Əlizamin Salayevin istintaqı yekunlaşıb

Zamin Salayev, Mənbə: Rüfət Səfərov

Vəkil AXCP fəalının artıq gəzə, danışa bilmədiyini deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 59 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin (Əlizamin) Salayevin işi üzrə istintaq yekunlaşıb. Bu barədə Meydan TV-yə onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, aprelin 6-da Bakı İstintaq Təcridxanasında istintaqın yekunlaşması haqda qərarı müstəntiq həm Əlizamin Salayevin özünə, həm də müdafiəçisinə elan edib.

Bundan sonra cinayət işinin materiallarıyla tanış olma mərhələsidir. O, özünü təqsirli bilmir, ittihamı saxta hesab edir və istintaq zamanı da etiraz olaraq, ifadə verməkdən imtina edib”, – Nemət Kərimli bildirib.

Vəkil bir müddət öncə Əlizamin Salayevin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermiş, lakin Qaradağ rayon Məhkəməsi onu təmin etməmişdi. Nemət Kərimli həmin qərardan apelyasiya şikayəti verib. Aprelin 7-də Bakı Apelyasiya Məhkəməsində sözügedən şikayətə baxılacaq.

Nemət Kərimli deyir ki, 59 gün davam edən aclıq hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində kəskin problemlər yaradıb: “Nitqində, hərəkətində aşkar problemlər var. Çətinliklə danışır, gəzə bilmir. İki ay aclıq insan orqanizmində geridönməz fəsadlara səbəb ola bilər. Hətta böyrəyində büzüşmə yarandığı müəyyənləşib. Buna baxmayaraq, nəinki Penitensiar Xidmətin Müalicə Müəssisəsinə, hətta Bakı İstintaq Təcridxanasının daxilində tibb-sanitar hissəsinə də köçürülməyib. Sadəcə, vəziyyəti həddindən artıq pisləşəndə həkim gəlib yardım edir, gedir”.

Buna baxmayaraq, Əlizamin Salayev aclığı davam etdirməkdə israrlı olduğunu deyib.

Fevralın 8-də Əlizamin Salayev haqqında həbs qərarı verilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Əlizamin Salayev deyib ki, bu ittiham yalandır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında “Lökbatan dairəsi” adlanan ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün yol kənarında maşın gözləyərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Həmin şəxs qəfildən əlini cibinə salıb bıçaq çıxarıb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli adam çıxıb: “Başa düşdüm ki, məni həbs eləmək üçün plan qurublar”.

AXCP-nin fəal üzvlərindən olan Əlizamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Əlizamin Salayev bir müddət öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Ana səhifəSiyasətƏlizamin Salayevin istintaqı yekunlaşıb