Elman Rüstəmov: Zəif banklar bazarda faizləri qaldırmaqla digər banklar üçün pis nümunə olur

“Zəif banklar ölkənin imici üçün problemdir”

Source:


"Zəif banklar ölkənin imici üçün problemdir"

"Azərbaycanda zəif bank bəzən açıq, bəzən də gizli yollarla yüksək faizlə əmanətlər cəlb edir və bazarda faizləri qaldırmaqla digər banklar üçün pis nümunə olur".

Bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

Onun sözlərinə görə, bu cür banklar ölkənin imici üçün də problemdir: "Məsələn, "Atabank"da bir xarici vətəndaş əmanət yerləşdirib, o, tez-tez pulu almaq üçün ölkəyə gəlir, mediaya çıxır, o cümlədən sosial mediada bu barədə yazır, məhkəmə ilə hədələyib. Təbii ki, sağlam iqtisadiyyatı olan Azərbaycan üçün belə bir reputasiya – hansısa xarici vətəndaşın pulu verilmir – yaxşı hal deyil, ölkənin imici üçün problemdir. Odur ki, qəti şəkildə tapşırıq verilib ki, bu kimi hallar aradan qaldırılsın. Bunu daha tez etmək olardı, amma problemlər yığılıb qalıb və bunları biz bu gün həll edirik", – deyə baş bankir qeyd edib.


"İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq"

Elman Rüstəmov bildirib ki, Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank"da əhalinin təxminən 680 milyon manat əmanəti var:

"Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəqin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər".

O, həmçinin əlavə edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Amrah Bank" və "Atabank"ın, eləcə də hazırda inzibatçıların nəzarətində olan "AGBank" və "NBC Bank"ın hamısının kapitalı mənfidir.

Ana səhifəXəbərlərElman Rüstəmov: Zəif banklar bazarda faizləri qaldırmaqla digər banklar üçün pis nümunə olur