Elmira İsmayılova: ”Qorxdum ki, birdən Xədicəni görmərəm”



“Övladlarımız üçün mübariz olmalıyıq”

Həm 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə, həm də ağır əməliyyat keçirdiyi üçün vicdan məhbusu, həmkarımız Xədicə İsmayılovanın anası Elmira İsmayılovaya baş çəkmək qərarına gəldik.  Əslində 8 mart Beynəlxalq Qadınlar Günü cəmiyyətdə cinsi ayrıseçkiliyin nümunəsi olduğuna görə həmkarımız Xədicə İsmayılın həmin bayramı heç vaxt qəbul etmədiyini yaxşı bilirdik. Həm də 8 mart tarixinin Xədicə İsmayılın yaddaşına başqa xatirə ilə həkk olunduğunu da yaxşı xatırlayırıq. Araşdırmaçı jurnalist şəxsi həyatı ilə bağlı görüntülərlə bir neçə il qabaq məhz qadınlar bayramı ərəfəsində – 7 martda təhdid olunmuşdu.

Bütün bunlara baxmayaraq, 8 Mart dedikdə çoxu yeganə qadın siyasi məhbus olduğu üçün Xədicə İsmayılı yada salır…


“Dostlarım ruhdan düşməsinlər!”

Darvazanı bizə Xədicənin bacısı qızı, balaca Elmira açır. Bizi qonaq otağına – Elmira ananın yanına ötürür. Qonaq otağına daxil olanda Xədicənin evdə başqa qonaqların olduğunu da görürük. Masa ətrafında Elmira xanımın yanında əyləşib söhbətləşirlər. Elmira xanımla görüşüb, bayramını təbrik edib, halını əhvalını soruşub, reportaj üçün gəldiyimizi söyləyirik. Razılıq verir. Və dərhal otaq bizim ixtiyarımıza verilir.

Elə əyləşən kimi Elmira xanım üzünü bizə tutub: “Xədicə zəng vurmuşdu. Bir az tez gəlsəydiz, danışardız”- deyir.

Həmkarımızın səsini eşidə bilmədiyimizə görə təəssüflənirik. Nə vaxt zəng vurduğunu soruşuruq. Elmira xanım deyir ki:

“Səhər zəng vurmuşdu. Tələbə yoldaşları burdaydı. Onlarla da danışdı. Rəfiqələri səsini eşidib kövrəlmişdilər”.

Elmira xanım deyir ki, o da çox tez-tez Xədicə üçün darıxır.  Baxmayaraq ki, tez-tez zəng edir, yanına gedib görüşürlər, amma yanından qayıdan kimi burnunun ucu göynəyir.

“Özünə də deyirəm ki, darıxmışam, deyir: “Mama, sən əvvəllər belə deyildin. Amerikada 2 il yaşayanda, xarici səfərlərə gedəndə heç belə demirdin””.

Elmira xanım deyir ki, hər dəfə görüşəndə dostlarını soruşur, onlara mesajını çatdırmağı xahiş edir:


“Mesaj göndərir ki, möhkəm olsunlar! Ruhdan düşməsinlər!”

Xədicənin anasına tapşırığı

Elmira xanım deyir ki, Xədicə  həbs olunduğu gündən onun özünə də tapşırıq verib:

“Mənə də həmişə deyir ki, mama, ağlamayasan ha, sınmayasan ha. Deyirəm, sən kimə oxşamısan?”

Elmira xanımın inamla dediyi bu sözlər bizim təbəssümümüzə səbəb olur. Elmira xanımdan əməliyyatdan sonra özünü necə hiss etdiyini soruşuruq. Bildirir ki, əməliyyat Türkiyə xəstəxanalarının birində aparılıb. Ürəyində aparılan əməliyyat uğurlu alınıb. Ancaq əməliyyatdan sonra beynində yüngül iflic keçirib. Deyir, əməliyyat olunanda deyil, iflic keçirəndə çox qorxub. Qorxub ki, Xədicəni bir daha görməz…

Kövrəlir. Otağa səssizlik çökür. Bir qədər sonra özünü toxtadıb söhbətinə davam edir.  Deyir, sonra yavaş-yavaş özünü yaxşı hiss etməyə başlayıb. Əməliyyat olunandan sonra Xədicənin görüşünə gedəndə ona həmin hisslərindən söz açıb:

“Əməliyyatdan sonra həbsxanada Xədicə ilə görüşəndə dedim, qorxdum ki, bir də səni görməyəcəm. İstər-istəməz gözümdən yaş axmağa başladı. Dedi ki, mama, sənə deməmişəm ağlama?!”


“Qızımla fəxr edirəm”

Elmira xanımdan Xədicənin vəziyyətini də öyrənirik. Deyir, vəziyyətindən narazılığı yoxdur:

“Yaxşıdır. Saxlanma şəraitindən heç bir narazılığı yoxdur. Apardıqlarımızın hamısını çatdırırlar. Həbsxanada olan adi vətəndaşlarla münasibətləri yaxşıdır. Orada da yaxşı hörmət qazanıb özünə”.

Söhbət Xədicənin məhkəmə proseslərindən, özünə qurduğu müdafiəsindən düşür. Anası bildirir ki, Xədicə özünü bütün bunlara əvvəlcədən hazırlamışdı.

“Özü bilirdi ki, bu da olacaq, o biri  də olacaq. Hər şeyə hazır idi. Ona görə sınmır”.

Elmira xanım söhbət zamanı dəfələrlə qeyd edir ki, qızı ilə fəxr edir:


“Hamıya belə cəsur övlad arzulayıram”.

Daha sonra söhbət siyasi məhbuslar, onların mübarizəsi, müdafiəsi, Azərbaycanı gözləyən sanksiyalardan düşür. Elmira xanım deyir, hardasa ümidi var ki, bu sanksiyaları önləmək üçün bütün siyasi məhbuslar tezliklə azad olunacaq. Amma Xədicənin bu tezliklə azad olunacağına şübhə ilə yanaşır:

“Gözləyirəm ki, tezliklə hamısını buraxacaqlar. Amma öz-özümə deyirəm ki, birdən hamısını buraxarlar, Xədicəni isə saxlayarlar”.

Deyir, Xədicə orda da fəaliyyətsiz deyil. Yeni kitablar tərcümə edir. Söhbət siyasi proseslərdən düşəndə Elmira ana məsləhətlərini də əsirgəmir:

“Mübariz olmalıyıq. Biz ən azından övladlarımızın haqqı üçün mübariz olmalıyıq”.

Elmira xanımdan öyrənirik ki, 1-2 günə Xədicənin görüşünə gedəcəklər. Bizdən çoxlu salam söyləməsini xahiş edib, ayrılırıq…

Ana səhifəVideoElmira İsmayılova: ”Qorxdum ki, birdən Xədicəni görmərəm”