları bu məsələləri araşdırsın.
–
Almaniyaya saxta sənədlərlə gedənlər arasında siyasi mənsubiyyəti olmayanlar da az deyil, amma bu insanlar orda özlərini partiya üzvü kimi qələmə verirlər. Belələrinin taleyi necə olur?
– Əvvəla, qaçqın statusu almaq üçün təkcə partiya mənsubiyyəti şərt deyil. Siyasi mənsubiyyətdən başqa irqi, dini, etnik mənsubiyyətə və müəyyən sosial qrupa görə təqib də status almaq üçün əsasdır. Bu kimi əsasları olmayan şəxslər 2-3 il sonra Almaniyadan deportasiya edilirlər. Bəzi ailələr 5-6 ildən sonra Azərbaycana deportasiya olunur. Ona görə bir daha insanlara əvvəl düşünüb, sonra daşınmağı tövsiyə edirəm. Təsəvvür edin, 5-6 il alman məktəbinə gedən uşaqlar yenidən Azərbaycana qaytarılır və Azərbaycan dilində oxumağa davam edirlər. Uşaqlar, bəzi hallarda valideynlər də ciddi psixoloji sarsıntı keçirirlər.
– Deyilənə görə, siyasi mənsubiyyəti olmayanların gedib Avropada partiya bileti əldə etməsi adi hala çevrilib. Bu, necə baş verir?
– Heç kim partiya bileti ilə qaçqın statusu ala bilməz və bu, mümkün deyil. Partiya biletinin olması qaçqın statusu almaq üçün əsas deyil. Qaçqın statusu almaq üçün şəxsin həm də təqib olunması, təqibin şəxsin həyat və azadlığı üçün təhlükəli olması, şəxsin ölkəyə qayıdacağı halda həbs olunacağı sübut olunmalıdır. Həm də qaçqın statusu almaq üçün sənədlərin olması vacib şərt deyil. Tanıdığım status alanların əksəriyyəti şəxsiyyət vəsiqəsi və pasport istisna olmaqla heç bir sənəd təqdim etməyən şəxslərdir. Sığınacaq verən şəxs sənədlərə deyil, baş vermiş hadisəyə daha çox qiymət verir. Almaniyada sığınacaq alan YAP üzvlərinin sayı Müsavat istisna olmaqla digər partiyaların hamısından çoxdur. Belə ki, bizim sorğuya cəlb etdiyimiz 1000 nəfərdən 304 nəfəri siyasi partiya üzvləridir. Onların 97 nəfəri Müsavat Partiyasının, 64 nəfəri isə Yeni Azərbaycan Partiyasının üzvləridir. Yerdə qalanlarını AXCP, KXCP, ADP, VHP, REAL Hərəkatı və digərləri təşkil edir.
–
Bu sualı ona verdim ki, Müsavat və AXCP rəhbərləri Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İdarəsinə çağrılanda onlara mühacirlər barədə suallar vermişdilər…
– Bəli, yadıma gəlir. O zaman demişdim ki, hər bir partiya təqib olunan üzvünü müdafiə etməlidir, heç kim buna görə izahat tələb etməli deyil. Normal cəmiyyətlərdə partiya rəhbərlərindən buna görə ifadə alına bilməz. Statistik məlumatlara istinad etsək, onda gərək YAP rəhbərliyindən də ifadə alınsın.
– Sizə o cür adamlar müraciət edirmi?
– Mənə bəzi hallarda qaçqın statusu ala bilməyən və vəkilə ehtiyacı olan soydaşlarımız müraciət edirlər. İmkan olanda məsləhət verirəm və vəkillərə istiqamətləndirirəm. Amma bir daha deyirəm, mənim fəaliyyətim qaçqınlarla bağlı deyil. Mən bir ildə həmvətənlərimiz üçün iki firma acıramsa və ya bir daşınmaz əmlak alınmasında vasitəçilik edirəmsə, bu, mənə bəs edir. Qaçqınlarla işləmək çox risqlidir. Almaniyada heç kim kiməsə qaçqın statusu alacağına söz verə və ya öhdəlik götürə bilməz. Kim bu öhdəliyi götürürsə, o, yalan danışır.
Redaksiyadan:
Meydan TV müsahibədə adı keçən Rəşad Quliyevlə əlaqə saxlaya bilməyib. Rəşad Quliyev Azərbaycan mətbuatına verdiyi açıqlamada barəsində deyilənləri “
qarayaxma
” adlandırıb. O bildirib ki, rəhbərlik etdiyi təşkilatın qısa müddət ərzində gördüyü işlər və qazandığı uğurlar müəyyən şəxsləri ciddi narahat edir:
“Buna baxmayaraq, biz öz fəaliyyətimizi davam etdirəcək, Azərbaycanın adına, milli maraqlarımızın qorunması üçün çalışacağıq. Bu gün bəzi qərəzli mətbuat səhifələrində haqqımda “Diaspora rəhbəri dələduz çıxdı” yazı verməklə nə qədər saxtakar, riyakar və qərəzli olduqlarını ortaya qoymuşlar. Qarşı tərəfin fikrini dinləmədən, “dələduzluq” kimi cinayətdə ittiham etmək, obyektivlik naminə mənim də mövqeyimə yer verməmək ancaq məkrli planın tərkib hissəsi kimi qiymətləndirilməlidir”.