Elmira Axundovanın yerinə təyinat olub
Prezident İlham Əliyevin sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb və Ukraynaya səfir təyin olunub.
Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) müxtəlif vəzifələrdə çalışıb.
O, eyni zamanda, XİN-də humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri vəzifəsini icra edib.
2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.
O, Azərbaycanın Ukraynadakı səfiri idi
Elmira Axundova Azərbaycanın Ukraynada səfiri, eyni zamanda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev mayın 23-də sərəncam imzalayıb.
Elmira Axundova 2020-ci ildən Azərbaycanın Ukraynada səfiri, eyni zamanda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrini daşıyırdı.
Filologiya elmləri namizədi Elmira Axundova Milli Məclisin III (2005), IV (2010) və V çağırışlarında (2015) deputat olub.
O, 1953-cü ildə Moskva vilayətinin Ramensk rayonunda doğulub.
Bakı Xoreoqrafiya Məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı Texniki Məktəbində stenoqrafiya ixtisasına yiyələnib.
Daha sonra ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Elmira Axundova deputat olmazdan əvvəl “Azadlıq” radiosunda çalışıb.
Deputat olduğu dövrlərdə adı müxtəlif qalmaqallarda hallanıb.
2017-ci ilin iyununda E.Axundovanın oğlu Həbib Axundova məxsus yaxtada model Günel Mirzəyeva müəmmalı şəkildə dənizdə boğulub.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Üç gün ərzində fasiləsiz aparılan axtarışlardan sonra G.Mirzəyevanın meyiti sudan tapılaraq ailəsinə verilib.
Eyni zamanda, sabiq deputatın adı 2018-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluqla bağlı cinayət işində adı hallanır.
İyulun 12-də məhkəmədə ifadə verən Fərman Məmmədov bildirib ki, Elnur İbrahimovu deputatın oğlu Həbib Axundovun vasitəsilə tanıyıb, pulu da deputat oğluna verib.
2018-ci ilin avqustunda Binəqədi Rayon Məhkəməsində deputatın oğlu Həbib Axundovun 10 min manat təzminat ödəməsi barədə qərar çıxarılıb.