Elmin Bədəlov ADO teatrının direktorluğundan getdi

“Teatrın gələcəyinin necə olacağı sual altındadır”


“Mən qəti qərar vermişəm ki, yalnız yaradıcılıqla məşğul olacağam”

“ADO teatrının məkanını itirməyinin bir səbəbi pandemiya, digəri isə mənim direktor olmaqdan yorulmağım idi. İllərlə çətinliklərə, problemlərə baxmayaraq, yaradıcılığımdan kəsərək, paralel bu işi aparırdım. Ancaq direktorluq dönəmimi arxada qoymaq, yalnız yaradıcılıqla məşqul olmaq qərarını vermişəm”.

Bunu ADO Teatrının (Azərbaycan Dağınıq Oda) yaradıcısı Elmin Bədəlov Meydan TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda teatra yeni direktor axtarılır:

“Açıq müraciətlərimə baxmayaraq, bugünədək hələ heç kim direktor olmaq və teatrın yaradıcılıqdan kənar bütün məsələlərini üzərinə götürmək istəməyib. Məndən tez-tez soruşurlar ki, teatrın yeni məkanı olacaq? Köhnə tamaşalar təkrar göstəriləcək? Mənim cavabım birdir: bunlar haqda yeni direktor düşünər. Mən qəti qərar vermişəm ki, yalnız yaradıcılıqla məşğul olacağam. Hazırda individual performer kimi davam etmək, ideyalarımı, performanslarımı reallaşdıraraq oynamaq istəyirəm.Teatrın bina problemi, rekvizitlərin yerləşdirilməsi kimi işlərlə məşğul olmaq istəmirəm. Doqquz ildir bu işi görmüşəm, məncə, bəs edər”.

Elmin Bədəlov onu da qeyd edib ki, bundan sonra da Azərbaycanda küçə tamaşalarının inkişafı üçün çalışacaq:

“Hazırda ADO-nun fəaliyyəti yoxdur, çünki məkanı, direktoru yoxdur. Teatrın gələcəyinin necə olacağı sual altındadır. Mən isə bundan sonrakı fəaliyyətimi ancaq yaradıcılığa həsr edəcəyəm. Müstəqil performer kimi çıxış etmək istəyirəm. Amma gələcəkdə müstəqil, və ya hansısa teatrın tərkibində, yaxud “event”də də çıxış edə bilərəm. Azərbaycanda küçə incəsənətinin formalaşması mənə çox maraqlıdır. İndividual performer kimi bu istiqamətdə çalışmaqda maraqlıyam. Bununla bağlı modern rəqs üzərindən performanslar hazırlayıram. Onlardan birini iyulun 15-də Qış Parkında ADO-nun arzularından biri olan “Yeddinci Məkan”da göstərmək istəyirəm. Bu, baş tutacaqmı? Mən də bilmirəm. İyulun 15-i, saat 20:00-da Qış Parkına gələrək birgə rəqs edə bilərik. Dövlət tərəfindən performansın keçirilməsinə mane olunub-olunmayacağını isə həmin gün biləcəyik”.

ADO Teatrının kollektivi 2021-ci il martın 17-də icarəyə götürdüyü məkandan aylıq haqqını ödəyə bilmədiyi üçün çıxmaq məcburiyyətində qalıb.

Teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov bina problemi ilə əlaqədar televiziya vasitəsilə Prezident Adminstrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinə, Milli Məcilisin Mədəniyyət Komitəsi və Mədəniyyət Nazirliyinə müraciət etsə də, cavabsız qalıb.

Yarandığı gündən tamaşalarını oynamaq üçün yer uğrunda mübarizə aparan ADO teatrı 2013-cü il iyulun 15-də aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

Teatr kollektivi iyulun 15-də Qış Parkında “Yeddinci Məkan” adlı küçə tamaşası nümayiş etdirməyi planlaşdırır. Performans ADO-nun yaranmasının doqquzuncu ildönümünə həsr ediləcək. Saat 20:00-da başlayacaq tamaşada modern rəqs performansı nümayiş olunacaq.

Bir ildən çoxdur ki, Azərbaycanda pandemiya ilə əlaqədar teatrların fəaliyyətinə icazə verilmir.

Ana səhifəMədəniyyətElmin Bədəlov ADO teatrının direktorluğundan getdi