Prokuror əvvəlki çıxışını müdafiə edib
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi təxminən ayyarımdan sonra, iyulun 15-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə tibbi ekspertizanın Elmar Vəliyevin durumuyla bağlı rəyi elan edilib. Məlum olub ki, o, 2018-ci il iyulun 3-də aldığı xəsarət nəticəsində hadisələri qavraya bilmir. Zərərçəkmiş qismində tanınmasına baxmayaraq, məhkəmədə iştirak etməsi məqsədəuyğun deyil. Çünki məhkəmədə iştirak etməsi onun vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.
Təqsirləndirilən şəxslər və onların vəkilləri buna etiraz edərək bildiriblər ki, məhkəmədə onun nümayəndəsi iştirak edir. Əgər hadisələri qavraya bilmirsə, nümayəndəyə etibarnaməni necə verib? Zərərçəkmiş qismində tanınan şəxs hadisəyə münasibət bildirməlidir. Əgər özü qavraya bilmirsə, o halda, qəyyum müəyyənləşdirilməli, onun əvəzinə, quyyumu qərar verməlidir. Onlar vurğulayıb ki, bu suallar cavabını tapmadan məhkəmə araşdırmaları yekunlaşa bilməz.
Təqsirləndirilən şəxslər həmçinin jurnalistlərin məhkəməyə buraxılmamasına etiraz ediblər: “Necə olur, ermənilərin məhkəməsinə bütün jurnalistləri buraxırsız, audio, video yazıya şərait yaradırsız, bizim məhkəməmizə jurnalistləri buraxmırsız?”
Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Prokuror bildirib ki, əvvəlki çıxışını müdafiə edir. Dövlət ittihamçısı əvvəlki çıxışında Yunis Səfərova ömürlük, Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.
Daha sonra çıxış edən vəkillər isə məhkəmədən narazılıqlarını dilə gətiriblər. Onlar bildiriblər ki, məhkəmə istintaqı təzələnəndə bu işlə bağlı ətraflı araşdırma aparılacağını güman edirdilər. İndi isə onlara aydın olur ki, yalnız Elmar Vəliyevin məhkəməyə gəlməməsini hökmdə əsaslandırmaq üçün hakim məhkəmə istintaqını təzələyibmiş.
“Bir daha aydın oldu ki, siz bu işi obyektiv araşdırmaqda maraqlı deyilsiniz”, – vəkillər bildirib.
Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar Bağırov və Ağa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.
Anar Bağırovun bacısı, onun hüquqi varisi qismində tanınan Aynur Bağırova bildirib ki, onun qardaşı heç bir cinayət törətmədiyi halda qətlə yetirilib. O, qardaşının ölümünə görə Elmar Vəliyevin qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevi, o dövrdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi olan Mədət Quliyevi ittiham edib: “Qardaşım Dövlət Terror Xidməti tərəfindən amansızlıqla qətlə yetirilib. Sifarişçi də Xanlar Vəliyev olub. Bu məhkəmə də Xanlar Vəliyevin ssenarisi əsasında aparıldı. Elmar Vəliyevə atılan güllə heç ona dəyməyib, Gəncənin yarısını tutdular. Qardaşımın ölümünü isə siz araşdırmadınız. Mən qardaşımın qanını yerdə qoymayacağam. Mədət Quliyevin adamı girib, başından güllə ilə vurub, bununla ürəyi soyumayıb. Sonra ürəyindən də vurublar. Bunu adama erməni eləməzdi, onlar eləyiblər. Xanlar Vəliyevə, Mədət Quliyevə bunu bağışlamayacam. Bu gün hakimiyyətdə sizsiz, eybi yox, Allahın sizin də bəlanızı verməyinə çox qalmayıb”.
Məhkəmə prosesi iyulun 29-da vəkillərin çıxışı ilə davam edəcək.
Yunis Səfərov dövlət çevrilişinə cəhd məqsədilə icra başçısını öldürməyə çalışması, hadisənin terror kimi təqdim olunmasıyla razılaşmır, bu haqda ittihamda yazılanların da yalan olduğunu bildirir. Onun sözlərinə görə, icra başçısını Gəncə əhalisinə zəlm elədiyinə görə öldümək istəyib. Bu da onun təkbaşına fikri olub, kimsəni də xəbərdar etməyib. Onun sözlərinə görə, digər təqsirləndirilən şəxslərin hamısı günahsızdır, sadəcə, hadisəyə öncədən planlaşdırılmış terror, dövlət çevrilişi görüntüsü vermək üçün çoxlu sayda günahsız adamları bu işə cəlb ediblər.