Əliyev növbədənkənar cəncəldə

Bataqlığa düşmüş bir damla su orada şəffaf qala biləcəkmi?

Seymur Həzi, Foto:: Meydan TV


Yaxud, 9 fevralın itki və qazancları barədə

Əliyevin daha bir anlaşılmaz siyasi “gediş”i tarixə qovuşdu. Növbədənkənar parlament seçkiləri arxada qaldı. 9 fevral öncəsi və sonrası siyasi baxımdan tamam fərqli mənzərə oldu. İlham Əliyev bütün tərkibinin səksən faizinin fiziki baxımdan köhnələrdən, yerdə qalan iyirmi fazinin isə mahiyyətcə köhnələrdən ibarət olduğu parlamenti niyə yenidən təşkil etdi? Bununla nə əldə etdi? Yaxud, bununla nələri əldən verdi? Onun hansı planları baş tutmadı? Parlamentin tərkibinə yeni düşmüş şəxslər köhnələrdən nə ilə fərqlənirlər? Yaxud fərqlənə biləcəklərmi?


“Get, təzədən gəl, desinlər qoçaqdır… ”

Bundan öncəki parlementin özünü niyə buraxdığına dair istənilən arqument məntiqli olduğu qədər də əsassız görünür. Ona görə ki, hətta İlham Əliyevin bu addımı atmaq üçün özü üçün formalaşdırdığı əsas da yeni (əslində köhnə) vəziyyət fonunda anlamını itirir. Əgər bu adamlar yenidən təyin olunacaqdılarsa, burada yenilik nədir? Yaxud da Arif Rəhimzadə tipli bir neçə adamla parlament fəaliyyəti o qədərmi çətinləşmişdi? Hakimiyyət bölgüsündə yeri neçəncisə vitse-prezidentdən sonra gələn Nazirlər Kabinetindən sonra qərarlaşan parlament nəyə və necə təhlükə idi? Üstəlik il ərzində üst-üstə 10 iclas keçirməyən parlamentin hansı fəaliyyəti var ki? Bütün bu suallar İlham Əliyevin “yenilik” tezislərini doğulmadan öldürür. Hakimiyyətin mərkəzindən idarə olunan bir parlament o mərkəzə necə təhlükə ola bilərdi. Axırıncı dəfə 2005-ci ildə arıçılıq haqqında qanun layihəsi ilə qanunvericilik təşəbbüsü hüququndan istifadə edən bir qanunyaradıcı orqan zatən elə 2005-ci ildən ölmüş və buraxılmış sayılmırmı? Bu baxımdan İlham Əliyev addımında başqa bir motiv olduğu şübhəsizdir. Bu motiv zəifləmiş və zəifləməkdə olan hakim siyasi gücün güclənən və güclənməkdə olan müxalif güclə bərabərləşməsini yaxud ondan da geri getməsini gözləmədən qarşıdurma təşkil etmək idi. Belə bir qarşıdurmada hələ tam güclənməmiş müxalifət hələ tam zəifləməmiş hakimiyyətlə qarşılaşaraq məğlub edilməliydi. Hökumət texnoloqları hər gün zəifləməkdə olan sosial dayaqlarının fonunda etirazçı kütlənin təmərküzləşdiyini görürlər. Buna görə də müxalifəti bu növbədənkənar prosesə çəkib, məğlub etmək planı qurdular. Müxalifətin bu tələni hiss etməsi hökumət üçün ikiqat zərərə səbəb oldu.


… nə “qazandı”?

Hökumət 9 fevral seçkiləriylə hansı dividentlərə ümid edirdi? Bu suala yuxarıda cavab verdik. Bəs nə itirdi? Birincisi, parlamentdə bəzi klanların bir-iki deputatı var idi və onları sıradan çıxarmaqla hakimiyyətdaxili narazılığın sürətini artırmış oldu. Bizə aydın olduğu kimi hakimiyyətin sütunu olan regional və ailə (qudalar) klanları da dəqiq bilirlər ki, idarəetmənin yeni transformasiyası onlar üçün sonun başlanğıcıdır. Maliyyə mərkəzinin bir əldə cəmləşməsi və böyük pullara vərdiş etmədən işləyən kadrların vəzifəyə çəkilməsi yeni komandanın əsas fəlsəfəsidir. Yəni artıq nazirlər oliqarx ola bilməyəcəklər. Onlar maaşlarından bir neçə dəfə çox paket alacaqlar, amma hansısa iri biznes layihələrini ağıllarından belə keçirməyə icazələri olmayacaq. Bu mərhələdə Kamaləddin Heydərov qəbildən olan məmurların son akkordlarını müşahidə edəcəyik. Əvəzində isə bütün sərvətlər bir əldə toplaşacaq. Bu isə narazı klanların yeni mövcudluq planları üzərində düşünməsinə əsas verəcək. İkinci, ən mühümü isə növbədənkənar seçki İlham Əliyevi beynəlxalq birliklə vaxtından tez üz-üzə gətirdi. Əgər İlham Əliyev özünün əsas rəqibini qıcıqlandırıb bu prosesə cəlb edə bilsəydi və seçkini saxtalaşdırıb, etiraz enerjisini buxarlandıra bilsəydi, o zaman beynəlxalq birlikdən gələn təzyiqlər onun üçün öldürücü olmazdı. Hesab 1-1 olardı. Yəni onun endirdiyi bir zərbə müqabilində bir zərbə də özü alacaqdı. Ancaq o birinci addımı reallaşdıra bilmədiyi üçün beynəlxalq birlikdən aldığı zərbə onu 0-1 geri saldı. Üstəlik, azsaylı müstəqil və müxalif namizədlərin iştirakı ilə keçirilən aksiyada nümayiş etdirilən polis zorakılığı beynəlxalq birliyin qəzəbini daha da artırdı və seçkilər haqqında ilkin rəylərdəki mənfi xarakteristikanın yekun rəylərdə daha da şiddətlənəcəyi şübhəsiz oldu. Bu isə İlham Əliyev üçün növbədənkənar cəncəl oldu. Yəni Əliyev öz-özünü məğlub və ifşa etdi. Onun bu mərhələdə “əldə etdiklərinin” siyahısına başqa xırda detallar da əlavə etmək olar, ancaq ümumi mənzərə üçün bu da yetərlidir.


Təzə “köhnələr” və “köhnə” köhnələr

Nigar Arpadarai və ya Erkin Qədirli. Onlar bu parlamentdə nə edəcəklər? Bataqlığa düşmüş bir damla su orada şəffaf qala biləcəkmi? Erkin Qədirli xanım Arpadarai ilə müqayisədə necə görünəcək? Yaxud da bütün fəaliyyəti boyu İqbal Ağazadə nümunəsini aşıb “İlham Əliyev”, “Malta işi”, “Kojeni qalmaqalı” “Kürü diplomatiyası” deyə biləcəkmi? Məhəllə “lyük”larından danışmaq hüququna gəlincə, orada elə hüquq bütün deputatlarda var, sadəcə heç kimin yadına düşmür.

Ana səhifəXəbərlərƏliyev növbədənkənar cəncəldə