Frank Valter Ştaynmayer: Aprel əməliyyatları göstərdi ki, ATƏT -in rolu vacibdir. Biz ən əsası atəşkəsə nail olmuşuq
“ATƏT həmişə bilib ki, Qarabağ münaqişəsi təhlükəlidir. Münaqişənin gələcəyi ilə bağlı heç nə sığorta olunmayıb. Biz stabilləşməsi ilə bağlı nəticəyə gəlməli, regionda sülh yaratmalıyıq”.
Bu açıqlamanı ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında səsləndirib.
O bildlrib ki, atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımı tədbirlər görüləcək.
“Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdı. İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması üçün ciddi müzakirələr aparmalıyıq. ATƏT həmsədrləri münaqişənin həlli ilə məşğuldurlar və münaqişənin həllini istəyirlər. Bu məsələdə aktiv olmalıyıq. İstəyirik münaqişənin həlli istiqamətində danışıqlar aparılsın və bu, davamlı olsun. Hazırkı irəliləyişlərdən istifadə etməliyik. Yalnız ATƏT deyil, region çərçivəsində də danışıqlar olmalıdır. “Status kvo” qəbuledilməzdir, bunu gözardı etməməliyik. ATƏT -in bölgədə rolu yüksəkdir. Aprel əməliyyatları göstərdi ki, ATƏT -in rolu vacibdir. Biz ən əsası atəşkəsə nail olmuşuq. Çalışacağıq ki, bunun ardınca həllə nail olaq”, – deyə Ştaynmayer qeyd edib.
Azərbaycanla münasibətlərə toxunan nazir köhnə alman kəndlərinin bərpası barədə Azərbycandan məktub aldığını bildirib: “Təşəkkür edirəm k, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz bu məsələdə birlikdə çalışacağıq”.
O, Azərbaycanın Cənubi Qafqaz regionunda güclü oyunçu adlandırıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirlər, amma danışıqlar naminə danışıqlar olmamalıdır.
“Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”, – deyə o vurğulayıb.
Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: “Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT -in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.
E. Məmmədyarov həmkarıyla görüşündə Dağlıq Qarabağ məsələsinə toxunulduğunu da bildirib: “Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. “Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil”.
ATƏT-in regionda rolunun böyük olduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. “Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.
E.Məmmədyarov deyib ki, son 1,5 il ərzində 4 dəfə Almaniyaya səfər edib. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır: “Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpası üçün böyük işlər görür. Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında layihə təqdim edib. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək. Aİ ilə münasibətlərimiz gündən günə güclənir”.
APA