Çirkli pulların yuyulması əməliyyatında Leyla və Heydər Əliyevə məxsus olduğu bildirilən şirkətin adı çəkilir
Maltalı bloqçu və araşdırmaçı jurnalist Karuana Qalizia yüksək vəzifə tutan bir neçə Malta siyasi fiqurunu Azərbaycanın birinci ailəsinə bağlanan çirkli pulların yuyulması əməliyyatında
günahlandırıb.
Malta baş nazirinin həyat yoldaşı Mişel Muskat, nazir Konrad Mizzi və baş nazirliyin aparat rəhbəri Keyt Skembrinin adı bu əməliyyatda hallanır.
Qalizianın yazdığına görə, ötən il Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın sahibi olduğu şirkətdən Keyt Skembrinin və Konrad Mizzinin Panamada qeydiyyatdan keçən “Tillgate Inc” and “Hearnville Inc” şirkətlərinə kredit ödənişləri şəklində böyük məbləğdə pul köçürülüb.
Pullar Maltanın Baş nazirinin həyat yoldaşı Mişel Muskatın da payçısı olduğu üçüncü bir şirkətə – “Egrant Inc”-ə köçürülüb.
Panama sənədlərində bu şirkətlərin adları çəkilib.
“Malta ictimaiyyətinin qarşısında and içərək deyirəm ki, Maltada, ya da Malta hüdudlarından kənarda gizli bank hesabım yoxdur”,- deyə Baş nazir Cozef Muskat bu həftə keçirdiyi mətbuat konfransında deyib.
Bloqçu iddia edir ki, ödənişlər Dubayda qeydiyyatdan keçən və əsas payçısının Leyla Əliyeva olan “Al Sahra FZCO” şirkətindən “Pilatus” bankı vasitəsilə köçürülüb. Bank İran vətəndaşı Seyid Əli Haşemenijada məxsusdur. O, bu bankı 2013-cü ildə təsis edib.
2016-cı ildə Malta Maliyyə Xidmətləri İdarəsinin verdiyi hesabatda deyilir ki, “Pilatus” bankı vasitəsilə həyata keçirilən çirkli pulların yuyulması əməliyyatının qarşısını almaq mümkün olmayıb və bank siyasi fiqurlarla olan maliyyə sövdələşmələrində ciddi nöqsanlara yol verib.
Qalizianın yazdığına görə, “Pilatus” bankının depozitlərinin 60 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva və oğlu Heydər Əliyevə məxsusdur. Bank bu iddiaları qəbul etməyib.
Qalizia iddiaları sübut edəcək sənədləri təqdim etməyib.
Bu arada, ötən iki həftə ərzində “Tillgate Inc” və “Hearnville Inc” şirkətləri ləğv olunub, “Egrant Inc” şirkəti isə buraxılıb.
Maliyyə qalmaqalı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Maltaya rəsmi səfəri zamanı ortaya çıxıb.
Ötən illər ərzində Azərbaycanla Malta enerji sahəsində əməkdaşlığı inkişaf etdirib.
2014-cü ildə Maltanın Baş naziri Cozef Muskat öz nazirlik aparatının rəhbəri Keyt Skembri və o zaman enerji naziri olan Konard Mizzi ilə Bakıya səfər edib. Səfərin nəticəsi olaraq iki anlaşma memorandumu imzalanıb. Onlardan biri enerji sahəsində strateji əməkdaşlıq, digəri isə ARDNŞ ilə bağlanıb.
“Bu görüş ölkələrimizin dünyanın ən böyük enerji mərkəzlərindən biri ilə əməkdaşlıq etməsinə aparıb çıxaracaq”, – Muskat o zaman görüşdə deyib.
Hazırda Maltada “SOCAR Trading Shipping Limited”, “SOCAR Oil & Gas International Limited”, “SOCAR Oil & Gas International Holding Limited”, “SOCAR Investments And Finance Ltd”, “SOCAR Trading Shipping Limited” kimi Azərbaycana bağlı olan müxtəlif şirkətlər var.
Yazı Meydan Tv-nin ingilis versiyasında
dərc olunub.