Aydın İbadovu Fərhad Adıgözəlov əvəzləyib
Aydın İbadov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə aprelin 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə Fərhad Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Aydın İbadov 2017-ci ildən Dövlət Reklam Agentliyinin direktoru, 2019-cu ildən isə İdarə Heyətinin sədri idi.
O, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
2021-ci ildən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin olunan Fərhad Adıgözəlov 1977-ci ildə Bakıda anadan olub.
O, Beynəlxalq Universitetin maliyyə və kredit, Dövlət İqtisad Universitetinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini bitirib.
F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb.
2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.
2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olan F.Adıgözəlov 2021-ci ildən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin sədriydi.