Əliyevlərin Gürcüstandakı biznesi (III yazı)

Əliyevlər Gürcüstanda torpaq sahələri alıb – Ailəyə məxsus şirkət Pentaqonun yüklərini daşıyır

Source:

Tbilisidə bizi şəhərlə tanış edən taksi sürücüsü gürcülərin öz ölkələrini “Sakartvelo” adlandırdıqlarını söyləyir. Azərbaycandan olduğumuzu biləndən sonra isə “SOCAR” yanacaqdoldurma məntəqəsini göstərib, gülərək əlavə edir ki, indi biz Gürcüstana “SOCARvelo” deyirik.

Kasıb Gürcüstan neft pulları ilə zəngin olan Azərbaycan üçün cəlbedici ölkədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda yalnız yanacaqdoldurma və maye qaz məntəqələri açmaqla kifayətlənməyib. Gürcüstanın təbii qazla təchizatı da ARDNŞ tərəfindən həyata keçirilir. Regionunu Avropa ilə birləşdirəcək Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisində də Azərbaycanın payı olduqca yüksəkdir. Dəmir yolunun inşası üçün Azərbaycan Gürcüstana 750 milyon ABŞ dolları həcmində azfaizli kredit verib. Eyni zamanda yolun inşasını Azərbaycan şirkətləri həyata keçirir.

Xarici investisiyaya etiyacı olan Gürcüstan hakim Əliyevlər ailəsinin də diqqətini çəkib. Əliyevlər ailəsinə məxsus və ailəyə yaxın oliqarxlar Gürcüstanda geniş biznes şəbəkəsi qurub. Əliyevlər ailəsi Gürcüstanda bank-maliyyə sektoruna, daşımacılıq, turizm və qida saneyesinə külli miqdarda investisiya qoyub. Hakim ailə biznesini gizlətmək üçün digər ölkələrdə olduğu kimi, Gürcüstanda da “proxy”lərdən geniş istifadə edir.

Gürcüstanda Əliyevlər ailəsinə bağlı şirkətlərdən biri də “Avroasiya Karqo” MMC-dir. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi məlumatlarına görə, “Avroasiya Karqo” MMC –nin səhmlərinin 50 faizi “Silk Way” aviaşirkətinə, 50 faizi isə Beynəlxalq Sərmayələrin Koordinasiya Mərkəzinə məxsusdur. Şirkət 8 iyun 2004-cü ildə Gürcüstan vətəndaşı Natiya Cemiya  tərəfindən təsis edilib. Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi məlumatlarına əsasən, şirkətin təsisçiləri 2010-cu il mayın 20-də dəyişdirilib. Lakin Natiya Cemiyanın “Avroasiya Karqo” MMC-nin səhmlərinin hansı şərtlər əsasında satdığı barədə rəsmi reyster bazasında məlumat yoxdur. Şirkətin səhmlərinin satışı barədə sənədlərin əldə edilməsi ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinə edilən sorğuya müsbət cavab verilməyib. Sorğumuzu cavablandıran agentlik rəsmiləri bildiriblər ki, onlarda belə sənəd mövcud deyil. Vergilər müfəttişliyi isə səhm paketinin alqı-satqı aktlarının kommersiya sirri olduğunu əsas gətirərək, sorğumuza cavab verməkdən imtina edib.

“Avroasiya  Karqo” MMC-nin rəsmi internet

səhifəsindəki

məlumatlara əsasən, şirkət beynəlxalq daşımaları həyata keçirir. Saytda yer alan məlumatlara əsasən, şirkətin müştəriləri arasında Birləşmiş Millətlər Təşkilatı və Pentaqon da var. Şirkət Əfqanıstan daxil olmaqla dünyanın müxtəlif ölkələrinə yük daşımaları həyata keçirir.

Şirkətə məxsus olan

www.euroasiancargo.com

saytı barədə araşdırma apararkən bir sıra maraqlı məqamlara rast gəlindi. Özəl şirkətə məxsus olan saytın domeni  “AZAL” Dövlət Konserni tərəfindən alınıb. Saytın rəsmi ünvanı kimi Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı göstərilib. Saytın qeydiyyat sənədində admin kimi Elçin Quliyev adlı şəxs, eyni zamanda, adminlə əlaqə telefonları göstərilib. Həmin telefon nömrələrinə etdiyimiz zənglərə cavab verilmədi. Özəl şirkətə məxsus saytın domeninin hansı səbəblərdən Azərbaycan dövlətinə məxsus “AZAL” Dövlət Konserni tərəfindən alınması məsələsinə aydınlıq gətirmək üçün “AZAL”ın mətbuat xidmətinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib:  “Yəqin ki, siz “Silk Way Holding”-in balansında olan “Eurasian Cargo” şirkətini nəzərdə tutursunuz. AZAL bu saytın domen qeydiyyatını almayıb. “Eurasian Cargo” şirkəti üçün sayt yaradılarkən, “Silk Way Holding”-in İT şöbəsi yox idi və əslində AZAL “Silk Way Holding” üçün İT xidmətləri göstərmişdi”.


www.euroasiancargo.com

 domeninin rəsmi ünvanı kimi Bakı Hava Limanının göstərilməsinə aydınlıq gətirən AZAL mətbuat xidməti, bu məlumatın yanlış olduğunu bildirib.


“Silk WAY Georgia”

Gürcüstanda Əliyevlər ailəsinə məxsus digər böyük şirkət  “Silk WAY” Aviaşirkəti tərəfindən  Gürcüstanda təsis edilən “Silk WAY Georgia” MMC-dir. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi internet

saytındakı

məlumatlara görə, “Silk WAY Georgia”  26 oktyabr 2005-ci ildə təsis olunub. Şirkət əsasən turizimlə məşğul olur. Gürcüstan və xarici ölkələrə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə turist səfərlərini təşkil edir. Gürcüstan Milli Dövlət Qeydiyyat Agentliyində yer alan məlumatlara görə, 26 iyul 2010-cu ilə qədər “Silk WAY Georgia” MMC-yə İlham Əsədov rəhbərlik edib. “Silk WAY ” Aviaşirkətinin direktoru Şəmsəddin Mürsəliyevin 26 iyul 2010-cu il tarixli  qərarı ilə  Aftandil Əhmədov “Silk WAY Georgia” MMC-nin  drektoru təyin edilib.

“Silk WAY Georgia” MMC turizimlə yanaşı Gürcüstanın bir sıra regionlarında  torpaq sahələri alıb. Gürcüstan Milli Dövlət Qeydiyyat Agentliyində olan məlumatlara görə, “Silk WAY Georgia” MMC-nin drektoru İlham Əsədovun Gürcüstan vətandaşı Qivi Osaşvili ilə  bağladığı 5 alqı –satqı müqaviləsinə  əsasən Gurcaani rayonu Axaşen kəndində  254600 kvadratmetr  (25.46 hektar) torpaq sahələrini satın alıb. Həmin torpaq sahələrində üzüm, ərik və armud bağları salınıb.

“Silk Way Georgia” MMC-nin sənədlərini araşdırarkən diqqəcəkən məqamlardan biri də, şirkətin drektorları İlham Əsədova və Aftandil Əhmədova Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “xidməti pasport”ların verilməsidir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”na əsasən özəl şirkətlərdə çalışan Azərbaycan vətəndaşlarına “xidməti pasport” verilməməlidir.

Ana səhifəXəbərlərƏliyevlərin Gürcüstandakı biznesi (III yazı)