Əliyev Ermənistanla sülhün Azərbaycanın təşəbbüsü olduğunu deyir

Foto: president.az

Azərbaycan Prezidenti Olsonla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşüb.

Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlarla bağlı fikir mübadiləsi apardığı bildirilir.

Bu barədə “president.az” məlumat yayıb.

İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasının məhz Azərbaycanın təşəbbüsü olduğunu deyib: “Prezident bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsipin təklif olunduğunu diqqətə çatdırıb”.

Məlumatda Erika Olsonun ABŞ-nin regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyi əks olunub:

“Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olundu”.

Aprelin 18-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşmüşdü.

Ermənistan KİV-nin məlumatına görə, tərəflər Stepanakert (Xankəndi) və Bakı arasında beynəlxalq dialoq mexanizminin formalaşdırılmasını, Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı və digər məsələləri müzakirə edib.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətƏliyev Ermənistanla sülhün Azərbaycanın təşəbbüsü olduğunu deyir