“Bu gün cəmiyyətdəki gözləntilər daha çox İlham Əliyevin əyləşdiyi prezident sarayındandır”
2013-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrının rəsmi açılış mərasimində Prezident İlham Əliyevi hazırda Baş nazir olan Əli Əsədov müşayiət edir. Mənbə: prezident.az
Prezident İlham Əliyev 23 oktyabrda iqtisadiyyat naziri təyin etdiyi Mikayıl Cabbarov ilə görüşüb. Mənbə: prezident.az
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin, o cümlədən, Prezident Administrasiyasının rəhbərini təəccüblü şəkildə istefaya göndərməsi real siyasi islahatlar aparılacağına dair fərziyyələrə səbəb olub.
Bəzi analitiklər hesab edirlər ki, prezidentin bu addımı onun ölkə iqtisadiyyatının vəziyyətindən narazılığının, həmçinin müxalifətin ictimai aksiyalarda prezidentin siyasətinə qarşı reaksiyasının göstəricisidir.
Oktyabrın 23-də administrasiyanın veteran rəhbəri və Heydər Əliyev rejimindən bəri vəzifədə olan Ramiz Mehdiyevin gözlənilməz istefası ölkəni çalxalayıb. Aprel ayında 81 yaşına çatan Mehdiyev görünür ki, təqaüdə çıxmağa məcbur edilib. Elə həmin həftə Əliyev 70 yaşına çatan məmurların istefaya gedəcəyinə ümid etdiyini söyləyib. Prezident bu cür istefaların "gənc nəslə yol açmaq üçün zəruri olduğunu" qeyd edib.
“Artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun” deyə, İlham Əliyev “Dövlət idarəçiliyi və elmin inkişafında səmərəli və uzunmüddətli xüsusi xidmətləri”nə görə Ramiz Mehdiyevə ” Heydər Əliyev” ordeni təqdim etmədən öncə öz çıxışında bildirib.
Əliyev 2003-cü ildə prezident olduqdan bəri atasının təyin etdiyi məmuların bir çoxunu vəzifədə saxlayıb. Əliyev o vaxtdan bəri üç dəfə Prezident seçilib. Lakin bəzi tənqidçilər deyirlər ki, 1995-ci ildə prezidentin atası Heydər Əliyev tərəfindən hökumətdəki mühafizəkar qüvvələrin rəhbəri kimi təyin olunan Mehdiyev İlham Əliyevin istədiyi islahatlara mane olub və bu addımı onun qovulmasına səbəb olub.
Mehdiyevin vəzifədən kənarlaşdırılması mümkün ki, sadəcə Əliyevlər ailəsi ilə uzunmüddətli əlaqəsinə görə deyil, hakimiyyətdəki güclü statusuna görə də dramatik addım olub. Rusiyapərəst və qərb əleyhinə fikirləri ilə məşhur olan və avtoritar şəxs olaraq bilinən Mehdiyev ölkənin parlament seçkilərində iştirak edən millət vəkillərini seçirdi və icra başçılarının təyin olunmasında cavabdeh idi. O, eyni zamanda ölkənin bütün hüquq-mühafizə orqanlarına nəzarət edirdi və bəzi hüquq müdafiəçilərinin həbsində iştirak edən əsas fiqur olub. O, Anar Məmmədov, İntiqam Əliyev və Rəsul Cəfərov kimi “bəzi fəalları” satqın adlandırıb.
Gücün Mehdiyevin əlində cəmləşməsi prezidentin həyat yoldaşı, vitse-prezident və pərdə arxasında Mehdiyev komandası ilə mübarizə aparan ailə klanına rəhbərlik edən Mehriban Əliyevanı narahat etdiyi deyilir. Mehdiyev və həmkarlarının təyinatı Sovet dövrünə təsadüf edir. Onlar əsasən Naxçıvan və Ermənistan əsillidirlər. Mehdiyevin nüfuzu illərlə, xüsusən 2013-cü ildə prezident seçkiləri öncəsində baş verən bəzi hadisələrə görə zədələnib. O zaman Mehdiyev keçmiş rektorun yaydığı və Əliyev idarəçiliyində korrupsiya olduğunu təsdiq edən videoda əsas hədəf idi. (Gülər Əhmədovanın video qalmaqalına baxın.) Analitiklərə görə, Mehriban Əliyevanın həyat yoldaşının idarəçiliyində əsas oyunçu kimi meydana çıxmasından və 2016-cı ildə prezident tərəfindən təsdiqlənən konstitusional dəyişikliklərdən sonra vitse-prezident təyin olunmasından sonra iki fraksiya arasındakı ixtilaf daha da dərinləşib.
2016-cı ildə konstitusiyaya edilən dəyişikliklər eyni zamanda Prezident Administrasiyasının rəhbərinin reytinqinin aşağı düşməsi və həm də rəhbər vəzifəsinin əvəz edilməsi demək idi. O vaxtdan bəri Əliyevlərə sadiq olan gənclər Mehdiyev komandasındakı şəxslərin yerinə önəmli vəzifələrə təyin edilib.
Təxminən 15 ildir nazirliyə rəhbərlik edən keçmiş nəqliyyat naziri Ziya Məmmədov 2016-cı il dəyişikliklərindən sonra mübarizənin ilk hədəfinə çevrildi və 2017-ci ildə vəzifəsindən azad edildi.
Ancaq əsas dram əslində milli valyutanın devalvasiyaya uğradığı 2015-ci ildə başladı. Sabitlikdən və iqtisadi inkişafdan danışılan neftlə zəngin ölkə birdən-birə maliyyə sistemini silkələyən neft qiymətlərində kəskin azalma ilə üzləşdi. Bir çox azərbaycanlı çıxış yolunu pullarını beynəlxalq valyutalara çevirməkdə tapdı. Maaşların aşağı düşməsi, pensiyaların azalması və manatda əmanətlərin azalması ictimai etirazlarla müşayiət olundu.
Manatın məzənnəsindəki dəyişikliklər və ictimai narazılığın artması ölkənin nüfuzuna xələl gətirirdi. Bu dövrdə Mehdiyevin komandasında olan iki məmur Milli Təhlükəsizlik İdarəsinin rəisi Eldar Mahmudov və Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyev vəzifələrindən uzaqlaşdırıldı.
Abutalıbov və Həsənov vətəndaşyönümlü mövqeyinə görə deyil, Heydər Əliyevi hakimiyyətə gətirməyə kömək edən, sovet hökumətinə sadiq siyasətçilər kimi tanınırdı.
Abutalıbov təxminən 20 ilə yaxındır Bakının icra hakimiyyətinin rəhbərliyində idi, lakin bəzi çaşqınlıq yaradan davranışlarına görə mübahisələrə səbəb olmuşdu. Yerli mətbuat onun ruhi xəstəlikdən əziyyət çəkdiyini və xəstəxanaya yerləşdirildiyini iddia edir.
20 ildir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsində çalışan Həsənovun qaçqınlarla bağlı təhqiramiz ifadələr işlətdiyi deyilir. Ailəsi, xüsusən də nəvələri törətdikləri avtomobil qəzalarına görə cəmiyyətdə mənfi rəy yaradıb. Mehdiyevi mühafizə edən fraksiyanın üzvü hesab olunan hər iki siyasətçinin Əliyevin islahat etmək cəhdlərinə mane olduğu bildirilir.
Əliyev tərəfindən təyin edilmiş əvəzedicilər arasında Baş nazir Əli Əsədov da var. Əsədov Novruz Məmmədovun yerinə təyin edilib və sonuncu da təəccüblü şəkildə istefa verib. Vəzifəsini icra edən Məmmədov 21 il Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri və Prezident Aparatı rəhbərinin müavini kimi xidmət etdikdən sonra 2018-ci ilin aprel ayında Baş nazir təyin edilmişdi. Onun işdən çıxarılmasının səbəbi hələlik bəlli deyil.
Bu addımlar Əliyev hökumətinin iqtisadi siyasətini sərt şəkildə tənqid edərək vəziyyəti “dözülməz” adlandırdıqdan sonra baş verib.
“Bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir” deyə, o bildirib. Əliyev oktyabrın 15-də keçirilən iqtisadi məsləhətləşmə iclasında Birinci vitse-prezident Əliyevanın da daxil olduğu hökumət üzvlərinə müraciət edərkən bəzi yüksək vəzifəli şəxsləri günahlandırıb. İqtidarda olan şəxslərin islahatları əngəllədiyini, islahatlar onların şəxsi mənafelərinə təsir etdiyindən hökumətdəki yeni düşüncələrə qarşı olduqlarını söyləyib.
“Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”,- Prezident söyləyib. Bu sözlərdən bir həftə sonra İqtisadiyyat naziri Şahin Mustafayev istefa verib və yerinə təhsil və vergilər naziri olmuş Mikayıl Cabbarov təyin olunub. 22 oktyabrda Cabbarov Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin özündə birləşdirən İqtisadiyyat Nazirliyinin rəhbəri olub. Mustafayev isə Baş nazirin müavini təyin edilib.
Oktyabrın 23-də Cabbarovun andiçmə mərasimində danışan Əliyev, kabinet dəyişikliyinin hökumətin yeni iqtisadi modeli ilə əlaqəli olduğunu söyləyib: “Kadr islahatları zəruridir, qaçılmazdır”.
“Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik,” deyən Əliyev əlavə edib ki, ölkənin inkişafı üçün səriştəli, yeni və bilikli kadrlar lazımdır.
Müşahidəçilər köhnə kadrların, xüsusən də Mehdiyevin işdən çıxarılmasının prezident üçün çətin bir qərar olduğunu düşünürlər.
Meydan TV-nin sosial media meneceri Həbib Abdullayev Mehdiyevi administrasiyanın “boz cardinal”ı adlandıraraq bildirib:
“Mehdiyevin vəzifəsindən kənarlaşdırılması asan olmayıb, belə ki, prezident ancaq onu Heydər Əliyev mükafatı ilə təltif etdikdən sonra yola sala bilib”.
Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri təyin edilib.
Siyasi şərhçi Şahin Rzayev Mehdiyevi “əbədi, ağlasığmaz, armadil, dinozavr, Misir piramidası” olaraq xarakterizə edib.
Bakıda bir çoxu Prezident Əliyevin mərhum atası ilə əlaqələndirilən Mehdiyevin iştirakı olmadan ölkəni effektiv idarə edə biləcəyinə şübhə edir.
Rzayev kadr inkişafının Əliyevlər ailəsinin maraqlarına xidmət etdiyini düşünür: “Azalan neft gəlirlərinin yenidən bölüşdürülməsi klanlar arasında mübarizəni gücləndirir və neft gəlirləri azalmağa davam etdikcə, bu mübarizə artacaq”.
Qafqaz üzrə tanınmış təhlilçi Tomas de Vaal “bu mübarizənin xalis qalibinin ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun ailəsi Paşayevlər olduğunu” qeyd edib.
“Əliyeva indi hökumətdəki iqtisadi məsələlərə dair iclaslara rəhbərlik edir” deyən de Vaal əlavə edib ki, vaxtilə ölkəyə hakim olan Mehdiyev başda olmaqla bütün qüdrətli Naxçıvan klanının dağılması "onların bakılı biznes və siyasi elitaya imkan verdiyinə” görədir.
De Vaala görə, ölkədə baş verən dəyişikliklər, xüsusən nəsil idarəetməsinin əsası “avtoritar modernləşmə”dir və sadəcə “eyni sərtlikdə olan avtoritar çərçivədə dövlət xidmətlərinin daha səmərəli olmasına” xidmət edir.
Siyasi politoloq Hikmət Hacızadə Azadlıq Radiosunun Azərbaycan Xidmətinə bildirib ki, kabinetin yenidən qurulması, xüsusən Mehdiyevin vəzifədən kənarlaşdırılması Əliyevin hakimiyyətin idarəetmə tərzini dəyişdirmək cəhdinin bir hissəsidir.
Hacızadə Azərbaycandakı idarəetmə yanaşmasının dəyişəcəyinə inanır, ancaq rejimin mahiyyətinin eyni qalacağını düşünür.
“Hər hansı islahatlardan, demokratikləşmədən söz gedə bilməz”, – deyən Hacızadə, idarədəki güclü şəxslərin mövqelərini davam etdirdiklərini söyləyib.
“Onlar hələ də neft, tikinti, polis və digər sahələrdə rəhbər vəzifələrdə təmsil olunurlar. Dediyim kimi, bu sadəcə idarəçilərin dəyişməsidir” – deyə, o əlavə edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, Əliyevin öz hökumətini tənqid etməsi komandadakı vəziyyətin həqiqətən acınacaqlı olduğunu göstərir.
O bildirib ki, hökumətin vahid komanda yanaşması yoxdur, əksinə nazirlər və oliqarxlar bir-biri ilə mübarizə aparır və fikirlərini mediada açıq şəkildə ifadə edirlər.
Kərimli Əliyevin son kadr islahatlarına pessimist yanaşır və bu addımın “heç nəyi dəyişməyəcəyini və vahid komanda yaratmayacağını” söyləyir.
“Növbəti dəfə məmurlar qurban verildi, lakin hakimiyyət fəlsəfəsi və Əliyev hakimiyyətinin qaydaları dəyişmədi”,- Kərimli əlavə edib.
O, həmçinin hökumətin cəmiyyətdəki mənfi imicindən xəbərdar olduğunu söyləyib.
"Gərginliyi azaltmaq üçün islahatlara dair təsəvvür yaratmağa çalışırlar. İdarədəki kadr dəyişikliyi ilə islahatların nəhayət, başladığı fikri yaratmağa çalışırlar" – Kərimli bildirib.
Lakin o əlavə edib ki, “ Onlar səhv edirlər. Seçki prosesində islahat etməyən bir hökuməti necə islahatçı bir hökumət adlandırmaq olar? Siyasi məhbuslar varsa, islahatlar barədə necə danışmaq olar? Aksiyalarımızda qaldırılan hər cür tələblərə reaksiya verməyən, əksinə susdurmağı üstün tutan bir islahatçı hökumət necə ola bilər? "
Azərbaycan hökumətinin nümayəndələri ölkənin son zamanlar geniş islahatlar apardığını və son kadr dəyişikliklərinin islahatlarla əlaqəli olduğunu bildirirlər.
Lakin tənqidçilər real dəyişikliyin baş verdiyinə şübhə edirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli Azadlıq Radiosuna deyib ki, “sistemin mahiyyəti dəyişmədən, hər hansı kadr islahatı, bir adamın başqası ilə əvəz olunması heç nəyi dəyişə bilməz”.
Məmmədlinin sözlərinə görə, indi müəyyən vəzifələrə təyin olunan gənclər sistemi dəyişdirə bilmirlər. Onun fikrincə, Azərbaycanda islahatlar aparmaq üçün münasibətlər dəyişməlidir.
“Azərbaycanda sərbəst toplaşmaq azadlığı, demokratik seçki mühiti təmin olunmalıdır. Siyasi məhbus problemi həllini tapmalıdır”- deyə, o bildirib.
Məmmədli bildirib ki, seçkilərin nəticəsi seçicilər tərəfindən deyil, komissiyalar tərəfindən müəyyən olunduqca, demokratik dəyişikliklər baş verə bilməz. O, həmçinin hökumətin islahatlardan bəhs etməsini “günbəgün güclənməkdə olan etiraz təmayüllərinin qarşısını almaq və əhalini sakitləşdirməyə yönəldilmiş addımlar” hesab edir.
Oktyabrın 19-dan 20-dək davam edən son etiraz mitinqi beynəlxalq ictimaiyyətin və insan hüquqlarını müdafiə edən təşkilatların da diqqətini çəlb edən bir polis basqısı ilə üzləşib.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, müxalif Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbər hakimiyyətdə konsolidasiya prosesinin getdiyini və bunun “hakimiyyətin təmərküzləşməsi prosesi.., onun ailə hakimiyyətinə çevrilməsi istiqamətində [atılmış] addımlar” olduğunu söyləyir.
“Növbəti mərhələdə bu layihəyə mane ola biləcək şəxslər oyundan kənar vəziyyətə gətirilir. O cümlədən də, Ramiz Mehdiyev olsun, digərləri olsun… Onlar kənarlaşdırılır, zəiflədilir,” deyən Qəmbər əlavə edir ki, rəhbərlikdə baş verənlərin “islahatla, ölkədə müsbət istiqamətdə arzuladığımız dəyişikliklə heç bir əlaqəsi yoxdur”.
Azadlıq Radiosunun məlumatına görə, 2001-ci ildən bəri Azərbaycan Milli Məclisinin üzvü olan Zahid Oruc qeyd edib: “Bu, dinc keçid prosesləridir, qansız-qadasız, iqtisadi, siyasi elitaları toqquşdurmadan, vətəndaş-dövlət münasibətlərində hər hansı gərginlik yaratmadan baş verməkdədir”. Onun fikrincə, siyasi azadlıqların yaradılması vacibdir, lakin bunun üçün fikir birliyi lazımdır:
“Bu gün cəmiyyətdəki gözləntilər daha çox İlham Əliyevin əyləşdiyi prezident sarayındandır… Proqnozlar verilirdi ki, hakimiyyətdəki bəzi qüvvələrə görə dövlət başçısı müxtəlif prosesləri gecikdirir,” deyən Zahid Oruc əlavə edib ki, Əliyev “addım-addım islahat aparır”.
Hökumətə sadiqliyi ilə tanınan Zahid Orucun da müsbət bir proqnozu var: “Yaxın aylarda aparılacaq dəyişikliklər fonunda Azərbaycanın 2020-25-ci il üçün tamam yeni ölkəyə çevriləcəyini görəcəyik”.