Diplomat Blinkenin Azərbaycan Prezidentinə son zənginə də toxunub
Azərbaycan Prezidenti regional sülhü və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ABŞ Dövlət katibinin köməkçisilə görüşüb.
İyunun 28-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.
Məlumatı Azərbaycan Prezidentinin saytı yayıb.
Bildirilir ki, Ceyms O’Brayn ABŞ Dövlət katibi Entoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyevlə telefon danışığını və bu əsnada aparılan müzakirələrə toxunub.
O, ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu deyib.
Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd edib. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev Entoni Blinkenlə telefon danışığını məmnunluqla xatırladıb, bu telefon danışığı zamanı ölkələrarası əlaqələrin geniş spektrinin müzakirə olunduğunu deyib.
Azərbaycan və ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulanıb.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edilib.
Görüşdə COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulanıb.
“Turan”ın məlumatına görə, Ceyms O’Brayn səfəri ərəfəsində Vaşinqtonda Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsində çıxış edərək Əliyevlə söhbətinin mühüm prioritetlərini müəyyən edib.
Onun çıxışında mərkəzi yeri sülhün bərqərar olmasının vacibliyi tutub.
O’Brayn qeyd edib ki, sülhü bərqərar etmənin vaxtı gəlib. Bu, təkcə Azərbaycan üçün yox, həm də regional sabitlik və Azərbaycan vasitəsilə alternativ ixrac marşrutlarından asılı olan Mərkəzi Asiya ölkələri üçün mühüm rol oynayır.
O’Brayn ABŞ və Azərbaycan arasında diskussiyalarda daimi mövzu olan insan hüquqları ilə bağlı problemlərin həllinin vacibliyini vurğulayıb.
O bu məsələ ilə bağlı Dövlət katibi Blinkenin Prezident Əliyevlə qarşılıqlı fəaliyyətindən danışıb və bu söhbətləri davam etdirmək niyyətində olduğunu bildirib.