Əliyev Putinə zəng edib

Foto: Azərtac

Ölkə başçılarının regiondakı vəziyyəti müzakirə etdiyi deyilir

Azərbaycanın Prezidenti İlham Əliyev fevralın 14-də Rusiyanın Prezidenti Vladimir Putinə zəng edib.

Məlumatı “president.az” yayıb.

Tərəflərin iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini geniş müzakirə etdiyi bildirilir.

Eyni zamanda, Cənubi Qafqazda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb.

“Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb”, – deyə məlumatda bildirilir. 

Bu gün Prezident İlham Əliyev Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə də görüşüb.

Rəsmi məlumatda görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsinin aparıldığı bildirilib:

“İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə məlumat verdi”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətƏliyev Putinə zəng edib