Erkin Qədirli: “Avropa Birliyi öz funksionallığını qoruyub saxlamaq çabasındadır”
Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının reallaşmasında fərqləndirmə siyasətinə tərəfdardır və Avropa Qonşuluq Siyasətinə yenidən baxılmasını müsbət qiymətləndirir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov aprelin 20-də Luksemburqda “Şərq tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə bildirib.
E.Məmmədyarov Avropa Qonşuluq Siyasətinin 4 bəndinə– fərqləndirmə, sahiblik, istiqamət və çeviklik münasibətini bildirib.
Azərbaycan hesab edir ki, “Şərq tərəfdaşlığı” proqramı ikitərəfli səviyyədə fərqləndirilməli və prioritetlərə əsaslanmalıdır. Bu prioritetlər Azərbaycanın geoiqtisadi əhəmiyyəti və geosiyasi mövqeyi, eləcə də onun xarici siyasətinin əsas prinsipləri nəzərə alınaraq işlənib hazırlanmalıdır.
Azərbaycan hesab edir ki, bərabər tərəfdaşlıq və tərəflərin beynəlxalq hüququn əsas prinsiplərinə qarşılıqlı sadiqliyi onlar arasında etibarlı münasibətlərin qurulmasının özülünü təşkil edir. Bu, olduqca mühüm amildir.
Azərbaycan konkret əməkdaşlıq sahələrində əlaqələrin inkişafı ilə bağlı Aİ-nin sadiqliyini dəstəkləyir. Əsasən Bakı iqtisadi inkişaf, energetika, rabitə (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya sahələrində əməkdaşlıqda maraqlıdır.
Azərbaycan hesab edir ki, Avropa Qonşuluq Siyasətinin reallaşmasındakı çətinlik bütün iştirakçılara eyni yanaşma prinsipi, ölkənin spesifik tələbatının nəzərə alınmaması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın olmasından qaynaqlanır.
Bütün bunları nəzərə alaraq, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha bəyan edir.
XİN başçısının söylədiklərini Meydan TV-yə şərh edən REAL İdarə Heyətinin üzvü Erkin Qədirli 1990 və 2000-cı illərdə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin çox dinamik olduğunu önə çəkərək bildirdi ki, hətta Milli Təhlükəsizlik Konvensiyası sənədində Avroatlantik məkana inteqtrasiya prinsipi təsbit olunmuşdu: “Ancaq 2008-ci ildə, əsasən Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu məsələni qapatdılar və maliyyə böhranının da təsiri oldu. Bu gün Avropa Birliyinin iqtisadi göstəriciləri heç də ürəkaçan deyil, işsizlik və s. Yəni Avropa Birliyi özü birlik kimi funksionallığını qoruyub saxlamaq çabasındadır. Almaniya bilmir borclu ölkələrlə bağlı hansı addımları atsın. Ayrı-ayrı ölkələrdə millətçilər və mühafizəkarlar seçkilərdə qalib gəlir. Ona görə Avropa Birliyi ilə danışmaq mövzusu obyektiv olaraq düşünülmür, bu isə birliyin özündən qaynaqlanan problemlərlə bağlıdır. Həm də Azərbaycanın coğrafi mövqeyi, demoqrafik durumu, mədəniyyəti nəzərə alınırsa, Avropanın bizə baxışı istədiyimiz kimi deyil. Ucqarlarda yerləşirik, təhlükəsizliyimizi təmin etməyə həvəskar deyillər, əsasən Rusiyaya qarşı. Hətta bəzi nümayəndələri açıq, yaxud qapalı şəkildə “Rusiyanı çox da qıcıqlandırmayın” da deyirlər”.
E.Qədirli hesab edir ki, Azərbaycanın Avropa Birliyindən umacağı əsas məsələ Qarabağdır, ancaq Avropa Birliyi bu məsələdə fəallıq göstərmədi: “Fransa həmsədr olsa da, faktiki əsas rolu Rusiya oynayır və Ermənistanı nəzarətdə saxlayır. Belə olanda, Azərbaycan əməkdaşlığın səviyyəsini endirməyə məcbur oldu və “biz ikitərəfli münasibətlərə üstünlük veririk” söhbəti də o zaman yarandı. Mövcud gerçəkliyə uyğun hekayədir, başqa hökumət olsaydı, nə edəcəkdilər ki? Avropa Birliyinin də öz qayğıları var. 2008-ci il Gürcüstan hadisələrində bu münasibət özünü daha qabarıq göstərdi, açıq dedilər ki, Rusiyaya tam qarşı çıxa bilməzlər, coğrafi məhdudiyyətləri var. Ukraynadakı vəziyyəti də görürsünüz. Bütün bunların fonunda Elmar Məmmədyarovun açıqlaması tam normaldır”.