Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı Proqramına şübhələrin artdığını düşünür

Erkin Qədirli isə təəssüfləndi ki, hökumətimiz Şərq Tərəfdaşlığı Proqramının uğurları zamanlarından istifadə etməyib

Source:
Elmar Məmmədyarov
Elmar Məmmədyarov


Erkin Qədirli isə təəssüfləndi ki, hökumətimiz Şərq Tərəfdaşlığı Proqramının uğurları zamanlarından istifadə etməyib

“Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir bildirib ki, Avropa İttifaqı qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq: “Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa İttifaqı ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırılması məqsədilə yenilənmiş Avropa Qonşuluq Siyasətində nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır”.

Azərbaycanın xarici işlər naziri vurğulayıb ki, Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir: “Biz Aİ ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük transregional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir”.

Cənub Qaz Dəhlizi bu xüsusda Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir. Bu yaxınlarda Bakıda keçirilən və Federika Moqerini və Maroş Şefçoviçin iştirak etdiyi Məşvərət Şurasının 2-ci nazirlər görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır”.

Nazir qeyd edib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi transregional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır: “Bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam realliğa çevirilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq. Bu, artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir”.

Nazir Məmmədyarov “Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir” açıqlamasını Meydan TV-yə şərh edən hüquqşünas Erkin Qədirli xatırladıb ki, Azərbaycan rəsmiləri əvvəlki tədbirlərdə də Bakının ərazi bütövlüyünə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində gözlədiyi yanaşmanın sərgilənmədiyini irad olaraq bildirib: “Məsələn, hər zaman Abxaziya, Osetiya daxil Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər, o cümlədən, Moldovaya da, Ukraynaya da  eyni münasibət var. Amma Azərbaycanın da ərazi bütövlüyünü dəstəklədikləri söyləsər də, “Dağlıq Qarabağ da daxil” ifadəsini işlətmirlər və bunu iki respublika arasındakı danışıqlara buraxırlar. Bu baxımdan nazir Elmar Məmmədyarovun iradı haqldır”.

Erkin Qədirli
Erkin Qədirli

Erkin Qədirli deyib ki, Şərq Tərəfdaşlığı Proqramı elan olunan zaman Ukrayna, Gürcüstan, Moldova, Belarus, Azərbaycan və Ermənistana demokratikləşmə, azad bazar istisadiyyatına keçid, məsuliyyətli hökumət, insan haqları kimi strateji hədəflər qoyulmuşdu. Ticarət, ərazi bütövlüyü vacib olsa da, əsas hədəflər deyildi, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatlar aparılandan sonra bunlar gündəmə gəldi. Azərbaycan da haqlı olaraq eyni münasibətin özünə tətbiq olunmasını istədi. Nədənsə, bu, alınmadı. Qlobal layihələrlə bağlı Şərq Tərəfdaşlı Proqramına ümid etməzdim, bu, yəqin ki, əlavə arqument kimi gətirilir, amma uğursuzdur. Əsas problemdemokratiya kimi strateji hədəflərdədir ki, Bakı bu məsələdə Avropa Birliyilə əməkdaşlıq etmədi. Ən azı neftin qiymətinin bahalı dövründə bunu görmədik, bundan sonra necə olacağını bilmirəm. Çünki artıq Avropa Birliyinin özündə də Şərq Tərəfdaşlığı Proqramına şübhələr artmaqdadır, Hollandiyada keçirilən referendum buna misaldır. Niderlandlılar Ukraynanı birlikdə görmək istəmədilər”.

Erkin Qədirli təəssüfləndi ki, hökumətimiz Şərq Tərəfdaşlığı Proqramının uğurları zamanlarından istifadə etməyib. Səbəb də demokratiya, insan haqları və bazar iqtisadiyyatıyla bağlıdır. Çünki bunlar gerçəkləşsə, hökumət cəmiyyətə nəzarətini itirəcək.

Ana səhifəXəbərlərElmar Məmmədyarov Şərq Tərəfdaşlığı Proqramına şübhələrin artdığını düşünür