Əliyev yeni bələdiyyələr haqqında qanunu təsdiqləyib

Qanun, Konstitusiya və məhkəmə. Foto: AlexLMX/shutterstock

Qanuna görə, bəzi bələdiyyələr birləşdiriləcək

Prezident İlham Əliyev “Azərbaycanda yeni bələdiyyələrin yaradılması haqqında” Qanunu təsdiqləyib.

Bundan əvvəl, Azərbaycanda bir sıra bələdiyyələr birləşdirilib.

Ölkədə ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib və ən çox bələdiyyə üzvü Yeni Azərbaycan Partiyasından olub.

Həmin il ölkədə 2700 bələdiyyə yaradılsa da, sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirilib.

Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib.

Seçkilər nəticəsində Azərbaycanda 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib.

2024-cü il yanvarın 18-də Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında hakim Yeni Azərbaycan Partiyasının üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini bildirib.

O həmçinin bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləyib.

2024-cü il fevralın 1-də isə Siyavuş Novruzov müsahibəsində bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsinin vacibliyini və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının deyib.

Fevralın sonunda Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsi daxil olub.

2024-cü il oktyabrın 18-də Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.

Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.

Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il noyabrın 6-da Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının dəyişdirildiyini bildirib.

Deyib ki, bələdiyyə seçkiləri 2024-cü ilin dekabrında deyil, 2025-ci il yanvarın 25-dən sonra gözlənilir.

Onun sözlərinə görə, həmin vaxta qədər hazırkı çağırış bələdiyyə şuralarının səlahiyyət müddəti başa çatacaq.

Əlavə edib ki, bələdiyyə seçkilərinin dəqiq tarixi noyabrın axırında açıqlanacaq.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildə bir keçirilir. İndiyədək həmişə bu seçkilər dekabrda olub.

Bəzi ekspertlər Bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.

Ana səhifəSiyasətƏliyev yeni bələdiyyələr haqqında qanunu təsdiqləyib