Elmar özü monitor idi

O həqiqətin qranitini parçalayıb, bizə cəmiyyət qurmaq istəyirdi…

Source:


“Biz sistemə uduzduq



Azərbaycan cəmiyyəti uzun illər geriyə düşdü. Amma gərək razılaşaq ki, indiki vəziyyətdə qalib gəlmək mümkünsüz idi…”



Elmar Hüseynov “Monitor” jurnalı 2003

28 May metro stansiyasının çıxışında yaşlı bir kişi otururdu. Həmişə üzü tüklü, köhnə əyin-başı olan zəhimli insan idi. Qarşısında əldəqayırma piştaxtada, “ştuçnu” siqaret, qovrulmuş “semiçka”, ləbləbi satırdı. Mən bu qocadan “Monitor” jurnalı alardım.

“Monitor” şəhərdə qadağan olunmuşdu. Onu köşklərdən, metro keçidlərindən almaq mümkün deyildi. “Monitor” gizlincə, altdan-altdan satılırdı. Nəşriyyatlar bu jurnalı çap etməkdən imtina edirdilər. Jurnalı padvallarda, zirzəmilərdə, evlərdə rizoqrafla çap edirdilər.

Tələbəlik dövründə yaxın dostum, məni həmin tumsatan kişi ilə tanış etmişdi. İndi o kişinin salamat olduğu, ya öldüyü haqda məlumatım yoxdur.

Qoca yaman “gizli” idi. Sonda məndən az qala xəfiyyə edəcəkdi. Bərk-bərk tapşırmışdı ki, jurnal almağa gələrkən, ondan yeddi ədəd «viсeroy» siqareti istəyim.

Bu onun gizli kodu, parolu idi. Yalnız yeddi ədəd «viсeroy» siqareti istəyənə, piştaxtanın altından “Monitor” jurnalı bonus sayağı verilirdi. Ömrüm boyu siqaret çəkən olmamışam. Di gəl, o jurnala görə 7 ədəd “viceroy” siqaretini almağa məcbur olurdum. Siqaretləri sonradan paylayırdım universitetdə uşaqlara. Özüm isə qərq olurdum Elmarın yazılarına. Təkrar-təkrar oxuyurdum. Gün olub ki, “Monitoru” növbəti sayı çıxınca azı on dəfə oxumuşam. Hər yazının hər cümləsini, hər sözünü bir neçə dəfə. İndiyəcən evdə o vaxtdan bir-iki nüsxəsin saxlamışam.

Onun ölüm günü bildim ki, Elmara məhz həmin “viceroy” siqaretləri sayda, tam yeddi güllə vurmuşdular.

“Monitor”u “Monitor” eyləyən Elmar idi. Bu ad və soyad indi yalnız yaddaşlardadır. Onu sevənlərin, onu oxuyanların, ona inananların hafizəsində. Bir də ikinci Fəxri Xiyabanda. Onun şəkli həkk olunmuş qara mərmərin üzərində. Ölümündən sonra hakimiyyət onun adını azərbaycan jurnalistikası tarixindən yerli-dibli silmək üçün, mənsub olduğu bütün rıçaqlardan maksimum yararlandı. Nə bir küçə, nə barelyef, nə bir müsabiqə, nə bir mükafat. Sanki bu adam olmayıb, doğulmayıb, bu şəhərdə yaşamayıb.

Bu yazıda Elmarın soyadını qəsdən yazmayacam. Düzü, onunla şəxsən tanışlığım yox idi, dost, yoldaş deyildik. Heyif, bu mənə qismət olmadı. Amma onun ətrafı olmuş insanlardan bilirəm ki, ifrat dərəcədə səmimi, qəlbən açıq insan olub. Bir də ki, həyatda olsaydı, düşünürəm, mənim bu müraciətimi familyarlıq sanmazdı. Çünki Elmar özünə mənsub deyildi, o bu xalqın idi, bütün vücudu və ruhu ilə.

Açığı, məqaləni sırf Elmarı xatırlamaq, cavanlara tanıtmaq naminə yazmaq istəyirdim. Düşünürdüm, ideal vətəndaş etalonu, məğrur, qorxmaz qəhrəman obrazı yaradıb, qısa nekroloq formasında yazını bitirim. Sonra düşündüm ki, yox. Elmar bunu əsla bəyənməzdi. Çünki o insan qısa həyatı boyunca məhz şəxsiyyətə pərəstişin beyinlərə yeridilməsini pisləmiş, buna qarşı mübarizə aparmışdı. Mənim bu yazımda onu ideallaşdırmağa haqqım çatmır. Çünki, Elmar belə, bütün adi insanlar kimi mənfi xüsusiyyətlərə malik idi. Lakin Elmarı fərqləndirən, onun böyük, insan bədəninə, ruhuna sığmayan ürəyi idi. Qorxmaz, mərd, döyünən, isti ürəyi.

Azərbaycan diyarında, cəmiyyətimizin tən ortasında, üzərində iri hərflərlə “həqiqət” yazılan bir yük var. Bu yükün forması, ölçüsü, rəngi, gözə görünmür. Bu yükün dəqiq çəkisi məlum deyil. Bircə bildiyimiz odur ki, bu yük ağlabatmaz, dərkedilməz dərəcədə ağırdır. Bu yükün altında çox insanlar qalıb, çoxları onu öz çiyinlərinə götürüb, qaldırmaq, aparmaq gücünə malik olmayıb. Əldən düşüb, yorulub. Yükü yarı yolda atıb, qaçıblar.

Mən xəyalımda bu yükü, iri, qara qranitə bənzədirəm. Elmar on illik jurnalist fəaliyyəti dövründə bu yükdən ikiəlli yapışmışdı. O qara qraniti külünglə, çəkiclə döyüb, dağıdıb, parçalıyıb aldığı hissələrdən cəmiyyətimizi qurmaq istəyirdi.

Elmar “həqiqət” qranitini dağıtmağın mümkünlüyünü insanlara göstərmək gücündə idi. Təəssüf, sonda ona qalan, həmin yükdən, dağıtmağa çalışdığı qara mərmərdən qoyulmuş başdaşı oldu.

Elmar rusdilli idi. Parlaq intellektə, samballı mütaliəyə, siyasi analitik düşüncəyə malik ziyalının təcəssümü. Öz yazılarında psevdorusdilli ziyalıları passiv siyasi fəaliyyətlərinə görə tənqid edirdi. Onları öz ölkələrinin gələcəyinəlaqeyd olmaqda, patriarx (bu sözü Elmarın yazısından götürmüşəm) kultu yaratmaqda suçlayırdı. Elmar onların iç üzünə bələd idi. Onun ölümü Milli Məclisdə anılarkən, sağlığında psevdoziyalı saydığı Maksud İbrahimbəyov, başqa deputatlarla birlikdə ayağı qalxmamışdı. M. İbrahimbəyov bir dəqiqəni süküt içində, deputat kreslosunda oturaraq susmuşdu.

Elmarda bütün istedadlara xas olan uzaqgörənlik bacarığı var idi. Dünən onun iki məqaləsini yenidən oxudum. Elmar on bir il qabaq indi baş verənləri dəqiqliklə həmin yazılarda əks etdirir.

Elmarın adı qarşısında dahi, patriot sözlərini görə bilmirəm. Çünki onun ölümündən sonra saysız-hesabsız insanlar öz adları önünə dahi, vətənpərvər, millətsevər, xalqsevər ifadələrini yazdırıb, vicdan, insanlıq pencəyini əynindən atıb, mənəviyyatlarını, əqidələrini pula, vəzifəyə barter ediblər. Elmar sadəcə vətəndaş idi. Vətəninin “həqiqət” daşını daşıyacaq gücündə olan birisi.

Bu gün adəti üzrə, artıq ritual olmuş ayin oldu. Elmarın oxucuları, qələm yoldaşları, onu tanıyanlar, unutmayanlar onun məzarını ziyarət etdi. Mən heç vaxt onu ziyarət etməmişəm. İstəmirəm, onun qara mərmər üzərindəki şəklinə baxım.

Mənim üçün o hələ də sağdır. Norveçdə, on iki yaşlı oğlu və yoldaşının yanındadır. Onlar Osloda birlikdə parkda gəzir, bir yerdə restorana gedirlər, axşamlar evdə birlikdə filmlərə baxırlar.

Elmar öldürülən vaxt, onun yoldaşı Rüşanə xanım, onun evi qarşısında yığılan insanlara demişdi: ”Elmar bizim azadlığımız üçün öldü”.

Amma mən əminəm ki, nə həmin gecə yığılan insanlar, nə azərbaycan xalqı o sözlərin dərinliyini anlamadı, dərk etmədilər. Bəlkə də, Elmarın isti qanını yaşadığı blokun divarına sıçradan atəş səsi, şirin yatmış xalqı yuxudan oyatdı, amma qısa bir müddətə.

Mənim üçün Elmar fenomeni jurnalistikamızın möhürüdür. Vətəndaşlıq borcu qarşısında, azadlıq naminə yaşayışını, məişətini, ailəsini və həyatını itirmiş şəxsiyyət. Elmar bu xalqın monitoru idi. Həqiqətləri yazan, çatdıran, göstərən ekran. Elmar bizim öndə gedən, buzqıran gəmimiz idi.

Çünki, monitor sözünün ikinci mənası məhz , düşmənin dənizdə flotiliyasını məhv edən zirehli gəmi deməkdir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəElmar özü monitor idi