Taleh Bağırzadə hakimə: ”Məni İlham Əliyev yerimdə oturda bilmədi, sə ne dəcəksən?”
Nardaran hadisələrində təqsirləndirilən şəxslərin vəkillərindən imtinası məhkəmə tərəfindən qəbul edilməyib.
Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçən prosesdə hakim deyib ki, imtina əsaslandırılmadığından qəbul olunmur.
“Ramil Usubov ifadə versin”
“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, iclasa hakim Əlövsət Abbasov sədrlik edib.
İclasda vəkil Yalçın İmanov bir neçə vəsatət verib. O, daxili işlər naziri Ramil Usubovun iclasda ifadə verməsini istəyib:
“Ötən il dekabrın 2-də Ramil Usubov AzTV-yə müsahibə verib. Bildirib ki, Nardarandakı kriminogen duruma görə əməliyyat keçirilib. Nazir indiyə kimi Nardaranda 23 dəfə polislə toqquşma baş verdiyini qeyd edib. Deyib ki, əməliyyat MTN, prokurorluqvə DİN tərəfindən keçirilib. Onun sözlərinə görə, əməliyyat zamanı 2 polis əməkdaşı öldürülüb, 5 nəfərisə məhv edilib. Beşinci adam kimdi, məlum deyil. Nazir əməliyyatın prezident İlham Əliyevin göstərişiilə keçirildiyini söyləyib. Bununla bağlı cinayət işində heç bir məlumat yoxdur”.
Vəkil həmim müsahibəni disk şəklində məhkəməyə təqdim edib.
Vəkil Nemət Kərimli isə deyib ki, Nardaranda cinayət törədilib və bunun məsuliyyəti prezidentin üzərinə atılır.
“Bir gün bunlara ədalətli qiymət veriləcək”
Taleh Bağırzadədeyib ki, Nardaranda hakimiyyətin cinayət törətməsi heç kimə sirr deyil:
“Əvvəllər kimsə bizi ittiham edirdi. Şükür Allaha ki, bu şübhələr aradan qalxdı. Hacı Məmmədov məsələsində bir çeçen buraxılmışdı. O zaman Ramil Usubov dedi ki, o, Heydər Əliyevin göstərişiilə buraxılıb. Beləliklə, məsuliyyətdən kənarda qaldı. İndi də deyir, mən kiməm ki, İlham Əliyev deyib, mən öldürmüşəm. Bir gün bunlara ədalətli qiymət veriləcək. İlham Əliyev ölkə başçısıdır. Əgər bunlardan xəbəri varsa, cinayətə şərikdir, yoxdursa, niyə orada oturub? Hər iki halda məzəmmət olunasıdır”.
“Hadisələr tədqiq edilməlidir”
Vəkil Yalçın İmanov isə deyib ki, Nardarandakı hadisədən sonra həmin evdən reportaj hazırlanıb:
“Orada divarda güllə izləri görünür. Kanal 13 və Meydan TV bununla bağlı material hazırlayıb.Həmçinin Sabunçu rayon Polis İdarəsinin qarşısında olan hadisənin də görüntüləri var. Orada insanlar polisə müqavimət göstərmir, əksinə polislər kobud davranırlar. Bunlar tədqiq edilməlidir. Nardaranda ölən şəxslərin cəsədləri 9 gündən sonra ailələrinə verilib və dəfn ediliblər”.
Abbas Hüseynov deyib ki, öz babalarını üç ay soyuducuda saxlayanlar başqalarına qarşı bundan da betərini edərlər.
Taleh Bağırzadə isə Nardaranda keçirilən əməliyyatın görüntülərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən alınmasını istəyib:
“Orada çəkiliş aparılıb. Lakin görüntülər iş materiallarında yoxdur. Sorğu verin, görüntülər varsa, təqdim etsinlər. Bizi polis öldürməkdə ittiham edirlər. Hadisədən sonra on gün kanallarda kampaniya aparıldı. Çəkilişi qoysunlar ortaya”.
“Heç çöldə olanların da azadlığı yoxdur”
Təqsirləndirilən İbrahim Xudaverdiyev hesab edir ki, Azərbaycan bir qrup mafiya tərəfindən idarə edilir:
“Heç çöldə olanların da azadlığı yoxdur. Onlara “Allah qapınızı açsın” deyirəm. Ramil Usubov çıxıb xalqın qarşısında yalan danışır”.
“
Ədalətsiz qərar müzakirə edilməlidir
”
Vəsatətlərə münasibət bildirən prokuror isə onların təmin edilməməsini xahiş edib.
Müşavirədən sonra hakim bildirib ki, vəsatətlər təmin edilmir. Bundan başqa, ötən iclasda verilən vəsatətlərə də hakim münasibət bildirib. Qeyd edib ki, Abbas Hüseynovla bir kamerada qalan Cahangir Hacıyevin, əməliyyata rəhbərlik edən Kərim Əlimərdanovun, hal şahidlərinin dindirilməsi haqqında vəsatətlər təmin edilmir. Məhkəmə Rasim Cəbrayılovum vəkili Zibeydə Sadıqova tərəfindən əməliyyatçı İbrahim Kazımovun yenidən dindirilməsi barədə verilən vəsatəti isə təmin edib.
T. Bağırzadə hal şahidlərinin dindirilməsinin vacib olduğunu deyib:
“Hansı əsasla siz onların dindirilməsində maraqlı deyilsiniz? Nardaranda silah gördüyünü deyən hal şahidləri dindirilməlidir. Deyirsiniz, hakimin qərarı müzakirə edilmir. Ədalətsiz qərar müzakirə edilməlidir”.
Y. İmanov isə deyib ki, eyni vaxtda iki hal şahidi üç əməliyyatçı ilə bir yerdə baxış keçirib və bunlar araşdırılmalıdır:
“Onlardan Kərimov İntiqam başqa siyasi işlərdə də hal şahidi olub”.
F. Qəhrəmanlı bildirib ki, məhkəmənin məqsədi detalları üzə çıxarmaqdan ibarət olmalıdır:
“Polislər maraqlı şəxsdirlər. Hal şahidləri isə tərəfsizdilər. Hal şahidləri ifadə vermirsə, deməli,məhkəmə obyektiv qərar çıxarmaq niyyətində deyil. Polislərin ifadələrində olan ziddiyyətlər iclasın qondarma olduğunu üzə çıxarır. Hakimiyyət bu prosesin gedişindən narahat olub. Bütün işgəncə faktları ifşa olunub. Əminəm ki, şahidlər ifadə verəndə bunlar bir daha ifşa olunacaq. Bundan qorxduqları üçün şahidləri çağırmırlar. Əgər belə deyilsə, çağırın, gəlib danışsınlar. Siz heç bir səbəb göstərmədən vəsatəti təmin etmirsiniz. Hakimiyyətin mövqeyini müdafiə edirsiniz”.
Hakim deyib ki, bu, Fuad Qəhrəmanlının şəxsi fikirləridir.
“Polis zaldan çıxarılsın”
Daha sonra iclasda fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxslər zalda əyləşən bir nəfərin polis olduğunu iddia ediblər və onun zaldan çıxarılmasını istəyiblər. Həmin şəxs jurnalist olduğunu desə də, harada işlədiyini söyləməyib. T.Bağırzadə isə hakimə iradını bildirib:
“Ənvər Seyidov ədalətsiz qərarlar çıxarırdı. Sonu necə oldu, gördünüz”. Hakim isə onun sözünü kəsərək “Otur aşağı” deyib. T. Bağırzadə isə ona “Məni İlham Əliyev yerimdə oturda bilmədi, sən edəcəksən?” – deyib. Bundan sonra hakim T. Bağırzadənin prosesdən kənarlaşdırılması haqqında qərar qəbul edib və hakimlər zalı tərk ediblər.
T. Bağırzadə isə bildirib ki, Əlövsət Abbasov Nardaran sakini olan bir şahidə zəng edərək, məhkəməyə gəlməməyi tələb edib:
“Bu, görünməyən bir şeydir. Bunlar haramzadədirlər. Mən növbəti iclasda Əlövsət Abbasovun ailə üzvlərinə, qohumlarına müraciət edəcəyəm ki, onu heç bir məclisə çağırmasınlar. Gedib məclislərdə başda oturmasınlar. Bunlar məclis adamı deyil”.
Proses qeyri müəyyən vaxta kimi təxirə salınıb.
Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, “Müsəlman Birliyi” Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırzadə, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırzadə və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.