Əliyevin özünəittihamı

Məmurların ali icra hakimiyyəti başçısına tabe olması nədən onun hakimiyyətinin 18-ci ilində ən yüksək səviyyədə xəbərə çevrilməlidir?

Seymur Həzi, Foto:: Meydan TV


Məmurların rəhbərə bağlılığı niyə xəbər olsun?

İlham Əliyev "Tvitter" hesabında maraqlı açıqlama ilə çıxış edib: “Vaxtilə nəzarətsiz olan xərclər indi keçmişdə qalıbdır. Məmurlar mənim təlimatlarıma əməl etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.

Diqqət edin, İlham Əliyev bu iki cümləyə kitablara sığmayan ziddiyyətləri sığışdıra bilib, amma ortada açıq qalan xeyli sual var.


Əliyevin “keçmiş”i nə zamandır?

İndi haqlı olaraq sual verilə bilər ki, İlham Əliyev “Nəzarətsiz xərcləmələr keçmişdə qaldı” deyəndə hansı keçmişi nəzərdə tutur? Əgər yenə də müasir tariximizin titul səhifəsinə qayıtmaq və AXC hakimiyyətinə nəsə demək istəyirsə, ona bizim də verəcəyimiz suallar var: AXC hakimiyyətdən gedəndə Milli Ləl-Cəvahirat Fondundakı tonlarla qızılı hara və necə xərclədiniz? Axı 30 ilə yaxındır ki, xalq onun bir qıramı barədə belə dürüst məlumat ala bilməyib.

Yox əgər İlham Əliyev bir az qabağa gəlmək və özünün də layiqli davamçısı olduğu Heydər Əliyev dövrünü tədqiq və təhlil etmək istəyirsə, yenə də birinci sualımızdan başlaya bilər. Bundan başqa, yaxşı olardı ki, İlham Əliyev Heydər Əliyev dönəmində özəlləşdirilmiş, daha doğrusu, məmur və oliqarxlara, qohum və qardaşa su qiymətinə verilmiş dövlət müəssisələrinin aqibətini gözdən keçirsin. Eyni zamanda, cəmiyyətə məlumat versin ki, burada hansı bədxərcliyə və nəzarətdən kənar addımlara yol verilib. Əgər İlham Əliyev özünün hakimiyyəti dövrünü tənqid edirsə, o zaman məsələyə yanaşma daha fərqli olmalıdır, çünki baş verməli olan, amma verməyən olaylara görə də o özü məsuliyyət daşıyır – təkcə siyasi deyil, həm də hüquqi məsuliyyət. Biz qısa zaman öncə İlham Əliyevin öz dilindən iri dövlət məmurlarından iyrəndiyinə dair açıqlamalar eşitmişdik. Düşünmək olar ki, Əliyev onlardan məhz dövlət mülkiyyətini taladıqlarına görə iyrənir. O, özü deyirdi ki, məmurlar ona müraciət edib, Şuşanı ələ keçirmək istəyiblər, amma buna imkan verməyib. İmkan verməyib, amma onlara toxunmayıb da. İndi həmin məmurların hamısı vəzifədədir. Hətta aralarından "Şərəf" ordeni alanlar da oldu. Bu yerdə biz İlham Əliyevin sözləri ilə sərəncamını birləşdirsək, ortaya belə bir mənzərə ya da ifadə çıxır: iyrənc şərəfli! Bax belə. Gerisinə şərh vermək çox çətindir…


Məmurlar şərikdirlər, ya icraçı?

İlham Əliyev deyir ki, məmurlar onun dediklərini “etməlidirlər”. Sonra isə “edirlər də” deyib davam edir. O zaman ortaya belə bir sual çıxır: Məmurların ali icra hakimiyyəti başçısına tabe olması nədən onun hakimiyyətinin 18-ci ilində ən yüksək səviyyədə xəbərə çevrilməlidir? Bu, nəyin müjdəsidir? İlham Əliyev “keçmişdə qaldı” sözünü elə bu kontekstdə işlədib ki, artıq ona qulaq asırlar. Sonra isə düşünüb ki, birinci fikri düz başa düşülməz. Ona görə də əlavə edib ki, “əməl edirlər də”.

Buradan ortaya çıxan mənzərə iki fərqli rəngdədir: Birincisi odur ki, məmurlar ya İlham Əliyevi eşitmirlər, ya da təzə eşitməyə başlayıblar. Bu zaman onlar dövlət hakimiyyətinin və milli sərvətlərin şərikləri qismində çıxış edirlər. Bu halda İlham Əliyevin talamadakı məsuliyyəti hərəkətlə paralel həm də hərəkətsizlikdir. Yəni özü edir, başqasının etməsinin də qarşısını almır. İkinci halda isə məmurlar İlham Əliyevin dediklərini edirlər və hər etdiklərinin məsuliyyəti də İlham Əliyevə aiddir. Bu halda isə o həm özünün, həm də məmurların bədxərcliyinə görə cavabdeh olur…

Ana səhifəXəbərlərƏliyevin özünəittihamı