Natiq Cəfərli: ”Üzən məzənnə rejimidirsə Elman Rüstəmov manatın kursunun necə olacağını hardan bilir”
Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib (APA).
Baş bankir hesab edir ki, üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir:
“Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”.
Manatın məzənnəsinin möhkəmlənməsinə toxunan Elman Rüstəmov deyib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib.
O, ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib:
“Müsbət tendensiyalar onun göstərir ki manatın bahalaşmasının potensialı daha çoxdur”.
ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə baş bankirin açıqlamasının məntiqə uyğun olmadığını bildirib:
“Əgər üzən məzənnə rerjimi ilə sabitlik sözü uyğun gəlmir. Əgər üzən məzənnə rejimidirsə, Elman Rüstəmov noyabrda hansı məzənnə olacağını necə biləcək, yaxud hansı tələb-təklif prosesləri məzənnəyə təsir edəcək? Əslində, baş bankirin açıqlaması Azərbaycanda üzən məzənnə rejimin olmadığını sübut edir. Əksinə, ölkədə tənzimlənən, nəzarət altında olan inzibati məzənnə rejimidir”.
Baş bankirin ilin sonuna qədər manatın möhkəmlənəcəyi barədə dediklərinə gəlincə, Natiq Cəfərli hesab edir ki, Elman Rüstəmov tədiyyə balansı ilə bağlı dediklərində haqlıdır, ticarət balansında müəyyən müsbət saldo yaranıb.
“Amma iqtisadi fəallıq zəifləyib. Keçən dövrlərdə ölkəyə ixrac olunan məhsulların həcmi kifayət qədər çox idi, 30-35 faiz azalma müşahidə olunur. Səbəb əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir ki, tədiyyə balansına müsbət təsir edib. Əslində, buna sevinmək yox, dərindən düşünmək lazımdır. İqtisadi fəallıq zəifləyirsə, yaxşı heç nə vəd etmir. Ona görə hökumət, Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı hansı inzibati qərar qəbul edəcəksə, məzənnə o yöndə olacaq”.
İlin əvvəlindən manatın dollara olan rəsmi məzənnəsi 1 dollar üçün 1,7707 manatdan 1,7002 manata qədər dəyişib. İl ərzində manatın ən ucuz olması fevralın 2-ə təsadüf edib – 1 dollar üçün 1,92 manat. Ən güclü manta isə oktabrın 18-24 tarixlərində olub – 1 dollar üçün 1,7001 manat.