Nemət Əliyev: Zahid Oruc Azərbaycan xalqının konstitusion hüquqlarına həqarət edib
“Deputat Zahid Oruc Azərbaycan xalqının konstitusion hüquqlarına açıq həqarət edib”.
Bunu AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev deputat Zahid Orucun Meydan TV-ə
müsahibəsi
ndə fikirlərinə münasibət bildirərkən deyib.
Z.Oruc müsahibəsində bəyan edib ki, “qarşıdakı dönəmdə istər növbədənkənar, istərsə də konstitusiya ilə müəyyənləşdirilmiş dövrdə oktyabrda keçirilən seçkilərdə bu ölkənin rəhbəri prezident İlham Əliyevin liderliyi davamlılığı şəraiti həm də onunla əsaslandırılır ki, kimsə düşünürsə ki, seçkilərin nəticəsində hər hansı X namizədə 42 milyardlıq dollarlıq valyuta ehtiyatını, hazırkı reallığını, formalaşmış düzəni onlara təhvil verəcək, çox yanılırlar. Yəni müxalifət qarşısında tanımadığı hakimiyyətin kursunun üzərindən xətt çəkirsə, gərək o 42 milyard dolları da düşünməsin”.
Zahid Oruc başqa cür düşünə bilməz
N.Əliyevin sözlərinə görə, seçki yolu ilə olsa da, indiki hakimiyyət kürsüsündən əl çəkmək istəmir.
“Hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər kəs qanunlara və konstitusiyaya əməl etməlidir. Əgər buna əməl olunarsa, yalnız valyuta ehtiyatı deyil, bütün göstəricilərin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərilməlidir. Zahid Orucun dediyindən belə anlaşılır ki, hakim elita 42 milyard dollarlıq valyuta ehtiyatı yaradıb, bunu da asanlıqla vermək düşüncəsindən uzaqdırlar. Zahid Oruc başqa cür düşünə bilməz, çünki ona mandatı Əliyev ailəsi verib, xalqın səsi ilə qazanmayıb”.
Nemət Əliyev deyir ki, 42 milyard hakimiyyətin xüsusi qabiliyyəti hesabına qazanılmayıb, ölkə sərvətlərinin satışından ortaya çıxıb:
“Əslində, xalq sual verməlidir: bir halda ki, 150 milyard dollar vəsait daxil olub, nədən 42 milyard dollar qalıb, qalanının izi hardadır? Yaxud iddia edirlər ki, iqtisadiyyata 200 milyard dollar investisiya yatırılıb, bəs nə üçün 1 milyondan çox işsiz var? Nədən 2014-cü ildən sonra iqtisadiyyat iki dəfədən çox kiçilib, əmək haqqı 560 dollardan 300 dollara azalıb, orta pensiyanın məbləği 100 dollar civarındadır? Yaxşı olardı, Zahid Oruc bu suallara vavab versin. Azərbaycanın maliyyə sərvətləri yarıtmaz şəkildə dağıdılıb və xarici ölkələrə daşınıb. Son illərdə hansı rüşvət qalmaqalı üzə çıxırsa, hakim elitanın adı çıxır, ona görə danışmasınlar sussunlar. 45 ildən çoxdur eyni ailə hakimiyyətdədir, niyə Azərbaycan xalqına həqarət edrilər, məgər, başqa adam yoxdurmu, heç olmasa özləri düşünsünlər ki, niyə ölkəni biabır edirlər”.
2016-cı ilin referendumu monarxiyaya keçidi təmin edib
Müsavat partiyası divanının üzvü Elman Fəttah öz növbəsində hesab edir ki, Zahid Oruc yeni bir şey açqılamayıb.
“Onsuz da son illər ölkənin bir ailə tərəfindən idarə olunmasının hüquqi əsasları formalaşıb. 2016-cı ilin referendumu monarxiyaya keçidi təmin edib. Hakim ailə ölkəyə holdinq kimi yanaşırsa, ətrafındakılardan qeyri-adi heç nə gözləməyə dəyməz”.
Elman Fəttah bildirib ki, Zahid Oruc ailə hakimiyyətini dəstəklədiyindən mövcud siyasəti “ifşa” edib:
“Bugün hakim siyasi elitasında düşüncə belədir: Azərbaycan adlı bir şirkət var, onlar da rəhbəri olduqlarından istədikləri kimi idarə edirlər. Başqa iddiaçıları isə haqsız sayırlar”.
Zahid Oruc səmimi danışıb
ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı deputat Zahid Oruca açıq danışdığı üçün təşəkkürünü bildirib:
“Zahid Oruc gizlətmədən deyib ki, pul və sərvət hərisliyi üçün hakimiyyətdədirlər, bunlar olmasaydı, iqtidarda olmazdılar. Kimsə seçki vasitəsilə hakimiyyətə gələcək və dövlətin valyuta ehtiyatını ona verəcəyik, çox yanlış hesab edir, deputatın dediyi budur. Onsuz da biz də dəfələrlə indiki hakimiyyətin məhz pulun üzərində qurulan sistem yaratdığımığı söyləmişik. Əslində, hakimiyyət yerli və bəzi xarici elitaların loyallığını da pulla alır. Cinin canı şüşənin içində olduğu kimi mövcud hakimiyyətinin də canı pulun içindədir. Pul bitəndə, ölkəni idarə etmək də çətin olacaq”.
Azər Qasımlı hesab edir ki, Zahid Oruc bundan sonra da niyyətlərini gizlətməyib açıq danışsa, yaxşı olar:
“Səmimi olsunlar, seçkilərin də vaxtını müxalif namizədlərin iştirak edə bilməməsi dəyişirlərsə, bunu da etiraf etsinlər. Hansısa “dövlət əhəmiyyətli tədbirlər”ə görə deyil, 42 milyardı saxlamaq üçün. Yenə də Zahid Oruc səmimi danışıb, gizlətməyib”.