Elman Rüstəmov: Azərbaycan 9 il əvvəl başlayan böhranı yalnız bu il hiss edib

Natiq Cəfərli: 2008-ci ildə problemlər yaşanmışdırsa, niyə 8 il gözləməliydilər?

Source:
Elmar Rüstəmov foto sosial şəbəkə
Elmar Rüstəmov foto sosial şəbəkə


Natiq Cəfərli: 2008-ci ildə problemlər yaşanmışdırsa, niyə 8 il gözləməliydilər?

“Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasəti davam etdirəcək”.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin növbəti plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: “Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə, faiz dərəcələri səviyyəsinə baxılacaq. Ciddi fiskal və monetar intizam, onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq”.

Elmar Rüstəmov deyib ki, 2008-ci ildən başlayan böhrandan ötən 9 ildə Azərbaycan yalnız bu il böhranı hiss edib.

Onun sözlərinə görə, AMB-nin idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyət olub: “Cari ildə ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. 2016-cı ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir”.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, baş bankirin sərt pul kredit siyasətinin davam etdirilməsi fikrini normal qarşılayıb. Çünki Mərkəzi Bankın məqsədi inflyasiya basqılarını azaltmaqdır.

Natiq Cəfərli foto Meydan TV

Amma iqtisadçı hesab edir ki, bu məsələdə hökumətlə Mərkəzi Bankın hədəfləri arasında ciddi fərq yaranır. Hökumətin hədəfi iqtisadi hədəfi artırmaq, iqtisadiyyatda maliyyənin dövriyyəsini yüksəltmədir və bunun hesabına yaranan problemlərin aradan qaldırılmasına nail olmaqdır: “Hətta Elman Rüstəmov uçot dərəcəsinin yenidən artırılmasına toxunub, bu isə kreditlərin bahalaşacağına işarədir. Bahalı kreditlərin olduğu və pul dövriyyəsinin zəiflədiyi şəraitdə iqtisadi aktivlik mümkün deyil. Cənab Rüstəmovun dediklərindən belə çıxır ki, iqtisadi aktivlik getdikcə zəifləyəcək. Bu zəifləmə ticarət dövriyyəsinin, gəlirlərin, iş yerlərinin azalması deməkdir. İndi hökumətin baş bankirin dediklərinə reaksiyası necə olacaq? Mən də maraqla həmin dəyərləndirməni gözləyirəm”.

 Elman Rüstəmovun “2008-ci ildən başlayan böhrandan ötən 9 ildə Azərbaycan yalnız bu il böhranı hiss edib” açıqlamasına gəldikdə, iqtisadçı bildirib ki, 8 il əvvəl başlayan maliyyə böhranı cəmi 1 il davam edib, 2009-cu ilin yay aylarında bununla bağlı poroblemlər həll olunub, yüksəlişlər başlanıb: “Ona görə də Rüstəmovun söylədikləri doğru deyil. Məsələ ondadır ki, Azərbaycanın dünya iqtisadiyyatı ilə əlaqəsi yalnız neft üzərindədir.  Normal iqtisadi model qurulmadığından dünyadakı ciddi iqtisadi olaylar ancaq neftin qiyməti əsasında təsir edir. Son zamanlar olanlar da neftin qiymətinin enməsilə bağlıdır. Sadəcə, 20 ildən artıqdır, hakimiyyətdə olan nə Rüstəmov, nə də digər cavabdeh məmurlar izah edə bilmirlər ki, 2008-ci ildə problemlər yaşanmışdırsa, niyə 8 il gözləməliydilər? Heç olmasa, 8 ildə anti-böhran proqramı qəbul edəydilər. İndi də insanları aldadaraq məlumat yayırlar ki, dünyada başlayan böhranın Azərbaycana təsirləri var. Dünyada böhran yoxdur, ABŞ-ın iqtisadi artımı 3 faiz, Avropada 1,8 faiz, Çində, Hindistanda 7 faizə yaxındır, yəni bütün aparıcı ölkələrdə iqtisadi artım var. Böhran neftdən asılı ölkələrdədir, Rusiya, Azərbaycan, Venesuala, ərəb ölkələrində müəyyən problemlər var. Həm də bu ölkələrin iqtisadiyyatları neftdən asılı olduğundan bərbad vəziyyətdədir. Çox təəssüf ki, hökumət uzun illərdir dünyaya Rusiya pəncərəsindən baxır. Bu pəncərədən baxdıqda isə böhran görünür”.

Ana səhifəXəbərlərElman Rüstəmov: Azərbaycan 9 il əvvəl başlayan böhranı yalnız bu il hiss edib