Elnur Məcidli: Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil

Elnur Məcidli: Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil


2010-cu il parlament seçkilərində iştirak edən, sonradan haqqında cinayət işi açıldığı üçün ölkəni tərk edən Elnur Məcidli həm də müxtəlif aksiyaların təşkilatçısı kimi tanınır. Hazırda o, müvəqqəti olaraq Azərbaycana qayıdıb.


Elnur Məcidli Meydan TV-nin suallarını cavablandırıb.


– Elnur bəy, 11 il sonra müvəqqəti Azərbaycana qayıtdınız. Bəs gələcəkdə necə həmişəlik gəlmək fikriniz varmı?

– Bu, əslində, müvəqqəti qayıdışdır, bundan sonra mənim artıq Fransada bir həyatım var, orda qalacam, amma Azərbaycana təbii ki, vətən kimi gəlib-gedəcəm. Gələcək necə olacaq, onu indidən deyə bilmərəm, ancaq Azərbaycana gəlib-getmək daha rahat olacaq, ildə bir dəfə gəlmək imkanımız olacaq.



Prezidentə təşəkkür müraciətiniz sosial şəbəkələrdə və mediada birmənalı qarşılanmadı. Hətta hökumət mediası sizin müraciəti yaydıqda, “11 mart – Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı olduğunuzu da xatırlatdı. Hakimiyyətə münasibətinizdə dəyişikliyə hansı səbəblər təsir göstərib?

– Hər iki aksiyada çağırışım həmişə sivil olub, hətta həmin vaxt 11 martdan əvvəl Azadlıq Radiosuna müsahibəmdə də demişdim ki, bu, sivil etiraz formasıdır. Haqqımda açılan cinayət işi-dövlət çevilişinə cəhd idi. Düşünürdüm ki, burda bir qərəz, qəsd ola bilər. Zamanla mənzərəni aydın görməyə başladım ki, hansısa bir qrup məmur narazı kütlədən öz lehinə istifadə edərək vəzifələrini qorumağa çalışır. Burda bir əlbirlik görünür, həm müxalifət daxilində insanlar var ki, həmin qrupa işləyirdi, təsəvvür edin ki, həmin qrup vəzifədən kənarlaşdırılandan sonra onlarla əlbir olan, səsi gur çıxan müxalifətçilərin də səsi azaldı. Cəmiyyət görür ki, həmin insanlar qarşılıqlı olaraq bir-birinin maraqlarını təmin edirdi. Bu mənzərəni özüm üçün aydınlaşdırandan sonra düşündüm ki, məqsədim hansısa məmurun vəzifədə qalmasına xidmət deyil. Belə olan halda 2014-cü ildən artıq prezidentə müraciətlər edirdim, amma həmin komanda hakimiyyətdə olduğundan müraciətlər ünvana çatmırdı. Siyasi islahatlar prosesi başlayandan sonra gedişatı səbrlə gözlədim. Hansı ki, həmin qüvvələr dövlətçilik marağından çox öz şəxsi mənafelərini ön plana qoymuşdular. Onlar vəzifədən gedəndən sonra müraciətim lazımı ünvana çatdı, bildiyim qədər müraciətim prezidentə məruzə olundu və sırf onun şəxsi təşəbbüsü ilə bu məsələ yekunlaşdı.


– Uzun illər İlham Əliyevi tənqid etdiniz. İllər keçdi, siz dəyişdiniz, yoxsa Əliyev?

– Düşünürəm ki, dəyişmə ikitərəfli baş verir. Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil, bəzən mənzərəni fərqli görə bilirik. Dağın təpəsində dayansaq, daha aydın görürsən, amma dərədən dağın o tərəfini görmək mümkün deyil, sadəcə, fərziyyələr var. Elə məqam yarandı ki, biz artıq dağın təpəsindən real mənzərəni görməyə başlayanda, əlaqələri, pərdəarxasını, o zaman artıq seçim edə bildik. Siz də bu proseslərin içində olan adam kimi müxalifətdə və iqtidarda kimin əlinin kimin cibində olduğunu bilirsiniz. Bu gün özünü fədakar kimi göstərən bir sıra adam var ki, onlar uzun illər hakimiyyətdə hansısa bir qrupun marağına işləyib.



Müraciətinizdən sonra Fransada mühacirətdə olan qohumlarınızdan, məsələn, qardaşınızdan narahat deyilsiz ki, Fransa oturmuna son qoyar?

– Xeyr, əgər sizin siyasi probleminiz başa çatıbsa, bunu bildirməlisiniz. Fransada 5 il yaşamısınızsa, deyirsiniz ki, problemim bitib, bunu söyləmək lazımdır. Bəlkdə sizin də tanıdığınız bir çox mühacir bu gün ölkəyə gəlsə də, bu barədə susur. Könüllü şəkildə gedib demək lazımdır ki, mənim prosesim yekunlaşdı, bu məsələ o adamlarda qorxu yaradır ki, 10 ildir sosial yardımdan faydalanır. Bu, daha çox vətəndaşlıq ala bilməyənləri qorxudur. Mən Fransada 2014-cü ildən yaşayıram, 2011-ci ildə cinayət işi açılanda isə 7 il idi ordaydım, tam olaraq 17 il. Yəni problemin bitibsə, gizlətmək lazım deyil. Bu, hamıyla bağlıdır, bilirəm ki, bu gün Miqrasiya İdarəsinə müxtəlif hekayələr danışanlar var, onlar ölkəyə gəlib gedirlər.



Sizi Elşad Abdullayevlə nə birləşdirirdi ki, onun mətbuat katibi oldunuz? Məsələ ondadır ki, Azərbaycanda ona münasibət birmənalı deyil…

– Bu, o dövrə təsadüf etdi ki… Onunla tanışlığım 2011-ci ildə baş verdi və 3 il davam etdi, 2014-cü il əvvəlinə qədər, ondan sonra heç bir təmasımız yoxdur. Təsəvvür edin ki, üstünə dövlət maşını gəlir, repressiv bir mexanizm var, atan, qardaşın işdən çıxarılıb və instinktiv olaraq aqressiyan artır. Nəticədə müdafiə mexanizmi formalaşdırırsan. O zaman mənə bir çox məsələ aydın oldu. Elşad Abdullayev Fransaya müxtəlif səbəblərdən gəlmişdi, təbii ki, ortada problem var, lakin o ərəfədə onun əlində videolar olduğunu gördüm. Beləliklə, həmin videoların yayılmasında köməklik göstərməyi öhdəlik kimi özümdə hiss etdim. Düşündüm ki, bunlar ictimailəşməlidir. Çünki bu videoların ictimailəşməsi müəyyən qədər Azərbaycan dövlətçilyinə xidmət etdi. Ramiz Mehdiyevlə bağlı o dövrə qədər bir yanaşma vardı ki, o kommunist mühitində böyüyüb, sovet adamı olduğundan rüşvət almır, amma həmin videolar bu fərziyyələri dağıtdı. Müəyyən məqamdan sonra vəziyyəti aydın gördüm, indi ad çəkmək istəmirəm ki, polemikaya səbəb ola bilər. Düşünün ki, Daxili İşlər Nazirliyinin bir rəsmisinin videosu var, amma müxalifətçi sayılan adam Elşad Abdullayevə zəng edir ki, həmin videonu yayma. Bəlkə həmin adam bu söhbətə tamaşa edəndə, kimi nəzərdə tutduğumu yaxşı biləcək. İndi o öndə olan partiyanın əsas fiqurlarından biridir.


– Yəqin ki, Elşad Abdullayevin sizə qarşı ittihamlarından xəbərdarsınız. Hökumətə işləməkdə suçlayır, konkret olaraq, Lider TV, Trend.az media qruplarıyla işlədiyinizi deyir.

– Ola bilər, keçmişdə də belə şeyləri deyib. 2014-cü ildə bu barədə mövqe ortaya qoyandan sonra o belə danışmışdı. Bilirsiniz, həyatımda heç bir işim gizli olmayıb. İndi də düşünürəm ki, bu yöndə getmək daha doğrudur və bunları gizlin etməmişəm, açıq elan olub. Problem o deyil ki, bütün insanlar mənim mövqeyimi bölüşməli, yaxud əksinə olmalıdır. Ancaq bu sektorda ikitərəfli oynayanlar var, ən çox tənqid edənlər də onlardır. Məni ən çox tənqid edən insanlar onlardır ki, ya vaxtilə gizlin oynayaraq öz partiyasına xəyanət edib, ya da pullarını kəsdiklərindən dönüb müxalifətçi olublar. Mənim dayandığım yer isə həmişə aydın olub.


– Belə başa düşdüm ki, köhnə komanda-Ramiz Mehdiyevin komandası gedəndən sonra hakimiyyətdə vəziyyət, baxış dəyişib. Belə demək istəyirsiniz?

– Bəli. Yeni, gənc nəsli çox əhəmiyyətli hesab edirəm, təbii ki, burda ölkə başçısı böyük rol oynayır. Amma gəncləşmə və bütün prosesə daha peşəkar yanaşma var, mən narazıyam və nədən narazıyam, onlar bu problemi həll etməyə çalışırlar. Bu narazılıq hansı fonda baş verib, bəzən kiçik bir məmurun özbaşınalığı bir adamı ölkədən küskün sala bilər.


– Bir məqam var ki, gəlin sizə opponentlik edim. 2020-ci ilin parlament seçkiləri Ramiz Mehdiyevin dövründə keçirilmədi, amma narazılıqlar da çox idi. Sizin yaxşı tanıdığınız Bəxtiyar Hacıyev prezidentin səs verdiyi dairədən namizədliyini irəli sürdü, seçkinin necə keçdiyi barədə isə video kadrlar var. Və bunlar yeni komandanın dövründə olubsa, necə qiymət verirsiniz?

– Dövlət mexanizmi davamlı işləyən mexanizmdir, amma çarxlar yavaş dönsə də, proses davamlı olur. Biz hər şeyin bir gündə olmasını istəyirik, hər şeyi bir günə sığışdırmağa çalışırıq. Azərbaycan dövlətçiliyini bir toxuma bənzədin, əvvəl ot olur, onu qorumalısınız ki, heyvan yeməsin, şaxta olanda örtməlisiniz ki, soyuq vurmasın.



Amma korrupsiya amili var. Yaxud iki gün əvvəl Beynəlxalq Araşdırma Jurnalistlər Şəbəkəsi Azərbaycan hökumətinin İsraildən dinləmə proqramı aldığı haqda məlumat yaydı. Məlum olub ki, ölkə daxilində jurnalistlərin, fəalların, siyasilərin telefon danışığın dinlənilirmiş…

– Bu məsələdə İsrail amilinə nəzər yetirməlisiniz. Azərbaycanda İsrailin güclənməsini kim istəməyə bilər? Hər halda informasiyanı İsrail yaymayıb. Kimlərinsə dinlənilməsi xırda detallardır.



Yəni siz bu məsələyə geopolitik oyun kimi baxırsınız?

– Bəli. Bunların arxasında maraqlar dayanır.


– Ancaq Azərbaycan qanunvericiliyi vətəndaşın telefonunun dinlənilməsini yolverilməz sayır…

– Siz düşünürsünüz ki, bu, yalnız Azərbaycanda baş verir? Sadəcə, bunu ortaya çıxaran da bir kəşfiyyatdır.



Fakt budur ki, Jurnalistlərin Araşdırması Şəbəkəsi ortaya çıxarıb…

– Yox, onlar artıq ön planda olanlardır. Mən o prosesləri yaşayan adam kimi bilirəm ki, informasiya əlinizə gəlməsə, qaynağını necə tapa bilərsiniz?


– Araşdırma aparıb tapıblar…

– Yox, ciddi məsələ deyil. Qlobal maraqlar bu kimi məsələlərdə rol oynayır. Təsəvvür edək ki, Azərbaycan Rusiyanın hansısa marağına zidd hərəkət edir, müharibə dövrünü, cənab prezidentin rolunu götürək, çox doğru zamanı seçdi, o keçən sürətli qatara minməyi bacardı. Siyasi iradə, təcrübə, uzaqgörənlik, bunlar hamısı, bütün keyfiyyətlər orda birləşib və bir sıra ölkələrin maraqlarını təmin etmədi. Məsələ ondadır ki, Azərbaycanın İsraillə hərbi əməkdaşlığının genişlənməsi davam etdirilir, onların ən yeni texnoloji silahlarını Qarabağ müharibəsində sınaqdan çıxarıldı.


– Amma bunlar əsas vermir ki, sən ölkədə insan haqlarının tapdanmasına, azad medianın hüquqlarının pozulmasına göz yumasan…

– Bilirsiniz, azadlıqlar formalaşmalıdır, 10 il əvvəlki vəziyyətlə indiki eyni deyil, burda yaşadığınızdan daha yaxşı görürsünüz. Mən kənardan görürəm.



Bəli, 10 il əvvəl Azərbaycanda çap mediası müəyyən qədər qalmışdı, indi o da yoxdur. Sizə elə gəlmir ki, getdikcə, azadlıqlar məhdudlaşacaq?

– Qəzetlərin olması məsələsi nə idi, dövlət tərəfindən maliyyə ayrılırdı, o maliyyə kəsildi. Niyə düşünmürüsünz ki, onların kifayət qədər oxucusu yox idi, yaxud ayrılan qrantlar hara gedir? Bilirsiniz, hesabatlılıq istəyənin özü şəffaf olmalıdır. Azərbaycanda bələdiyyədən kupçası olmayan torpaq alırlar, ardınca ev tikib qanunsuzluq edirlər, amma hansısa şirkətin bənzər qanunsuzluğundan narahat olursunuz. Bu, bilirsiniz subliminal olaraq qısqanclıqdır, yəni əlinizdə imkan olsaydı, siz də edərdiniz, amma o imkan yoxdur.



Bütün hallarda nikbin yanaşdığınız gedişat 10 il sonra yaxşılığa doğru gedəcəkmi?

– Əlbəttə.


– Fikrinizi hansı arqumentlərlə əsaslandıra bilərsiniz?

– Bir il əvvəl mən Cəbrayıla gedə bilmirdim, Böyük Mərcanlı bir xəyal idi, bu gün gedirəm. Bilirsiniz, problemləri xronoloji ardıcıllıqla qoyub həll etmək lazımdır. Maaş alanda ilk növbədə ərzaq almağı düşünürsünüz, amma uşaq oyuncaq istəyir, onu susdurursunuz, yeri gəlsə, qəzəblənib vurursunuz, çünki birinci ona qida lazımdır. Uşaq isə onu düşünmür, oyuncaq istəyir. Dövlət və ata olmaq fərqli duyğudur, bunun içində mental, dini, tarixi dəyərlər var, bir çox şeyin kompleksidir, amma bu, bizik.

Ana səhifəVideoElnur Məcidli: Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil