”2019-cu ildə inflyasiya 4 faiz civarında proqnozlaşdırılır”
Mərkəzi Bank 2019-cu il üçün inflyasiyanı 4 faiz civarında proqnozlaşdırır.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
O qeyd edib ki, bankın bütün siyasəti bu göstərici ətrafında formalaşır.
2019-cu il martın 1-də qüvvədən düşəcək “Əmanətlərin tam sığortalanması haqqında” qanuna toxunan E.Rüstəmov vurğulayıb ki, Mərkəzi Bank qanunun müddətinin uzadılmasının tərəfdarıdır.
“Bu, 3 il əvvəl dövlət başçısı tərəfindən qəbul edilən vacib qanundur. Bu zaman ərzində banklarda bir çox işlər görüldü. Amma görülməyən işlər də var. Ona görə, biz qanunun bir müddət də uzadılmasının tərəfdarıyıq”, – E.Rüstəmov deyib.
2016-cı ilə qədər 30 min manata qədər əmanət sığortalanırdı. Həmin il qəbul edilən qanuna əsasən, əmanətlər tam olaraq sığortalanmağa başladı. Manatla əmanətlər 15 faizə qədər, dollarla əmanətlər 3 faizə qədər olduqda qanunun təsiri altına düşür.