Məqsəd İlham Əliyevin AŞ PA-da çıxışından sonra Azərbaycanda siyasi vəziyyətin daha da pisləşdiyini, repressiyaların gücləndiyini avropalı deputatlara çatdırmaq idi
Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) növbəti sessiyasında hesabat verəcək.
XİN mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarovun AŞ PA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
Strasburqda Avropa Sarayında “Azərbaycanda misli görünməmiş repressiyalar” mövzusunda paralel müzakirələr aparılacaq. Müzakirələr bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən bir qrup AŞPA üzvü ilə birlikdə təşkil edilir.
Mühacirətdəki soydaşlarımızın Meydan TV-yə verdiyi məlumata əsasən, Elmar Məmmədyarovun çıxışı zamanı onlar üzərlərində siyasi məhbusların fotoları olan köynəklərdə aksiya keçiriblər: “Biz “Azərbaycanda siyasi məhbuslara azadlıq!” və başqa şüarları səsləndirdik. Məqsədimiz İlham Əliyevin AŞ PA-da çıxışından sonra Azərbaycanda siyasi vəziyyətin daha da pisləşdiyini, repressiyaların gücləndiyini avropalı deputatlara çatdırmaq idi və buna da nail olduq”.