Seymur Həzi

Mənbə: Foto: Meydan tv

Başlıq: Seymur Həzi

Əliyev sarayında “ötürmə”

Məqalə yeniləndi:  26 Noyabr 2019

Vaşinqton və Kreml nəyin davasını döyür?

Maraqlı, həm də çox maraqlı gündəm yaşamaqdayıq. Azərbaycanda hakimiyyətin ikinci şəxsə- vitse prezident Mehriban Əliyevaya transformasiyası çoxdan başlayıb. İndi ikinci - xarici tanıtma mərhələsinə qədəm qoymaqdadır. Burada diqqətimizi çox mühüm məqamlar çəkməkdədir. Azərbaycan hakimiyyət strukturlarında islahatlara maneə kimi adı hallanan bir sıra fiqurlar vəzifəsini itirsə də, bu, sanki “ölümündən sonra” effekti verməkdədir. Tutaq ki, Ramiz Mehdiyev yoxdur. Amma İlham Əliyevin Ramiz Mehdiyevə uzun zamandır ehtiyacı da yoxdur. O, artıq öz köməkçilərini dövriyyəyə salmaqla Mehdiyevi çoxdan neytrallaşdırmışdı. İndi qocanı istefaya göndərməklə demək istəyir ki, düyünlü kötükləri kəsirik. Özü də bunu elə məqamda edir ki, hakimiyyətin ötürülməsi fonunda yeni komandanın təqdimatını da etmiş olsun. Bunu ona görə xatırladıq ki, Mehdiyev Kremlin yaxın adamı kimi tanınırdı və onun mühüm postu Moskva ilə Bakının uzlaşmasında ciddi rol oynayırdı. Bunu bu cür düşünür, bu cür yazır və qəbul edirdilər. İndi isə Mehdiyev yoxdur, amma Moskva ilə yeni bir uzlaşma var. Daha doğrusu, Rusiyadan alınmış daha bir dostluq ordeni. Mehriban Əliyeva ilk rəsmi səfərini Rusiyaya etdi. Bəs Vaşinqton? Orada bu barədə nə düşünürdülər, nə düşünürlər və prosesin axarı hara gedəcək?

Vaşinqton birinci “otkaz” dövründə...

Bu ilin sentyabrında Azərbaycan dövlət başçısının da qatılacağı gözləninlən, amma qatılmadığı BMT Baş Assambleyasının 74-cü sessiyası ərəfəsində ABŞ rəhbərliyinin Azərbaycanda hakimiyyətin mümkün daxili transformasiyasına fikir bildirəcəyi güman edilirdi. Bu məqsədlə əvvəlcədən bir sıra ticarət və siyasət mərkəzlərində Mehriban və İlham Əliyevlər üçün görüşlərin təşkil olunduğuna dair məlumatlar vardı. Amma məlum oldu ki, son anda Azərbaycan hakimiyyətilə bu danışıqların mənasız olduğu qənaətinə gələn Vaşinqton tədbirləri təxirə salmağa qərar verib. Əliyev isə Nyu-Yorka deyil Rusiyaya Valday klubunun sammitinə getməyə üstünlük vermişdi. ABŞ-ın bu görüşlərdən hakimiyyətin söz verdiyi islahatlardan imtina etdiyi və davam etməkdə olan problemlərin həllində qəti iradəli ola bilmədiyi üçün imtina etdiyi deyilirdi. Burada ən mühüm məqamlardan biri bu idi ki, həmin ərəfədə Rusiya ilə Bakı arasında bir soyuqluq vardı və şimaldan gələn bu hava demək olar,

Bakıda bütün ağ evi “üşüdürdü”. İlham Əliyev Valday sammitinə qatılsa belə, Putinin həmin tədbirdə İlham Əliyevə qarşı aşkar saymazyana hərəkətləri diqqəti çəkirdi. Nəinki diqqəti çəkirdi, hətta ciddi disskussiyalara səbəb olmuşdu. Vaşinqton isə soyuqqanlı şəkildə Əliyevlərlə görüşü təxirə saldı. İslahatlar elan edən rəsmi Bakı isə bu istiqamətdə ən mühüm addım olaraq rayon icra başçılarının yerini dəyişdi. Bu yerdəyişmələr xalq arasında o qədər qeyri-ciddi qarşılandı ki, sosial şəbəkə fəallarından biri belə reaksiya vermişdi: “Əslində bu icra başçılarının yerini dəyişməyə ehtiyac yoxdur, hər rayona gedəndə büdcəni talayıb özlərinə yeni kabinet düzəldirlər, yaxşısı budur rayonların əhalisini dəyişsinlər, bu daha ucuz başa gələr”. Beləcə Əliyevin ironik yumoristik islahatları həqiqi islahatlar məcrasına girə bilmədi. Siyasətin yeganə indiqatoru “rəqiblə danışıq dili” polis dəyənəyi və işgəncə olaraq qaldı, Vaşinqton isə əvvəlki fikrində.

Rusiya hücuma keçdi, Bakı danışaraq susdu

Kreml bu arada dinc durmadı və Lavrov səviyyəsində “diplomatik zəlzələlər” yaratdı. “Qarabağ xalqı”, “Ermənistan başqa varianta razı olmaz” ifadələrini işlətməklə Bakıya təzyiq etdi, Rusiya Dövlət Dumasının sədr müavini isə mövqeni dəqiqləşdirdi: “Azərbaycana uzağı beş rayon qaytarıla bilər”. Rəsmi Bakı bu açıqlamalara nə cavab verdi, bilən olmadı. Amma biz prosesin sonunda Rusiyadan daha bir “dostluq” ordeni aldıq. Görünür ticarət dövriyyəsi və proqnozlaşdırılan investisya qoyuluşunda Rusiyanın könlünü “ala bildik”.

Vaşinqtonun islahatlar tələbinə cavab olaraq müxalif liderlər polis idarələrində ölümcül işgəncələrə məruz qaldılar. Bu addımın Kremlin, yoxsa Bakının cavabı olduğunu demək, sadəcə, mənim üçün çətindir. Ancaq bu cür revanşdan sonra Vaşinqton kiminlə necə əməkdaşlıq edəcək? Bu sual ciddi cavablar tələb edir və hələ deməyə əsas verir ki, proses birtərəfli gedir.

İqtidar niyə aqressivləşdi?

Hakimiyyət informasiya resurslarına nəzarəti itirməklə müxalifəti blokadada saxlamaq imkanlarından məhrum oldu. İndi yüz minlərə fikrini çatdıra bilən müxalifət var. Bu informasiya resursları həm də böyük kütlələrin təşkilatlanmasına rəvac verə bilər. İqtidarın mərkəzində düşünürlər ki, sözgedən transformasiyaya ən mühüm təhlükələrdən biri bu təşkilatlanma ola bilər. Ona görə də ciddi aqressiya göstərməkdən özlərini saxlaya bilmədilər. Bu isə yenidən Qərbin buradakı “islahatlar”ı dəyərləndirmək imkanlarını yenilədi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yu0bst

Ən çox baxılan