Əliyevin Brüssel səfərindən gözləntilər: ““Strateji Tərəfdaşlıq Sazişi”ni imzalamayacaq”

Şarl Mişel və İlham Əliyev, Foto: https://president.az/

Anar Məmmədli: “15 dekabr zirvə görüşündən ciddi gözləntim yoxdur”

“Brüssel və Bakı arasında müzakirəsi aparılan “Strateji Tərəfdaşlıq Sazişi”nin bəndlərindən biri Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması məsələsi idi. Lakin rəsmi Bakı Avropa İttifaqına DTT-na üzv olmaq istəməməsinin qarşılığında alternativ “Ticarət Paketi” göndərib. Hazırda da Avropa İttifaqı bu sənədi oxuyub, araşdırmaqla məşğuldur. Çünki hələ Avropa Komissiyası bu paketə özünün yekun rəyini bildirməyib”.

Bu fikirləri  “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər “Facebook” səhifəsində yazıb.

O, dövlət başçısı İlham Əliyevin dekabrda Brüsselə baş tutacaq səfərini də indidən Azərbaycan üçün açılmış imkanın itirilməsi kimi xarakterizə edir.

O hesab edir ki, Əliyev Brüsselə getsə də, sənədi imzalamayacaq.

Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdi.

Məlumatda zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldığı vurğulansa da, saziş haqqında heç nə deyilmirdi. Eyni zamanda, Xarici İşlər Nazirliyi ötən həftə Prezident İlham Əliyevin Avropa Birliyinin dekabrın 15-də keçirəcəyi zirvə görüşünə qatılacağını təsdiqləsə də, “Strateji Tərəfdaşlıq Sazişi” barədə məlumat verməyib.

Rəsmi qurumlar Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olmaq istəməməsinin qarşılığında alternativ “Ticarət Paketi” haqda məlumat yaymayıblar.

Z.Əkbər Meydan TV-yə məlumatı Avropa Birliyi qurumlarından aldığını söyləyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında xarici işlər naziri Ceyhun Bayramovun Brüsselə səfəri zamanı sazişlə bağlı yaradılmış danışıqlar şurasının toplantısında açıqlaması Avropa İttifaqında Azərbaycanın bu sazişə olan marağı ilə bağlı böyük ümidlər yaratmışdı: “Hətta İlham Əliyev də yerli mətbuata bu prosesin sürətlənməsi və tez bir zamanda sazişin imzalanması ilə bağlı bir neçə dəfə fikir söyləmişdi. Bu ilin may ayında isə məlum oldu ki, rəsmi Bakı Avropa İttifaqı ilə bu sazişi tələm-tələsik bağlamaq niyyətindədir. Brüssel isə gec də olsa, daha mükəmməl sənədin ərsəyə gəlməsində maraqlı olduğunu rəsmi Bakının diqqətinə çatdırıb. Bu mesaj Avropa İttifaqı tərəfindən yayda Bakıya rəsmi səfərə gəlmiş prezident Şarl Mişel tərəfindən verilib.

Zaur Əkbər vurğulayıb ki, saziş 4 bənddən ibarətdir: “Birincisi siyasi hüquq və azadlıqlar. Rəsmi Bakı Avropa İttifaqının bununla bağlı tələbləriylə razılaşır. İkinci Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyüdür, amma Bakı bunun qarşılığında Brüsselə “Ticarət Paketi” təqdim edib, üzv olmaması üçün. Üçüncüsü, Azərbaycanın Aviasiya məsələlərində Avropa İttifaqı standartları, tarifləri əsasında bölüşməsidir. Bu, baş tutarsa, Azərbaycana ucuz tariflərlə hava şirkətləri gələcək, məsələn, “Ryanair” şirkəti, nəticədə 40, 80 avroya Avropanın istənilən paytaxtına getmək imkanı yaranacaq. Dördüncüsü, azad rəqabətdir, Şərq Tərəfdaşlığı ölkələrinin məhsulları, malları gömrük rüsumlarından azad olur və Azərbaycanda azad iqtisadi zonalar yaradılır”.

Zaur Əkbər
Zaur Əkbər, Foto: Meydan.TV

“Məsələ ondadır ki, Bakı Brüsselin siyasi hüquq və azadlıqlar tələbiylə razılaşsa da, digərlərini yaxın buraxmır, yəni digər 3 bənd açıq qalır. Saziş imzalanandan sonra Avropa Parlamenti sənədi ratifikasiya edəcək, bundan sonra sazil hüquqi qüvvəyə minəcək. Sadaladıqlarımdan belə mənzərə yaranır ki, Əliyevin Brüssel səfərindən Azərbaycan üçün açılan imkanlar itirilib. Çünki 15 dekabr səfərində heç bir sənəd imzalanmayacaq. İlham Əliyev sadəcə zirvə görüşünə qatılmalqa Avropa İttifaqıyla münasibətlərin davam etməsində maraqlı olduğunu gizlətmir və Nikol Paşinyanla görüşü Brüssel təşkil edib”, – deyə o bildirib.

Z.Əkbər Ermənistanın 2018-ci ildə Serj Sarkisyanın hakimiyyəti zamanı hərtərfli gücləndirilmiş saziş imzaladığı qeyd edib: “Bu məsələdə onlar bizdən öndədir. Yerevanın imzaladığı saziş təxminən Bakının imzalayacağı sazişin bəndlərinə uyğundur. Sadəcə, Ermənistan Avrasiya İttifaqının üzvü olduğundan gömrük tarifləriylə bağlı müəyyən fərqlər var. Artıq bu ilin yanvarında “Ryanair” şirkəti Ermənistanın hava məkanına daxil oldu”.

“Həmin sənədin bəndlərinin yerinə yetirilməsi üçün Ermənistana 2.5 milyard avro qrant ayrıldı. Həmin vaxt İlham Əliyev narazılıq da etdi ki, Avropa İttifaqı Ermənistana bu qədər maliyyə ayırıb. Əslində, həmin maliyyə Ermənistana sənədi imzaladığı üçün ayrılıb”, – deyə o qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri  (SMDT) Anar Məmmədli “Ticarət paketi” haqda məlumatsız olduğunu bildirib.

O düşünür ki, Azərbaycanla Avropa Birliyi arasında çoxtərəfli əməkdaşlıq sazişinin imzalanması yönündə müzakirə 4 ilə yaxındır aktualdır: “Amma indiyə qədər sənədin yekunlaşıb imzalanması ilə bağlı müsbət nəticə yoxdur. Ən azından ictimaiyyət bu barədə məlumatsızdır”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Anar Məmmədli dekabrın 15-də sazişin imzalanacağına nikbin yanaşmır:

“Çünki sənədin həqiqətən hazır olmasına dair ən azından xəbərlər və ya rəsmi məlumat yoxdur. Saziş hazırlansaydı və tərəflər razılaşsaydı, çox güman ki, Bakı və Brüssel məlumat yayardı. Bəlkə, sənəd üzərində son yekunlaşma işləri gedir, amma hələ tam hazır deyil. Ola bilsin, elə bir mərhələdir ki, çox az qalıb, açıqlayacaqlar. Bütün hallarda mənim 15 dekabr zirvə görüşündən ciddi gözləntim yoxdur. Əlbəttə, çox istərdim ki, tərəflər arasında əməkdaşlıq sazişi imzalansın. Bu, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın yeni, məhsuldar başlanğıcı ola bilər. Amma ortada ciddi və dəqiq məlumatlar olmadığından hələ də dekabrın 15-nə qədər sənədin hazır olacağına ümidsizəm”.

Anar Məmmədlinin sözlərinə görə, sazişin hazırlanması və imzalanması çox gecikib, məsələ illər öncə həll olunmalıydı:

“Bir çox ölkə sənədi 2014-cü ildə imzaladı, sonuncu ölkə kimi Ermənistan 2 il əvvəl imzalayıb. Artıq Azərbaycan və Belarus qalmışdı, amma ikinci “Şərq Tərəfdaşlığı Proqramı”ndan çıxdığını bəyan etdi. Beləliklə, 5 ölkədən yalnız Azərbaycan sənədin imzalanmasını yubadır. Yubanmanın müxtəlif səbəbləri olsa da, ən ciddi səbəbi Azərbaycanın Avropa  Birliyi qarşısında öhdəliklər götürmək istəməməsidir. Xüsusilə siyasi öhdəliklər, qanunun aliliyi, yaxşı idarəçiliyin təkmilləşməsi yönündə islahatların aparılmasıdır. O cümlədən, gömrük, idxal, ixrac məsələlərində ortaq məxrəcə gəlinməyib. Əgər rəsmi Bakıda siyasi iradə olsaydı, sənəd bir neçə il öncə imzalanardı. Hələlik siyasi iradə müşahidə etmədiyimdən dekabrda da imzalanacağına əmin deyiləm”.

Xatırlatma

Azərbaycan Avropa Birliyi (AB) ilə “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində əməkdaşlıq edir.
Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.
Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.
2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.
Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.
Ana səhifəSiyasətƏliyevin Brüssel səfərindən gözləntilər: ““Strateji Tərəfdaşlıq Sazişi”ni imzalamayacaq”