Rauf Mirqədirov: ”Hakimiyyət Şərq idarəetməsini saxlamaq şərtilə Avropada bərabərhüquqlu tərəfdaş kimi qəbul olunmasını istəyir”
“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.
APA-nın xəbərinə görə, bu açıqlamanı xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.
O, rəsmi Bakının Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başladığını bildirib.
Ancaq nazir Azərbaycan-ABŞ münasibətləri haqda danışarkən Vaşinqtonu müzakirələr üçün çətin tərəfdaş adlandırıb:
“Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”.
Nazirin fikirlərini Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov Bakının Avropa Birliyi və ABŞ-la ciddi problemləri olduğunu deyib.
O, İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa Parlamentinin rəhbəri ilə təyin olunan görüşün ləğvini xatırladıb.
Rauf Mirqədirov deyir ki, rəsmi Bakının Qərblə problemlərin əsas qismi insan haqlarıyla bağlıdır:
“Əslində, bu məsələnin problemə çevrilməsinin əsas günahı rəsmi Bakıdadır. Amma müəyyən hissəsi də Qərbdəki tərəfdaşlardadır”.
Siyasi icmalçı Azərbaycan hakimiyyətinin günahından danışarkən SSRİ-nin son illərində yayılan bir lətifəni xatırlayıb:
“İndiki Sankt-Peterburqun o zamankı rəhbəri Sobçak SSRİ xalq deputatlarının qurultayında zalda narahat görünəndə Mixail Qorbaçov ondan nə baş verdiyini soruşur. Sobçak cavab verir ki, Qərbdəki kimi yaşayaq, amma sosializm quruluşu da qalsın. Bu zaman Qorbaçov onu Rəyasət Heyətinə dəvət edir. İndi də Azərbaycan hakimiyyəti Şərq, Asiya idarəetməsini saxlamaq şərtilə Avropada bərabərhüquqlu tərəfdaş kimi qəbul olunmasını istəyir. Yəni Avropa Birliyi, ABŞ Azərbaycanda insan haqlarıyla bağlı heç bir problemin olmadığını qəbul etsinlər və hətta Bakı bəzi sahələrdə onlara dərs də deyə bilər. Bu, hakimiyyətin dəyərlər, dünyagörüş, konstitusion problemidir və nəhayət, uçurumdur. Çünki Avropa ailəsinin üzvü olub, ölkəni Səudiyyə Ərəbistanı, Küveyt, Özbəkistan, Türkmənistan kimi idarə etmək olmaz. Qərbdəki tərəfdaşlarımızın problemi isə onların dəyərlərlə maraqları arasında vurnuxmasıdır ki, bu, ciddi problem yaradır. Baxın, Qərb dövlətləri deyir ki, Rusiyaya qarşı sanksiyalar onların maliyyə-iqtisadi maraqlarına ziddir və onsuz da sanksiyaların təsiri yoxdur, heç nə dəyişmir. Bəs sanksiyalar heç nəyi dəyişmirsə, sən insan haqlarını tapdayan, korrupsiya bataqlığı yaradan, ölkəsində jurnalist öldürülən prezidentlə masa arxasında necə otura bilərsən? Başqa bir misal, ABŞ prezidenti Tramp heç bir ölkəyə demokratiya öyrətməyəcəyini deyir və əlavə edir ki, Kubayla sövdələşmə onların maraqların ziddir. Səbəb Kubada insan haqlarının pozulmasıdır və o, əvvəlki prezident Obamanın razılaşmalarını ləğv edəcək. Bu, artıq dəyərlərin alver predmetinə çevrilməsidir. Nə üçün Kubayla münasibətlərdə insan haqları önəmlidir, Rusiyayla münasibətlərdə yox? Tramp deyir ki, islam dövlətlərilə münasibətləri dost çərçivəsinə salmaq olarsa, nə üçün Moskvayla bunu gerçəkləşdirməsinlər?! Bu yanaşmalar sualların sayını artırır”.
R.Mirqədirov hesab edir ki, Qərbin maraqlarla dəyərlər arasında vurnuxması demokratik olmayan dövlətlərə ciddi avantaj və alver imkanı verir:
“Sözsüz ki, nazir Məmmədyarov “bizi eşitmirlər” deyəndə, bunun bir tərəfi həmin problemlərə dayanır. Digər tərəfdən, Amerika böyük dövlətdir, Vaşinqton üçün Azərbaycanın problemləri regionun dəyəri çərçivəsində önəmlidir. Region deyəndə, yalnız Cənubi Qafqaz yox, söhbət Yaxın Şərq, Orta Asiyadan gedir. Azərbaycan ayrıca dövlət olaraq Amerika üçün xüsusi önəm kəsb etmədiyindən onun qapısını döyüb özünü eşitdirmək çox çətindir. Bilirsiniz, Amerikaya Avropa Birliyinə olduğu kimi “səninlə münasibətləri pozaram” demək olmur. Brüssellə münasibətlərdə şantajdan istifadə etmək mümkündür, Vaşinqtonla yox. Çünki Avropa Birliyinin regiondan müəyyən asılılığı var. Neft-qaz baxımından Amerikanı şantaj etmək olmur, səbəb məlumdur-bu dövlət Azərbaycandan enerji məhsulları almır. Ona görə Bakı Vaşinqtonla münasibətləri pozsa, ciddi sanksiyalarla üzləşəcək. Fikir verin, Elmar Məmmədyarov həm də deyir ki, Bakı Vaşinqtonla ciddi tərəfdaşdır. Bir daha deyirəm, Azərbaycan demokratikləşməyincə, Qərblə problemləri qalacaq. Oxşar durum Türkiyənin Avropa Birliyi ilə münasibətlərində də yaşanır. 100-dən çox jurnalisti həbsdə saxlayan rəsmi Ankara Brüsselə deyir ki, onları bu cür də qəbul etsin. Məsələ ondadır ki, Avropa Birliyi Amerikadan fərqli olaraq hərbi-siyasi amil kimi güclü deyil. Bu isə Türkiyə və Azərbaycan kimi dövlətlərə Brüssellə münasibətlərdə müəyyən avantaj verir”.