Əliyev ABŞ-ı Bakı-Tehran münasibətlərinə müdaxilədə qınadı

Foto: president.az

Birləşmiş Ştatlar qeyd etdi ki, əgər yol Ermənistandan keçməsə, buna imkan verməyəcəklər”

Azərbaycan Ermənistan ərazisindən Naxçıvana gedəcək yolda gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurlarının olmasını mümkünsüz sayır.

Bu barədə dekabrın 6-da İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda danışıb.

Onun sözlərinə görə, Ermənistanın hazırda iki variantı var:

Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Əliyev deyib ki,Paşinyanla Brüsseldə bu məsələni müzakirə ediblər:

Mən Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulasam da, Ermənistanın Baş naziri bunu istəmədiyini dedi. Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə İlham Əliyevlə bu müstəvidə danışıqlarının olduğunu hələ 2021-ci ilin dekabrında hökumətin iclasında təsdiqləyib.

Paşinyan deyib ki, Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə Yeraşx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılaşıblar:

Bu razılaşma noyabrın 26-da Soçidə keçirilən görüşdə və indi Brüsseldə qeydə alınıb”.

Amma Paşinyan onu da bildirmişdi ki, dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun, qarşılıqlılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək.

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü ilin oktyabrın 16-da Avropa Parlamentində çıxışı zamanı da bu məsələyə toxunmuşdu.

O, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazır olduğunu bildirmişdi:

Bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək. Bundan əlavə 1991-ci il sərhəd xəttindən qoşunların çıxarılmasına hazırıq, bu o deməkdir ki, Azərbaycanın Ermənistan ərazisinin heç bir hissəsində, Ermənistanın isə Azərbaycan ərazisində qoşunları olmayacaq”.

Həmin çıxışdan bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanın Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyinin olduğunu qeyd etmişdi:

Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir”.

Foto: XİN

Oktyabrın 26-da Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev “Politico” nəşrinə “Zəngəzur dəhlizi”nin Bakı üçün artıq cazibədarlığını itirdiyini demişdi.

Hacıyev Azərbaycanın Naxçıvana yolunun İran ərazisi ilə də açıla biləcəyini vurğulasa da, “Zəngəzur dəhlizi“ layihəsinin hələ masanın üstündə olduğunu da əlavə etmişdi:

Bizim gündəliyimiz ikitərəfli danışıqlar çərçivəsində nəqliyyat bağları və əlaqələrinin qurulması idi. Layihə hələ də masa üstündədir, lakin Ermənistan tərəfi bunda həqiqətən də maraqlı olduğunu göstərməlidir”.

Oktyabrın 6-da Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycandan İrana Araz çayı üzərindən avtomobil körpüsünün təməli qoyulub.

Layihə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayon və Naxçıvan arasında İran ərazisilə yeni kommunikasiya əlaqələrinin yaradılması haqqında Azərbaycan-İran hökumətlərarası memorandumuna uyğun olaraq həyata keçirilir.

Rəsmi məlumatda körpünün tikintisilə eyni vaxtda sərhəd-gömrük infrastrukturunun da yaradılacağı göstərilib.

Ana səhifəSiyasətƏliyev ABŞ-ı Bakı-Tehran münasibətlərinə müdaxilədə qınadı