Devid Kramer yenidən Ağ Evi Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırdı
Azərbaycan hakimiyyətinin “Azadlıq radiosu”nun Bakı ofisinə hücumu və bundan əvvəl insan hüquqlarının müntəzəm olaraq pozulması ABŞ-a birbaşa meydan oxumaqdır və Obama administrasiyası İlham Əliyev rejiminə belə hərəkətlərin nəticəsiz qalmayacağını nümayiş etdirməlidir. Bu barədə ABŞ Dövlət Katibinin keçmiş müavini Devid Kramerin yanvarın 14-də Amerikanın məşhur “Wall Street Journal” nəşrində dərc edilmiş məqaləsində deyilir.
Azadlıq Radiosunun Konqres tərəfindən maliyyələşdirilən redaksiyasına basqın jurnalistlərə, müxalifət xadimlərinə və fəallara qarşı “çirkin kampaniyanın” son nümunəsidir. Bu kampaniya getdikcə daha çox antiamerika xarakteri alır. Bundan əvvəl cəsur jurnalist və “Azadlıq Radiosu”nun müəlliflərindən biri Xədicə İsmayılova uydurma ittihamlarla həbs edilib.
Azərbaycanda Rusiya və Belarusdan iki dəfə çox siyasi məhbus var. Fəallar Leyla və Arif Yunusun həbsi də ən yolverilməz hallar arasındadır, onların həbsdə səhhəti xeyli pisləşib.
Avqustun 20-də Naxçıvanda jurnalist İlqar Nəsibov vəhşicəsinə döyülüb. Bir neçə aparıcı müxalifət fəalı, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublu əsassız ittihamlarla həbsdədir. Bu siyasi məhbusların heç biri hər il verilən əvf fərmanı çərçivəsində azadlığa çıxmayıb.
Bir neçə Amerika və beynəlxalq QHT-nin – İREX, NDİ, Transparancy İnternational və Oxfam-ın ofisi Azərbaycan hökumətinin böyük təzyiqi altında bağlanıb.
Ötən ay Ramiz Mehdiyev – prezident administrasiyasının rəhbəri bir neçə qəzəbli antiamerika bəyanatı səsləndirərək, Xədicə İsmayılovanı, “Azadlıq Radiosu”nu və s. dövlət əleyhinə fəaliyyətdə və Azərbaycan hökumətinə “ləkə yaxmaq” cəhdində ittiham edib.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks vətəndaş hüquqlarının bu pozuntularını “tamamilə qəbuledilməz” adlandırıb. BMT-nin insan hüquqları sahəsində bir neçə eksperti 2014-cü ilin avqust ayında birgə bəyanatla Azərbaycanda hüquq müdafiəçilərinin təqibini pisləyiblər.
“Azadlıq radiosu”nun ofisinə hücuma cavab olaraq Amerikanın ATƏT-dəki səfiri Deniel Ber bildirib ki, radioya hücum “zəif, korrupsioner hökumətin və liderin” göstəricisidir. ABŞ-ın Bakıdakı səfirliyi, həmçinin Dövlət Departamenti yumşaq bəyanatla çıxış edərək “narahatlığını” bildirib.
Əliyev Administrasiyasının nümayəndəsi Novruz Məmmədov Berin tənqidinə qəzəbli reaksiya verərək, ABŞ-ı zorakılıq və korrupsiyanın vətəni adlandırıb.
Niyə Əliyev rejimi düşünür ki, bu pozuntuları davam etdirə bilər? Çünki indiyədək poza-poza gəlib, deyə Kramer qeyd edir.
“Obama administrasiyası Prezident Əliyevə xəbərdarlıq kimi 2 vacib addımı atmalıdır. Birincisi, Bakıda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan hakimiyyətə ABŞ-a viza verilməsindən imtina edilməlidir, onların maliyyə aktivləri dondurulmalıdır. ABŞ 2012-ci ildə Maqnitski qanunu çərçivəsində Rusiya rəsmilərinə qarşı belə sanksiyalar tətbiq etmişdi.
İkincisi, ABŞ siyasi liderləri Əliyev rejiminin iyunda keçirəcəyi Avropa oyunlarını boykot etməyə çağırmalıdır.
ABŞ oyunlarda iştirak etmir, amma biz avropalı liderləri mərasimdə iştirak etməməyə çağıracağıq, Soçidə Olimpiya Oyunları zamanı olduğu kimi.
Bundan başqa, Oyunların korporativ sponsorları, o cümlədən BP, Procter & Gamble və MacDonalds Əliyev rejiminin bu layihəsini dəstəkləmək haqqında iki dəfə düşünməlidirlər.
Jurnalistlərin və vətəndaş cəmiyyətinin boğulması və ABŞ-a hücumlar fonunda indi Azərbaycanla əməkdaşlıq etməyin vaxtı deyil.
Rusiya və İran arasında yerləşən və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Azərbaycan energetika və təhlükəsizlik məsələlərində mühüm ölkədir. Amma Əliyev rejimi öz vətəndaşlarına qarşı belə pis davrandığı və ABŞ-a meydan oxuduğu müddətcə o, başa düşməlidir ki, bunun haqqını ödəməli olacaq”, deyə Kramer yazır.
* Cənab Kramer Vaşiqtonun Kolumbiya mahalında Makkeyn İnstitutunun insan hüquqları və demokratiya üzrə baş direktoru, həmçinin Freedom House QHT-nin keçmiş direktorudur.