Elmar Məmmədyarov: “Almaniya mətbuatında dərc edilən məqalələr sifarişlidir”

Azərbaycan və Almaniyanın xarici işlər nazirləri birgə mətbuat konfransı keçirib

Source:


Azərbaycan və Almaniyanın xarici işlər nazirləri birgə mətbuat konfransı keçirib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer bu gün Bakıda apardıqları danışıqların yekunu olaraq birgə mətbuat konfransı keçirib. Frank-Valter Ştaynmayer prezident İlham Əliyevlə danışıqlar aparıb.

Görüşlərdə iki ölkə üçün böyük maraq doğuran məsələlər, o cümlədən Yaxın Şərq böhranı ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollara yaxın olub və bu istiqamətdə işlər davam etdirilməlidir.

Nazirin sözlərinə görə, regional məsələlər, Suriya Türkiyə, İran, Ukrayna məsələləri də müzakirə mövzusu olub.

Həmçinin təhsil sahəsində əməkdaşlığa da toxunulub.

Nazir Ştanmayer qeyd edib ki, Almaniya Azərbaycanla ikitərəfli əməkdaşlığı, o cümlədən Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında çərçivəsində əməkdaşlığı gücləndirmək istəyir. “Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir və Almaniya üçün əhəmiyyətli ölkədir. Azərbaycan bizim üçün strateji baxımdan Şərq və Qərb arasında körpü rolunu oynayır, həmçinin enerji baxımından vacib ölkədir. İqtisadi münasibətlərimiz dərin və genişdir. Almaniyanın regionda Rusiyadan sonra yalnız Azərbaycanda Ticarət Palatası fəaliyyətdədir və palatanın artıq 140 üzvü var. Cənub Qaz Dəhlizi təkcə gələcəyə yönələn deyil, həm də ambisiyalı və maliyyə tutumlu bir layihədir. Bu layihə ikitərəfli əməkdaşlığımıza böyük perspektivlər açır”.

Ştanmayer həmçinin Azərbaycanın Avropa Şurasına sədrlik etdiyini xatırladıb. “Bakı həm də Avropanın zəngin dəyərlərinin daşıyıcısıdır. Bu gün yerli vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşdə də bir daha bunu gördüm. Ümid edirik ki, Azərbaycan Avropa dəyərlərini özündə daha da inkişaf etdirəcək və həm də bu dəyərlərin ötürülməsində körpü rolunu oynayacaq”, deyə o qeyd edib.

Nazir deyib ki, Almaniya  regional münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri  diqqətlə izlə

yir.

 “Ukrayna münaqişəsi aylarla bizi  məşğul edir, Dağlıq Qarabağ münaqişəsinə də Avropa perspektivindən narahatlıqla baxırıq. Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə oktyabrın 27-də keçiriləcək görüşünə ümidlə baxırıq və bu görüşün donmuş mövqelərin yumşalmasına gətirəcəyinə, prosesin davamlı həllinin tapılmasına gətirəcəyinə ümid edirik”.

O, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təcrübəli alman diplomatı olduğunu və bu məsələdə Almaniyanın, Aİ-nin rolunu görmək istədiyini əlavə edib.

Azərbaycanın haqqın.az saytının Almaniyada dinc toplantıların dağıdılması və 4 jurnalistin həbsdə olması ilə bağlı sualının cavabında Ştaynmayer deyib ki, sizin müşahidələr Almaniya ilə bağlı həqiqəti əks etdirmir: “Almaniya dünyada toplantılarla bağlı ən liberal ölkədir. Sizin fikriləriniz düzgün deyil. Almaniyada polis yalnız nümayişçilər zorakılığa əl atdığı zaman hərəkət edə bilər. Biz həm də çalışırıq ki, başqa ölkələrdə dinc toplantılara qarşı zorakılıqlar olanda fikir bildirək”.

Nazir Elmar Məmmədyarov isə almaniyalı jurnalistin sualının cavabında deyib ki, Azərbaycanı  tənqid edənlər düzgün hərəkət etmirlər, Almaniya mətbuatında dərc edilən məqalələr də sifarişlidir

.

Onun fikrincə, bəzi qüvvələr Azərbaycanın inkişafına ikili standartla yanaşırlar. “Azərbaycan öz yolunu dəyişməyəcək və bu yolla davam edib daha güclü ölkə olacaq”.

Hazırda Azərbaycanın Avropa Şurasına sədrlik etdiyini vurğulayan nazir deyib ki, bu, insan hüquqları baxımından önəmli institutdur. Azərbaycan sədrliyi müddətində təkcə insan  haqları deyil, antikorrupsiyaya dair də tədbirlər keçirir.

Ana səhifəXəbərlərElmar Məmmədyarov: “Almaniya mətbuatında dərc edilən məqalələr sifarişlidir”