Elman Rüstəmov: ”Bu il manatın məzənnəsində dəyişiklik gözlənilmir”

Natiq Cəfərli: ”Aparılan siyasət uzun zaman davam edə bilməz”

Source:


Natiq Cəfərli: ”Aparılan siyasət uzun zaman davam edə bilməz’

“Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də “üzən məzənnə” rejimində öz dayanıqlığını axtarır”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”, – deyə, E.Rüstəmov vurğulayıb.

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: “Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq”.

AMB sədrinin söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, cənab Rüstəmovun hər dəfə manatla bağlı açıqlaması narahatlıq yaradır, çünki bu, sonradan manatın məzənnəsindəki dəyişikliklərlə yadda qalır: “Ona görə də Elman Rüstəmovun 9 may açıqlamasını bazarın sakitləşdirilməsi yönündə atılan addım kimi dəyərləndirmək olar. Təbii ki, ümumi makroiqtisadi vəziyyətə baxdıqda, manatın son həftələrdə sabitləşməsinin əsas səbəbi manat kütləsinin azalmasıyla bağlıydı. Yəni AMB dövriyyədə olan manat kütləsini təqribən 2 dəfəyə qədər azaldıb. Bu isə dollara olan basqıların müəyyən qədər zəifləməsinə gətirib çıxardı və məzənnə sabitləşdi”.

Natiq Cəfərli

Natiq Cəfərli Elman Rüstəmovun “üzən məzənnə” barədə dediklərini bölüşmür: “Baş bankir israrla bu barədə danışsa da, Azərbaycanda “üzən məzənnə” heç vaxt olmayıb, bu gün də yoxdur, proses inzibati qaydada tənzimlənir”.

İqtisadçı düşünür ki, AMB inqibati qaydada istəyinə müəyyən qədır nail olsa da, bu addım ümumi iqtisadi fəallığı zəiflədib: “Ümumdaxili məhsul birinci rüb 3,5 dəfə azaldı, ardınca ticarət dövriyyəsi, xarici ticarət dövriyyəsi azaldı. Bazarın müxtəlif seqmentlərində, daşınmaz və avtomobil bazarında, elektrotexnikada çox kəskin azalmalar müşahidə olunur. Bu, Azərbaycan iqtisadiyyatının qazanması anlamına gəlməməlidir, əksinə, AMB-nin sərt monetar siyasəti iqtisadi fəallığın zəifləməsilə nəticələndi. Aparılan siyasət uzun zaman davam edə bilməz, hökumət seçim etməli olacaq, iqtisadi aktivliyin artması üçün mütləq manat kütləsinin artmasına, kreditləşmənin sadələşməsinə ehtiyac var. Bu nöqteyi-nəzərdən hökumət və AMB çətin seçim qarşısındadır, indiki siyasətlə manatın məzənnəsi bir neçə ay 1.50-1.60 civarında qala biləcək, amma iqtisadi aktivlik daha da zəifləyəcək və nəticədə ciddi fəsadlarla qarşılaşacağıq. Problem ondadır ki, hökumət bir il əvvəl vəd etdiyi struktur islahatlarının heç birini gerçəkləşdirmədi. Bunlar olmadıqda, manatın məzənnəsini uzun müddət sabit saxlamaq mümkün olmayacaq, bir az sonra fəsadlar bütün ölkədə hiss olunacaq”.

Ana səhifəXəbərlərElman Rüstəmov: ”Bu il manatın məzənnəsində dəyişiklik gözlənilmir”