Laçın dəhlizi “dalan”a çevrilir
Brüssel görüşü zamanı İlham Əliyev və Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması barədə ilkin razılıqlarını ifadə etdilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan görüşlərdən sonra hər iki tərəf müxtəlif açıqlamalar verdi.
Anlaşılan odur ki, onlar Naxçıvanla Azərbaycan arasında magistral və dəmir yolunun açılması istiqamətində əsas məsələni həll ediblər. Amma ikinci mühüm məsələ həllini tapmayıb. Bu, Naxçıvandan Ermənistan vasitəsilə Azərbaycanın digər hissəsinə gələn yük və sərnişinlərin gömrük xidməti nəzarətindən keçib-keçməyəcəyi məsələsidir.
Paşinyan sözlərinə görə, bu məsələdə prinsipial şərt budur ki, Azərbaycanın Naxçıvan hissəsi ilə digər hissəsini birləşdirəcək quru kommunikasiyaya Ermənistan dövləti nəzarət etsin və burada dövlət xidməti həyata keçirilsin.
İlham Əliyev isə öz növbəsində bildirib ki, belə olan halda Ermənistandan Azərbaycanın ermənilər yaşayan Xankəndi (mərkəzli) bölgəsinə verilmiş Laçın dəhlizində də müvafiq gömrük xidməti və nəzarəti tətbiq olunsun. Paşinyan bu məsələyə münasibət bildirməkdən yayınıb.
İlham Əliyev isə bu məsələdən danışarkən deyib ki, ya hər iki keçiddə gömrük nəzarəti olmalıdır, ya da heç birində.
Paşinyan nə etmək istəyirdi?
Əvvəla, Paşinyan öz ərazisindən keçəcək yola Ermənistanın nəzarət etməsi məsələsində israr etməklə bir çox riskləri aradan qaldırmaq istəyir. Şübhəsizdir ki, Ermənistandan Azərbaycana uzanan magistral və dəmir yoluna Rusiyanın nəzarət etməsi burada davamlı “milli zəmində hücumlar”ın olması deməkdir.
Rusiya bu yola nəzarət etmək istəməklə əslində bu açılmış yolun işləməməsində, yaxud da tərəflərdən biri müstəqilləşmək istəyəndə ona zərbə vurmaq imkanının olmasında maraqlıdır. Kremldə yaxşı bilirlər ki, hazırda nəzarətlərində olan Azərbaycan ərazilərində belə provakasiyaları təşkil etmək onların işinə yaramır. Çünki Ermənistan faktiki o müstəvidə yoxdur. Buna görə də istənilən xoşagəlməz hadisə üç tərəf yaradır: Azərbaycan-Rusiya və Kremldən mədət uman Qarabağ erməniləri. Ona görə də Rusiya yollara da nəzarət etmək istəyir ki, lazım olanda prosesi eyni vaxtda idarə edə və tərəfləri üz-üzə qoya bilsin.
Paşinyan isə başa düşür ki, belə vəziyyət onun hakimiyyəti və dövləti üçün daimi asılılıqdır və getmək istədiyi istiqamətdə maneədir. Bəs Laçın dəhlizində gömrük olsa, Ermənistan nə itirəcək? Aydın olur ki, heç nə, əvəzində separatçı dəstəyə silah və əsgər tədarükü dayanacaq və bu da indi arzulanan dinc dövrə keçid üçün vacibdir. Çünki Ermənistanın yeni müharibələr və qarşıdurmalara nə texniki, nə də insani resursları var…
Laçın dəhlizi “dalan” olur…
Azərbaycan özü də keçmək üçün Rusiyadan icazə aldığı Laçın dəhlizinə gömrük nəzarəti tətbiq etmək istəsə, bunu edə biləcəkmi? Bu zaman Laçın şəhəri də daxil olmaqla bütün dəhliz boyu rusların xidmət aparmasına ehtiyac qalacaqmı? Nəhayət, Kreml belə bir addıma razı olacaqmı? Ermənistan yarım milyona yaxın əhalisi olan Naxçıvana, sadəcə, iki yol verməklə kifayətlənirsə, Azərbaycan niyə öz ərazisində yaşadığı vətəndaşa 5 km enində dəhliz verməlidir? Bu dəhlizin gömrük girişindəki sərhəd zolağında kim xidmət aparacaq? Bütün bu suallar açıq qalıb. Ona görə də kommunikasiya danışıqlarının əsas elementi olan “Laçın dəhlizi” faktiki olaraq diplomatik dalana çevrilməkdədir…