Freedom House: İlham Əliyev bərbad insan haqlarına görə ən çox məsuliyyət daşıyır
Freedom House təşkilatının prezidenti vəzifəsini icra edən Daniel Kalinqaert Azərbaycan prezidenti İlham Əliyevin təşlkilatın ünvanına yönəltdiyi tənqidə cavab verib.
Əliyevin artan avtoritarizmi və hökumətin mülki azadlıqlara basqıları haqda Freedom House-u ermənipərəstlikdə ittiham etməsinə cavab olaraq bəyanat verən Kalinqaert Azərbaycan prezidentini ölkəsinin insan haqları üzrə bərbad göstəricilərinə görə “ən çox məsuliyyət daşıyan adam” adlandırıb.
“İlham Əliyev ötən onillikdə sivil cəmiyyət fəallarının heç bir əsassız həbs edilməsində və siyasi fikir ayrılıqlarının boğulmasında ən çox məsuliyyət daşıyan adamdır. Əliyev saxta seçkilər sayəsində hakimiyyətdə qalmış və bu dövrdə onun ailə üzvləri varlanmışlar” deyə Kalinqaert bildirib.
Daha sonra Kalinqaert əlavə edib ki, Freedom House Azərbaycan hökumətinin hüquq pozuntularına diqqət yetirməkdə davam edəcək.
Çərşənbə axşamı Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə prezident Əliyev Freedom House təşkilatını “ermənipərəstlikdə” ittiham edərək, təşkilatın sabiq prezidenti David Krameri xüsusi olaraq tənqid edib. “Freedom House-un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın Avropa Parlamentinin qətnaməsində qeyd olunması məndə təəccüb doğurur” deyə o bildirib.
Azərbaycanın dövlət rəsmiləri tez-tez beynəlxalq insan haqları təşkilatlarını ermənipərəstlikdə ittiham edir və insan haqları pozuntularına dair tənqidləri rədd edirlər.
Tərcümə: Amerikanın səsi