Əliyevlərin şəkilləri ilə aksiya keçirənlər saxlanılıb

Prezident Administrasiyasının önündə toplaşanlar bir gün sonra Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar

Source:


Qorxmaz Əliyevin dediyinə görə, saxlanılanların arasında hamilə qadının vəziyyəti pisləşib.

Yanvarın 10-da ölkə başçısı İlham Əliyev və eks-prezident Heydər Əliyevin şəkiləri ilə Prezident Administrasiyasının önündə toplaşanlar bir gün sonra Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar.

Bu barədə məlumatı Meydan TV-yə şikayətçilərdən Qorxmaz Əliyev verib. Onun sözlərinə görə, yanvarın 11-də yenidən Prezident Administrasiyasına qəbula gələn 20-yə yaxın adam polis bölməsinə aparılıb və saat 12 radələrindən orada saxlanılır.

“Bu gün də Administrasiyaya Fuad Ələsgərovun qəbuluna düşmək üçün getmişdik. Biz ora ümidlərlə getmişdik, lakin ümidlərimizi puç etdilər, bizi bölməyə apardılar. Onlar qanunsuz, əsassız olaraq bölmədə saxlanılır. Heç bir ictimai təhlükəsizliyi pozmamışıq, qanunsuzluq etməmişik. Haqq səsimizi kəsməkdən ötrü bizi oradan uzaqlaşdırdılar.”

Qorxmaz Əliyevin sözlərinə görə, bölmədən onlara deyilib ki, prokurorluqdan əməkdaşlar gələcək, nəticə ondan sonra məlum olacaq. O deyir ki, içəridə nə baş verdiyindən xəbərsizdir:

“Biz dəfələrlə aksiya keçirmişik, bu bizim birinci aksiyamız deyil. Onlar bilir ki, biz geri çəkilməyəcəyik. Dünən 9-cu polis bölməsinin rəisi Elsevər müəllim özü Administrasiyanın qabağına gəldi. Bizə dedi ki, sabah bölməyə gəlin. Mən sizi Rüstəm Usubovun, Zakir Qaralovun qəbuluna yazım. Belə şeylər eləməyin”.

9-cu polis bölməsindən Meydan TV-yə bildirlər ki, məsələ ilə bağlı heç bir məlumat verə bilməzlər.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov şikayətçilərin saxlandığını təsdiqlədi.O bildirdi ki, vətəndaşların şikayətləri ilə araşdırılma aparılır.

Prezident Administrasiyasına şikayətə gələnlər Baş Prokurorluğun, hüquq-mühafizə orqanlarının əməkdaşlarından şikayət edirlər. Onlar illərdir qapı-qapı gəzsələr də, problemlərinin həll olunmamasını söyləyirlər.

Ana səhifəXəbərlərƏliyevlərin şəkilləri ilə aksiya keçirənlər saxlanılıb